İndiyədək bu sahədə aparılan işlər istənilən nəticəni verməsə də, mütəxəssislər ümidsiz deyillər
Dünyada milyonlarla insan müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərin müalicəsi zamanı bir sıra hallarda funksiya göstərməyəcək dərəcədə zədə görən orqanlar yeniləri ilə əvəz edilir. Orqan transplantasiyasına ehtiyacı olan insanların sayı hər gün artsa da, onlara uyğun donorların tapılması heç də asan başa gəlmir.
Ötən əsrin ən böyük tibbi ixtirası hesab edilən orqan donorluğunu artırmaq üçün mütəxəssislər səy göstərir, insanları maarifləndirir, alternativ yollar axtarırlar. Bu alternativ yollardan biri heyvan orqanlarının insanlara köçürülməsi olan ksenotransplantasiyadır. Alimlər bu üsulla orqan çatışmazlığı böhranının həllinə bir addım daha yaxınlaşdıqlarını bildirirlər.
Niyə donuz orqanlarına üstünlük verilir?
XX əsrdə cərrahlar babunların orqanlarını insanlara köçürməyə başlayıblar. 1984-cü ildə Kaliforniyada həkimlər babun ürəyini Fae adlı balaca qıza nəql etsələr də, o, yeni orqanı ilə cəmi 21 gün yaşaya bilib. Bundan sonra elm adamları heyvanların genləri ilə məşğul olmağa başlayıblar.
İnsanlara ən çox bənzəyən heyvanların meymunlar olmasına baxmayaraq, ksenotransplantasiya üçün hələ ki yalnız donuzlardan istifadə edilir. Bu, donuzların maddələr mübadiləsi, daxili orqan ölçüləri ilə bağlıdır. Meymunların orqanlarından istifadə etdikdə virus xəstəliklərinin yayılma riski daha yüksək olur. Təbii ki, ksenotransplantasiya bir çox etik suallar doğuraraq müzakirələrə də səbəb olur.
Uzun illərdir ki, donuz ürək qapaqları insanlarda uğurla istifadə olunur. Onların bağırsaqlarından qan durulaşdıran dərman olan heparin alınır. Donuz dərisi toxuması yanıqlar üçün istifadə olunur. Çin həkimləri görmə itkisini müalicə etmək üçün donuz buynuz qişasından istifadə edirlər.
Təbii ki, hər hansı donuzun orqanlarını götürüb insanlara nəql etmək mümkün deyil. Belə ki, donuzlar insan immun sistemi üçün vacib olan alfa-qal şəkər molekulunun daşıyıcısı deyillər. Bunun üçün ABŞ-nin "United Therapeutics"in törəmə şirkəti olan "Revivicor" ksenotranplantasiya üçün nəzərdə tutulmuş donuzlara genetik dəyişikliklər edib. Şirkət Ayova ştatındakı laboratoriyada ciddi nəzarət altında 100 gen mühəndisliyi ilə hazırlanmış donuz yetişdirib, onların insanlar üçün təhlükəsiz olduğunu açıqlayıblar. İlk olaraq donuzların orqanları meymunlara, uğurlu testlərdən sonra isə beyin ölümü keçirən və süni nəfəs aparatına qoşulmuş xəstələrə köçürülüb.
Uğursuz ksenotransplantasiyalar
ABŞ-nin Merilend Universitetinin Tibb Mərkəzinin həkim-alimləri 2022-ci ildə kseroplantasiya sahəsində mühüm əməliyyat həyata keçiriblər. Tarixdə ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun ürəyi 57 yaşlı David Bennettə uğurla transplantasiya edilib. Bu orqan nəqli əməliyyatı ilk dəfə nümayiş etdirdi ki, geni dəyişdirilmiş heyvan ürəyi orqanizm tərəfindən dərhal rədd edilmədən insanınkı kimi fəaliyyət göstərə bilər. Xəstənin məhz ksenotransplantasiyanı seçməsinin səbəbi onun ABŞ-nin bir sıra aparıcı transplant mərkəzlərində ənənəvi əməliyyatdan imtina alması olub. Eksperimental transplantasiya xəstənin sağ qalmaq üçün son ümidi hesab olunurdu, baxmayaraq ki, bu mərhələdə uzunmüddətli sağqalma şansları məlum deyil. David Bennett əməliyyatdan sonra təxminən yeddi həftə ərzində kəskin imtina əlamətləri olmadan güclü ürək funksiyası ilə yaşayıb. Transplantasiyadan iki ay sonra qəfil ürək çatışmazlığı başlayıb. Bu da onun ölümünə səbəb olub.
Bir müddət sonra eyni xəstəxanada daha bir xəstəyə geni dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib. O, Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosett olub. Əməliyyatdan sonra köçürülən ürək hər hansı bir xarici qurğu qoşulmadan normal işləməyə başlayıb və pasiyent sərbəst nəfəs ala bilib. Lourens Fosett əvvəllər keçirdiyi ürək-damar xəstəliyi və daxili qanaxma ilə bağlı ağırlaşma səbəbindən insan ürəyi transplantasiyasına yararlı olmayıb. O, əməliyyatdan sonra orqanizminin donor orqanına uyğunlaşması üçün xüsusi preparatlar qəbul edib. Lakin bu əməliyyat da istənilən nəticəni verməyib və xəstə cəmi 6 həftə yaşaya bilib.
Ksenotranplantasiya sahəsində daha bir önəmli əməliyyat isə 62 yaşlı Riçard Slaymanın adı ilə bağlıdır. O, ABŞ-nin Massaçusets ştatının Boston şəhərindəki Massaçusets xəstəxanasında geni dəyişdirilmiş donuz böyrəyi transplantasiyası edilən ilk xəstə olub. O, uzun illər böyrək xəstəliyindən əziyyət çəkib. 7 il dializə bağlı qaldıqdan sonra böyrək transplantasiyası əməliyyatı keçirib. Lakin köçürülən böyrək 5 il sonra fəaliyyətini dayandırıb, R.Slayman dializ müalicələrinə yenidən başlayıb.
Bir müddət sonra isə xəstə ksenotransplantasiya əməliyyatı olunub. O, 4 saat çəkən əməliyyatdan təxminən 2 ay sonra dünyasını dəyişib. Xəstəxanadan verilən açıqlamada Slaymanın ölümünün əməliyyatdan qaynaqlandığına dair heç bir işarənin olmadığı bildirilib. Bildirilib ki, 2024-cü il martın 16-da həyata keçirilən əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşılaşıb və onun tezliklə evə buraxılacağı gözlənilib.
Heyvan orqanlarının insanlara transplantasiyası indiyədək istənilən nəticəni verməsə də, mütəxəssislər ümidsizliyə qapılmır, uğurlu nəticə əldə edənədək çalışacaqlarını bildirirlər.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"