Son 10 gündür dünyanın ən mötəbər media orqanlarında əsas manşet mövzusu COP29-dur. İnformasiya portallarında COP29-da iştirak etmək üçün BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də bir çox ölkənin dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldikləri barədə məlumat verilir.
Bakıda keçirilən müzakirələrin ciddiliyi və əhəmiyyəti təkcə konfrans iştirakçılarının deyil, eləcə də dünyanın tanınmış iqlim mütəxəssislərinin də böyük maraq dairəsindədir. Artıq Qərb mediasına danışmağa başlayan iqlim üzrə mütəxəssislər Bakıda keçirilən COP29 tədbirinin dünya üçün sonuncu şans olduğunu vurğulamağa başlayıblar. Onlar bildirirlər ki, 2030-2050-ci ilə qədər prosesləri nəzarətdə saxlaya bilməsələr, dünyanı fəlakət gözləyəcək.
Böyük Britaniyanın "The Guardian" nəşrində dərc olunan məqalədə yazılıb ki, iqlim böhranı ilə mübarizə üçün yeni qlobal maliyyə həllini müzakirə etmək məqsədilə Azərbaycanda bir araya gələn ölkələr "teatr oyunlarına son qoymalı" və ciddi işə başlamalıdır. Vurğulanıb ki, Böyük Britaniya və Braziliya inkişaf etməkdə olan ölkələrə ildə ən azı 1 trilyon dolların necə yönəldilməsi ilə bağlı çağırış ediblər. Onlar bildiriblər ki, yoxsul ölkələrin istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirləri ilə mübarizə aparmaq üçün maliyyə vəsaitinə ehtiyacları var. Varlı dövlətlər isə bu məsələdən yayınmağa çalışırlar.
Məqalədə bildirilir: "Ötən həftə 200-ə yaxın ölkənin rəsmisi potensial sazişin mətnini hazırlamaq üçün çalışdı, lakin bir çox ölkə qərar qəbul etmə səlahiyyətlərinə malik nazirlərini yalnız iki həftə davam edəcək görüşün ikinci yarısında Azərbaycanın paytaxtı Bakıya göndərdilər. BMT-nin iqlim üzrə rəhbəri Saymon Stil konfransda deyib: "Yeni gələn nazirlər qollarını çırmalamalı və ən çətin məsələlərə nüfuz etməlidirlər. Bluffing, brinksmanship və əvvəlcədən düşünülmüş oyunlar konfransın qiymətli vaxtını hədər yerə aparır. Beləliklə, gəlin teatr oyunlarına son qoyaq və bu həftə əsl işə başlayaq".
Britaniya nəşri qeyd edib ki, Saymon Stil varlı ölkələrə ekstremal havanın təsirindən əziyyət çəkən ən yoxsullara kömək etməkdə maraqlı olduğunu xatırladıb. O vurğulayıb ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil və iqtisadiyyatı, habelə insanları iqlimin geniş təsirlərindən qorumaq hər bir ölkənin marağındadır".
"The Guardian" COP29-un prezidenti Muxtar Babayevin sözlərini də sitat gətirib: "Siyasətçilərin ədalətli və iddialı razılaşma əldə etmək gücü var. Onlar bu məsuliyyəti yerinə yetirməli, dərhal və konstruktiv şəkildə bu məsələ ilə məşğul olmalıdırlar. Mümkün olan ən yüksək ambisiya həqiqətən çətindir və cəsarət tələb edir. Həmkarlar, indi cəsarətli olmağın vaxtıdır".
Məqalədə diqqətə çatdırılır ki, Böyük Britaniya və Braziliya konsensusun əldə olunmasına kömək etmək üçün bu ölkələrlə işləyəcəklər. Mübahisələrə səbəb olan məqamlar inkişaf etmiş ölkələrin öz büdcələrindən və özəl sektordan ayrılacaq vəsaitin həcmi, Çin kimi inkişaf etmiş sənayeləşmiş iqtisadiyyatları və Səudiyyə Ərəbistanı kimi neft dövlətlərini daxil etmək üçün töhfə verənlərin sayının artırılması, həmçinin hədəfə hansı müddətə çatmağın müəyyən edilməsidir.
Böyük Britaniyanın BBC Agentliyi isə dərc etdiyi məqalədə vurğulayıb ki, Azərbaycanda COP29 iqlim sammiti açılıb. İki həftəlik iş müddətində konfransda iştirak edən ölkələr, xüsusilə, iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyənin inkişaf etmiş ölkələr tərəfindən artırılıb-artırılmayacağına qərar verməli olacaqlar. COP29 rezonanslı bəyanatlarla başlayıb. COP29-un prezidenti Muxtar Babayev deyib ki, dünya "fəlakət yolundadır" və Bakı Sammiti bütün dünyada iqlim məqsədləri üçün "həqiqət anını" təmsil edir.
Dünyaca məşhur "DailyStar" qəzetinə açıqlama verən mütəxəssislər bildiriblər ki, əgər Bakıda zəruri olan qərarların qəbul edilməsinə nail ola bilməsələr, qlobal istiləşməni 1,5 dərəcə istilik həddində artmasını saxlaya bilməyəcəklər. "Bakıda keçirilən COP29 konfransı bizim üçün sonuncu şansdır. Bu konfransın əhəmiyyətini anlamalıyıq. Təcili qərarlar alınmalı, tədbirlər görülməlidir".
Açıqlama verən mütəxəssislər onu da deyiblər ki, bu şəkildə davam edərsə, qlobal istilik 2 dərəcəyə çatacaq. "Əgər qlobal istiləşmə 2 dərəcə artarsa, əkin sahələri hamısı məhv olacaq. Heyvanlar öləcək. Dünyada çoxsaylı ölümə şahid olacağıq". Bu əsnada, Çikaqo Universiteti Enerji Siyasəti İnstitutu 2030-2050-ci illər üçün statistik nəticələrini açıqlayıb. İnstitut həmin illərdə hər il 250 min insanın qlobal istiləşmənin qurbanı olacağını və öləcəyini qeyd edib.
Türkiyənin aparıcı media orqanlarından biri olan "Milliyet" qəzeti qardaş ölkənin böyük şirkətlərinin COP29-da iştirakı barədə oxuculara məlumat verib. Nəşrdə Türkiyənin iki böyük şirkətinin - telekommunikasiya kompaniyası "Turkcell" və "Yıldız" holdinqinin nümayəndələrinin Bakıdakı çıxışları yer alıb. Məqalədə "Gələcək üçün rəqəmsal həllər" mövzusunda COP29 panel müzakirələrində çıxış edən "Turkcell"in baş direktoru Ali Taha Koçun mövqeyi diqqətə çatdırılıb.
Telekommunikasiya şirkətinin rəhbəri bildirib ki, "Turkcell" 2026-cı ilin sonuna qədər günəş və külək enerjisi layihələrinə 240 milyon dollar sərmayə qoymağı planlaşdırır. Onun sözlərinə görə, "Turkcell"in prioriteti süni intellekt texnologiyalarına əsaslanan davamlı inkişafdır: "2050-ci ilə qədər hədəfimiz sıfır emissiyalı şirkət olmaqdır. Artıq bu gün biz elektrik enerjisinə olan tələbatımızı bərpaolunan enerji mənbələri hesabına ödəyirik".
Məqalədə həmçinin Bakıda keçirilən iqlim sammitində "Sıfır tullantısız şirkətlər" konsepsiyasını təqdim edən "Yıldız" holdinqinin Strateji planlaşdırma, biznesin inkişafı və tədqiqat departamentinin rəhbəri Fezai Okur Eskilin çıxışı da yer alıb.
Türkiyənin "Haber Global" telekanalının COP29-la bağlı hazırladığı süjetdə bildirilib ki, insanlar gələcəyin dünyasını Bakıda düzgün formalaşdırmaq üçün çalışırlar. Eyni zamanda diqqətə çatdırılıb ki, bugünkü gündəlikdə səhiyyə, təhsil, uşaq və gənclərlə bağlı məsələlər var: "Bununla bağlı Türkiyənin təhsil naziri də Bakıdadır. Rəqəmsallaşan yeni dünyaya adaptasiya lazımdır. Bu prosesin başında gənclər gedir. Sabah isə qida, su, kənd təsərrüfatı məsələləri müzakirə ediləcək. Türkiyənin müvafiq qurumları böyük nümayəndə heyəti ilə Bakıdadır. Türkiyə bütün sahələrdə "yol xəritəsi"ni davam etdirəcək".
Mərakeşin rəsmi MAP Xəbər Agentliyinin ölkəmizə ezam etdiyi nümayəndələri tədbir barədə reportajlar və müsahibələr hazırlayıblar. Materiallarda COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş Mərakeşin Baş naziri Əziz Axnuşun rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlər və çıxışlar, eləcə də panel iclaslarında müzakirə edilən məsələlər barədə geniş məlumat verilib.
Mərakeşin "Medi1 tv" kanalı yayımladığı reportajda Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışından sitat gətirib və dünyada ekoloji problemlərin müzakirəsi baxımdan tədbirin əhəmiyyətini vurğulayıb.
Jurnalist Həsən əl-Yusifi əl-Məğari "əl-Elami" nəşrindəki COP29 haqqındakı yazısında bildirib ki, medianı ekoloji hədəflərin həyata keçirilməsi işinə daha yaxından cəlb etmək lazımdır. Vurğulanıb ki, informasiyaların daha geniş izləyici kütləsinə çatmasında onun imkanlarından istifadə etmək lazımdır.
"Ənfas press" nəşri isə Mərakeşin "Tansift" inkişaf mərkəzinin rəhbəri dr.Əhməd əş-Şəhbuninin iqlim maliyyələşməsi mövzusuna həsr olunmuş seminarda çıxışı barədə yazıb. Nəşrin məlumatına görə, əş-Şəhbuni bildirib ki, iqlim maliyyələşməsi iqlim dəyişikliyinə qarşı mübarizədə mühümdür. Həmçinin qeyd edib ki, özəl və dövlət investisiyaları istixana qazlarının azaldılmasına töhfə verəcək layihələrə yönəldilməlidir.
"Məğrib nyuz 7" və "Məcəllə 24" nəşrləri də COP29 tədbiri haqqında dərc etdikləri silsilə materiallarda Bakıda müzakirə edilən mövzuların əhəmiyyətini qeyd edib, Mərakeşin iqlim davamlılığı sahəsində nailiyyətlərinin COP29 çərçivəsində diqqətə çatdırıldığını bildirib.
Perunun "El Peruano", "La Razon" qəzetlərində, eləcə də "Infobae" və "OjoPublico" kimi onlayn platformalarında yayımlanan materiallarda COP29-un əhəmiyyəti geniş şəkildə vurğulanıb. Məqalələrdə qeyd olunub ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, alimlər və ekoloji fəallar Bakıda bir araya gəliblər.
Məqalələrdə Prezident İlham Əliyevin və BMT-nin Baş katibi Antonio Quterreşin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışlarından sitatlar yer alıb. Yazılarda Prezident İlham Əliyevin sözlərinə istinad olunaraq qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətlərdir və ölkələr nə malik olduqları sərvətlərə, nə də onları bazara çıxardıqlarına görə tənqid edilməməlidir.
Həmçinin iqlimşünasların və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdikləri qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.
Konfransın əsas məqsədlərindən biri, qlobal istiləşmənin mənfi təsirlərinin azaldılmasına yönəlmiş yeni razılaşmaların imzalanmasıdır. COP29 iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin qarşısını almaq və qlobal istiliyin artımına qarşı müvafiq addımlar atmaq üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilir. Həmçinin iqlim dəyişikliyinin qarşısının alınmasının Peru üçün vacibliyi vurğulanır.
Hazırladı:
Elçin CƏFƏROV,
"Azərbaycan"