Samuxda "Regional İnkişaf" İctimai Birliyi, rayon icra hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə "III Ərik Festivalı" və "Aqrar Biznes Festivalı" keçirilib.
Rayonun ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisəyə çevrilən festivalda RİH-in başçısı Firdovsi Əliyev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ali təhsil müəssisələrinin rəhbərləri, türkdilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri və respublikanın müxtəlif bölgələrindən gəlmiş çoxsaylı qonaqlar iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Samux şəhəri xüsusi bayram libasına bürünmüşdü. Şəhərin mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilmiş, musiqi sədaları altında keçirilən rəngarəng yürüş tədbir iştirakçılarında xoş təəssüratlar yaratmışdır.
Heydər Əliyev prospektində yerləşən Samux parkında təşkil olunan festivalda rayonun zəngin kənd təsərrüfatı potensialı, milli-mənəvi dəyərləri və mədəni irsi nümayiş olunurdu. Milli mətbəximizin bir-birindən dadlı təamları, fermerlərin yetişdirdikləri müxtəlif ərik növləri, ərikdən hazırlanan mürəbbələr, şirələr və digər məhsullar xüsusi stendlərdə sərgilənərək qonaqlara təqdim olunurdu. Festival ərazisində qurulan sərgi və satış guşələri, sənətkarların əl işləri, ustad dərsləri, idman yarışları, uşaqların təqdim etdikləri milli rəqslər, məktəblilərin ərik mövzusunda hazırladıqları rəsm və əl işləri tədbirə xüsusi rəng qatırdı. İştirakçılar həm milli dəyərlərimizi əks etdirən nümunələrlə tanış olur, həm də maraqlı əyləncə proqramlarından zövq alırdılar.
"Aqrar Biznes Festivalı" çərçivəsində isə kənd təsərrüfatı sahəsində tətbiq olunan müasir texnologiyalar, innovativ avadanlıqlar və aqrar təyinatlı texnikalar nümayiş olunurdu. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və digər məhsullar sərgilənir, fermerlərə ətraflı məlumat verilirdi.
Mərasimdə çıxış edən RİH-in başçısı Firdovsi Əliyev Samuxda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də kənd təsərrüfatının dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda bağçılıq sürətlə inkişaf edir. Bu inkişaf nəticəsində hazırda Samuxda ərik bağlarının sahəsi 500 hektara çatıb ki, bu bağlarda da 16 növ ərik sortu yetişdirilir.
Sonra kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxış etdi. Bildirdi ki, Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar aqrar sahənin inkişafında yeni mərhələnin əsasını qoydu: "Dövlət başçısının kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su resurslarından səmərəli istifadə, emal sənayesinin genişləndirilməsi və fermerlərin dövlət dəstəyi ilə əhatə olunması istiqamətində verdiyi tapşırıqlar günün ən vacib məsələlərindəndir". Nazir müavini onu da qeyd etdi ki, Samuxda keçirilən "III Ərik Festivalı" və "Aqrar Biznes Festivalı" da kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və fermerlərin bazar imkanlarının genişləndirilməsinə xidmət edir.
Festival konsert proqramı ilə başa çatıb.
Sabir ƏLİYEV,
"Azərbaycan"