Azərbaycanın qazandığı zəfərin fonunda Qərbin ikilistandartlı təsisatlarının respublikamız əleyhinə göstərdikləri fəaliyyətləri daha qabarıq şəkildə diqqət çəkməyə başlayıb. Erməni lobbisinin sözü ilə oturub-duran Fransa, Belçika kimi ölkələrin, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumların sistemli şəkildə ölkəmiz əleyhinə kampaniya aparmaları, qətnamə qəbul etmələri də bunun bariz göstəricisidir.
Onlar Azərbaycana münasibətdə ermənipərəst mövqedən çıxış edərək hər cür çirkin yola əl atırlar. 1980-ci illərin sonlarında Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalan üç yüz min azərbaycanlının taleyinə biganə qalan, bu gün də onların tarixi yurdlarına qayıdış hüquqlarına dəstək verməyən Qərb Qarabağı könüllü tərk etmiş bir ovuc erməninin "problem"lərini süni şəkildə şişirdərək gündəmə gətirmək üçün canfəşanlıq göstərir.
Bu günlərdə Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O'Flaertinin Avropa Şurası Parlament Assambleyasında Ermənistandan olan deputatların suallarına verdiyi cavablar da Azərbaycana qarşı ikili yanaşmanı bir daha təsdiq edir. Belə ki, komissar ölkəmizi öz xoşları ilə tərk edən ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunsa da, zorla dədə-baba yurdlarından qovulan qərbi azərbaycanlıların qayıdışından bir kəlmə də bəhs etməyib.
Halbuki Maykl O'Flaerti özünə bir az əziyyət verib Cənubi Qafqazda baş verənlərlə bağlı tarixi sənədlərə baxsaydı azərbaycanlıların əsrlər boyu erməni şovinistləri tərəfindən deportasiyalara, etnik təmizləmələrə məruz qaldığını öyrənərdi.
Ermənilər ölkəmizi öz xoşlarına tərk ediblər
Məsələn, o, bilərdi ki, təkcə 1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən 300 min nəfərədək azərbaycanlı ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulublar. Bu zaman 200 nəfərdən çox soydaşımız erməni şovinistləri tərəfindən öldürülmüş (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və sair), 400 nəfərdən çox azərbaycanlı isə yaralanmışdır. Bir çox azərbaycanlıların evləri, əmlakları yandırılmış və ya talanmış, əvəzi ödənilmədən əllərindən alınmış, mənimsənilmişdir.
Ali komissar bu gerçəkliklərdən Ermənistanın keçmiş faşist prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də - Ağdamın işğalı zamanı etdiyi etirafları ilə də hali ola bilər.
Levon Ter-Petrosyanın sözügedən tarixdə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışının illər sonra üzə çıxan videoyazısında görünür ki, o, açıq şəkildə ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən bəhs edib. Ter-Petrosyan indiki Ermənistan ərazisində vaxtilə azərbaycanlıların çoxluq təşkil etdikləri rayonların adlarını da bir-bir sadalayıb.
Faktdır ki, qərbi azərbaycanlılardan fərqli olaraq Qarabağda yaşayan erməniəsilli sakinlər könüllü şəkildə ölkəmizi tərk ediblər. Baxmayaraq ki, Azərbaycan dövləti onların reinteqrasiyası ilə bağlı əməli addımlar atdı. Onların hüquq və təhlükəsizliyini, eyni zamanda bütün təminatını həyata keçirməyə başladı. Lakin Azərbaycan demokratik ölkədir və öz ərazisində kimi isə zorla saxlamaq niyyətində deyildi. Buna görə də öz qərarları ilə ölkəmizi tərk etmək istəyən erməniəsilli sakinlərə köçmələri üçün də hər cür şərait yaratdı. Ermənilər ölkəmizi tərk edən zaman hansısa təzyiq, zorakılıq halı ilə üzləşmədilər. Həmin vaxt bu prosesi az qala zərrəbinlə izləyən dünya da gördü və etiraf etdi ki, Qarabağı deyə-gülə, şokolad və peçenye yeyə-yeyə tərk edən erməniəsilli sakinlərin tıxacdan başqa problemləri olmadı. Bütün bu faktlar BMT-nin bölgəyə səfər edən missiyası tərəfindən də təsdiq olundu. Əslində, heç Qarabağı tərk edən erməni sakinlər özləri qayıtmaq barədə düşünmürlər. Sadəcə onlardan alət kimi istifadə edən təcavüzkar Ermənistan və onun xarici məkrli himayədarları bu məsələni süni şəkildə ortaya ataraq gündəm etmək istəyirlər.
Bu, qəbuledilməzdir
Bütün bu gerçəklikləri görməzdən gələn AŞ-nin İnsan hüquqları üzrə ali komissarı Maykl O'Flaertinin tutduğu vəzifəyə yaraşmayan qeyri-obyektivlik sərgiləməsi, yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayaraq ölkəmizi öz xoşları ilə tərk edən ermənilərin qayıtmasından bəhs etməsi təəccüblü deyil.
Aprelin 8-də Qərbi Azərbaycan İcmasının sözügedən məsələ ilə bağlı bəyanatında bildirilir ki, Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O'Flaertinin "Avropa Şurası Parlament Assambleyası" adlanan qurumda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən tam xəbərsiz olduğunu göstərir: "Ali komissarın ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunub qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışından bəhs etməməsi qəbuledilməzdir. Biz ali komissarı insan hüquqlarına münasibətdə bir sıra Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq".
Bəyanatda qeyd olunur ki, bundan əlavə, ali komissar, hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə, Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gun törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, "Azərbaycanlıları qovmaqla 600 illik tarixi məqsədə nail olduq" deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşı, xüsusən, mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir.
Qərbdə təşkilatlanaraq anti-Azərbaycan fəaliyyəti göstərən qərəzli təsisatların mənfur fəaliyyətləri mövcud reallıqları dəyişmək iqtidarında deyil. Vaxtilə dədə-baba yurdlarından zorla qovulan qərbi azərbaycanlılar sülh yolu ilə onilliklərdir həsrət qaldıqları yurdlarına dönəcəklər. Bu, həm də tarixi ədalətin bərpası olacaq.
Necə ki, bu barədə Prezident İlham Əliyev deyib: "...Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"