27 Iyul 2024 08:26
213
SİYASƏT
A- A+

Ermənistan Avropa İttifaqının  əlində alətə çevrilib

 

İkinci Qarabağ müharibəsində biabırçı şəkildə məğlub olan, silahlı qüvvələri darmadağın edilən erməni ordusunu bərpa etmək üçün neçə ildir Avropa ölkələrinə əl açaraq maddi yardım və silah dilənir. Avropa ölkələri də ciblərini geniş açaraq haylara səxavətlilik göstərir, yardımlar edir. Düşmənlərimizə pul verir, silah çatdırır. Əlbəttə ki, öz məkrli və çirkin məqsədlərini həyata keçirmək məqsədilə.

Bu günlərdə Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. 2021-ci ildə yaradılan bu qurumun məqsədi guya ki, dünyanın müxtəlif regionlarında sülhə xidmət etməkdir, əmin-amanlıq yaratmaqdır. Təbiidir ki, bu medalın üzünün görünən tərəfidir. Reallıqlar isə başqa məsələlərdən xəbər verir. Aydın görünən odur ki, Avropa İttifaqı tamamilə qərəzli bir qurumdur. Cənubi Qafqazdakı gedən proseslərə yalnız öz maraqları kontekstindən yanaşır, Ermənistanı silahlandıraraq regional sabitliyin təmin olunmasının qarşısını almağa çalışır. Əgər belə olmasaydı, ittifaqa daxil olan ölkələr Ermənistanı silahlandırmazdı. Bu yerdə Fransanın adı və mövqeyi xüsusilə qeyd edilməlidir.

Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro dəyərində yardım paketini təsdiqləməsi də, əslində, bu ölkəni silahlandırmağa xidmət edir. Bu, məkrli məqsədə doğru atılan növbəti addımdır. Özü də bu addım Bakı ilə İrəvan arasında birbaşa təmasların intensivləşdiyi və müəyyən nəticələrin əldə edildiyi, regional sülhə mane olan məqamların tədricən aradan qaldırıldığı bir vaxtda atılır. Həm də bu, humanitar yox, hərbi yardımdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Sülh Fondunun Ermənistana ayırdığı vəsaitlə bağlı yaydığı bəyanatda rəsmi Bakının mövqeyi çox aydın şəkildə ifadə olunub. Bəyanatda vurğulanıb ki, Ermənistana ayrılan hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək: "Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər" yaratmaq siyasətinin təzahürüdür. Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək".

Sözsüz ki, Avropa İttifaqı artıq bu yardımlara görə Ermənistan qarşısında öz şərtlərini qoyub, tələblərini irəli sürüb. Əgər Aİ-nin regionda maraqları olmasa, bu qədər vəsaiti Ermənistana ayırmaz. Təəssüf doğuran odur ki, bu maraqlar birbaşa olaraq regional gərginliyə xidmət edir. İstisna deyil ki, Ermənistan Aİ-dən aldığı bu yardımlara güvənərək müxtəlif yollarla sülh danışıqlarından yayınmağa çalışacaq.

Heç Avropa İttifaqının ayırdığı yardım Ermənistana gəlib çatmamış haylar Kəlbəcər və Tovuz istiqamətində təxribatlar törətməyə başlayıblar. Yenə də sərhədlərimizdə atəş səsləri eşidilir. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Göründüyü kimi, Ermənistan Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyə tez bir zamanda əməl edib. Silaha əl atmaqla, atəş açmaqla bu qurum qarşısında sadiqliyini bir daha təsdiqləyib. Göründüyü kimi, Ermənistan Avropa İttifaqının əlində alətə çevrilib. 

Ermənistanın cəbhədə təxribatlar törətməsi birinci dəfə deyil. Amerika Birləşmiş Ştatlarının bu ölkədə keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı müxtəlif təyinatlı silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" vasitəsilə İrəvana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı təxribat törətməyə ruhlandırır. Son günlər cəbhədə baş verən hadisələr Ermənistanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşmasına dəlalət edir.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir.

Son hərəkətlərindən hiss olunur ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini unutmağa başlayıb. Dünənə qədər İrəvanda, digər şəhərlərdə keçirilən aksiyalarda əsgər anaları övladlarını Azərbaycan ərazilərində döyüşməyə göndərmək istəmədiklərini bildirirdilər. Müharibə hazırlıqları görən Ermənistan hakimiyyətinin nəzərə almadığı ən vacib məqamlardan biri isə Azərbaycan Ordusunun yenilməz gücüdür. İndiyədək Azərbaycan Ordusu öz gücünü  bir neçə dəfə düşmənə göstərib. Silahlı Qüvvələrimiz işğalçılara ən böyük dərsi Vətən müharibəsində verdi.

Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Müharibə başa çatsa da, dövlət başçımızın rəhbərliyi altında ordu quruculuğunda uğurlu islahatlar həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən yeni hərbi hissələr yaradılıb. Azərbaycan Ordusunun gücü, qüdrəti əvvəlkindən qat-qat artıb. Ordumuz düşmənin istənilən təxribatının qarşısını almağa qadir və hazırdır.

Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində ordumuzun gücündən danışarkən demişdir: "Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər ordumuz cavab verəcək".

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video