27 Iyul 2024 09:53
182
DÜNYA
A- A+

Fransa Olimpiadası qıtlıq və aclıq şəraitində başladı

 

Olimpiya kəndində atletlər qida çatışmazlığından şikayət edirlər, Parisdə etirazlar səngimir

 

XXXIII Yay Olimpiya Oyunlarında digər coxsaylı çatışmazlıqlarla yanaşı, idmançıların qidalanması ilə bağlı da problemlər davam edir. Yarışların ikinci günündə britaniyalı idmançılar Olimpiya kəndində qidanın azlığı və keyfiyyəti  səbəbindən yeməkdən imtina ediblər. Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Anson yeməklərdən narazılığını bildirib.

"Bəzi məhsullar - yumurta, toyuq və müəyyən karbohidratlar qıtlığı var. Üstəlik yeməklərin keyfiyyəti pisdir, idmançılara yarıbişmiş ət verilir. Buna görə idmançılarımız qərara alıblar ki, assosiasiyamızın mərkəzində yeməyə üstünlük versinlər. Bunun  üçün xüsusi aşpaz dəvət etmişik".

Olimpiya kəndində qida ilə bağlı fasilələr və problemlər yarışların ilk günündən başlayıb. İdmançılar qida çatışmazlığından daim şikayətlənirlər. Öz növbəsində, təşkilatçılar nöqsanların üzərində fəal işlədiklərini deyirlər...

 

Evsizlər küçələrdən də qovulurlar

 

Bu arada, Parisdə yüzlərlə evsiz insan məcburi köçürmələrə qarşı etiraz aksiyası keçirib. Fransa hakimiyyətinin Olimpiya Oyunları öncəsi paytaxtdan qovmağa çalışdığı insanlar 18-ci rayonun meriyasının yaxınlığında kortəbii etiraz aksiyası keçirərək, onlara mənzil verilməsini tələb ediblər.

Yerli humanitar assosiasiyasından bildiriblər ki, Fransa qonaqları qarşılamağa hazırlaşarkən, bu ailələr küçələrdə yaşamağa məcburdurlar. Aksiya iştirakçıları arasında kişilər, qadınlar və uşaqlar  var.

Qeyd olunur ki, ilk etiraz iştirakçıları hələ çərşənbə axşamı rayon meriyasına gəliblər. Evsizlərin əksəriyyəti gecəni küçədə, adyalların altında səkilərdə keçiriblər. Son bir il ərzində Fransa hakimiyyəti 2024-cü il Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə Parisdə küçələrdə yaşayan evsizləri kütləvi şəkildə paytaxtdan uzaqlaşdırırdı.

 

Dəmir yoluna kütləvi hücum

 

Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) iyulun 25-dən iyulun 26-na keçən gecə "kütləvi hücuma" məruz qaldığını bildirib. Qurumdan yanğının yüksək sürətli qatar şəbəkəsinə qismən ziyan vurduğu deyilir.

SNCF-in mətbuat şərhində vurğulanır: "Obyektlərimizə ziyan vuran yanğın başladı. Nəticədə, yüksəksürətli qatarların Atlantik, Şimal və Şərq xətləri ciddi şəkildə pozulub, Cənub-Şərqi xətt işləkdir. Biz bəzi qatarların istiqamətini başqa xətlərə dəyişdiririk, lakin reyslərin coxu ləğv edilməli olacaq".

Başqa bir məlumata əsasən isə Olimpiya Oyunlarının təşkilat komitəsi heç bir izahat vermədən açılış mərasimindən əvvəl keçirilən ənənəvi mətbuat konfransını ləğv edib. Bu barədə təşkilatçılar media nümayəndələrinə press-relizdə məlumat veriblər.

Əvvəlcədən bildirildiyi kimi, mətbuat konfransı yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 11:30) keçirilməli idi, lakin başlamazdan bir saat əvvəl onun ləğv olunduğu barədə xəbər verilib. Bunun səbəbləri məlum deyil.

 

Hicab əvəzinə papaq?

 

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Parisdə keçirilən Olimpiya Oyunlarının təşkilatçılarını fransalı idmançının iyulun 26-da Sena çayında keçirilən açılış mərasimində iştirakına icazə vermədiklərinə görə tənqid edib. O bunu seqreqasiya aktı adlandırıb.

Xatırladaq ki, fransalı atlet Sounkamba Silla hicabına görə Olimpiadanın açılış mərasiminə buraxılmadığını bildirib.

İnsan hüquqları müdafiəsi təşkilatları Fransa hökumətinin  bir çox müsəlman idmançını "görünməz, kənarda qalmış və alçaldılmış" edən diskriminasion qərarını geri almağa çağırıb. Fransanın mövqeyi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də tənqid edilib.

Son məlumata görə, Olimpiada təşkilatçıları müsəlman idmançıya hicabını papaqla dəyişməyə icazə veriblər. Fransa Olimpiya Komitəsi bildirib ki, Sounkamba Silla açılış mərasimi zamanı papaq geyinməyə razılaşıb.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video