03 Aprel 2026 08:45
219
CƏMİYYƏT
A- A+
Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu


Uğurla başa çatan Aprel döyüşləri gənclərimizin  vətənpərvər ruhda böyüdüklərini bir daha göstərdi. Əməliyyatlar başlayar-başlamaz ürəyi Vətən eşqi ilə döyünən gənclər cəbhə bölgələrinə, döyüşən hərbi hissələrə axışmağa başladılar. Onların məqsədi düşmən üzərində qələbə naminə döyüşən qüvvələrə kömək etmək, mənəvi dəstək durmaq idi. 

Amma döyüş meydanında məğlub olan, ağır itkilər verən düşmən  hərbçilərimizə mənəvi dəstək durmaq istəyən mülki adamları da hədəfə aldı. Təəssüflər olsun ki, əsgərlərimizi qələbələrə ruhlandıran bir neçə cəsur vətən oğlu şəhid oldu. Nə edəsən ki, müharibə itkisiz olmur, qələbəyə gedən yol qan-qadanın üzərindən keçir. Aprel döyüşlərində Vətən yolunda canını fəda edən cəsur oğullarımızdan biri də Fərman Elçin oğlu Əsədli oldu. 

Fərman Əsədli hərbçi ailəsində dünyaya göz açmışdı. Atası Elçin Əsədov zabit idi. Başqa hərbçilərimiz kimi onun da ürəyi Vətən eşqi ilə döyünürdü. Fərman evlərində Qarabağ müharibəsi, Xocalı, Meşəli, Qaradağlı və başqa faciələr haqqında söhbətlərə qulaq asa-asa böyümüşdü. Bu söhbətlərdən onun qəlbində, ürəyində Vətənə sədaqət, vətənpərvərlik duyğuları yaranmışdı. Həmin duyğular  onu həmişə yurdun müdafiəsinə, düşməndən qisas və intiqam almağa səsləmişdi. Aprel döyüşləri başlayan kimi Fərmanı ön xəttə aparan da vətənpərvərlik duyğuları, Qarabağı azad görmək arzusu olmuşdu. 

Fərman 1990-cı ildə Gəncədə doğulmuşdu. 2007-ci ildə orta təhsilini bitirərək Gəncə Dövlət Universitetinə qəbul olmuşdu. Bu ali təhsil ocağında iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnmişdi. 2011-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdı. Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirərək 2012-ci ildə doğmalarının yanına qayıtmışdı. Həmin ilin sentyabrında ailə həyatı qurmuş, bir qız övladı dünyaya gəlmişdi.  

Erməni işğalçılarının 2016-cı il aprel ayının 1-də atəşkəs rejimini pozaraq müxtəlif istiqamətlərdən həm mövqelərimizə hücum etdiyini, həm də yaxınlıqdakı yaşayış məntəqlərini atəşə tutduqlarıın eşidəndə Fərman Əsədli narahat hisslər keçirdi. Döyüşlərə getmək istəsə də, səfərbərlik olmadığına görə arzusuna çatmadı.  Amma sinəsində döyünən ürəyi onu cəbhə bölgəsinə çəkib apardı. Fərman Əsədli 2 aprel 2016-cı ildə səhər ertədən vuruşan hərbçilərimizə mənəvi dəstək durmaq, onları qələbələrə ruhlandırmaq niyyəti ilə, bacısının həyat yoldaşı Sadiq Əliyevlə birlikdə bir qədər ərzaq, şirniyyat  alaraq Tərtər rayonunun Şıxarx qəsəbəsinə getdi. Onlar cəbhə bölgəsinə çatanda qəsəbənin atəş altında olduğunun, erməni təcavüzkarları tərəfindən bu yaşayış məntəqəsinin ağır artilleriya atəşinə tutulduğunu gördülər. Fərmanla Sadiq  gətirdikləri yardımı hərbi hissəyə verdilər.  Onlardan nə kömək lazım olduğunu soruşdular. Hərbçilərin yeganə xahişləri o oldu ki, vaxt itirmədən atəş altında olan ərazini tərk etsinlər. Hərbçilərdən bu sözləri eşidəndən sonra onlar hərbi hissənin yaxınlığına toplaşanları ərazidən uzaqlaşdırmağa çalışdılar. Bu vaxt düşmən artilleriyası mövqelərimizi atəşə tutdu. Artilleriya atəşini görən Fərmanla Sadiq fikirləşdilər ki, birdən yaralılar olar, onları xəstəxanaya çatdırmaq zərurəti yaranar. Buna görə də avtomobillə atəş altında olan ərazilərə yollandılar. Şükürlər olsun ki, yaralı yox idi.

Sonra onlar Tərtər şəhərinə gələrək yenə də hərbçilərimizə yardım alıb hərbi hissəyə apardılar. Geri dönəndə ordumuza məxsus olan avtomobilin dayandığını gördülər. Məlum oldu ki, avtomibildə yüngülvari nasazlıq yaranıb. Bu sahəni yaxşı bildiyinə görə Fərman avtomobili qısa müddət ərzində təmir etdi. Avtomobili hərbi hissəyə qədər müşayiət etdikdən sonra Fərmanla Sadiq yenidən döyüş bölgəsinə döndülər. Həmin müddət ərzində düşmən tərəfindən atılan top mərmiləri onların olduğu yerə yaxın düşürdü. Fərman top mərmilərindən birinin düşdüyü yerin yaxınlığında yaralı əsgərin olduğunu görüb Sadiqlə birlikdə onu atəş altından çıxararaq xəstəxanaya çatdırdılar. 

Axşam saat 18-19 radələrində Fərmanla Sadiq əsgərlərlə sağollaşaraq Gəncəyə qayıtdılar. Yolun kənarında bir nəfər zabitin dayandığını görüb maşını saxladılar. Məlum oldu ki, zabit Mübariz Vaqif oğlu Rəhimov xidmət etdiyi məntəqəyə getməlidir. Vaxt itirmədən onu maşına götürüb geriyə - yenidən Tərtər rayonuna qayıtdılar. Həmin vaxt ermənilər yenə də Şıxarx kəndini artilleriya atəşinə tutdular. Onların avtomobilinin yaxınlığına düşən mərminin qəlpələri şüşələri deşərək Sadiqin yanında oturmuş Fərmana dəydi. Sükan arxasında olan Sadiq də ağır yaralandı. Xoşbəxtlikdən qəlpələr zabit Mübariz Rəhimovdan yan keçmişdi. Təcili olaraq Fərman Tərtər rayon  xəstəxanasına çatdırıldı. Təəssüflər olsun ki, həkimlər nə qədər çalışsalar da, onun həyatını xilas edə bilmədilər. İlıq bir yaz günündə, 2016-cı il aprel ayının 2-də Vətən uğrunda vuruşan zabit və əsgərlərimizin köməyinə tələsən Fərman Əsədli 26 yaşında əbədi olaraq gözlərini yumdu. 

Həmin gün Fərman Əsədli ilə birlikdə olan Sadiq Əliyev ötüb keçənləri belə xatırlayır: "Düşmən mərmiləri hara, hansı istiqamətə atırdısa, bilirdik ki, orada şəxsi heyət var. Atəş sovuşandan sonra 3-4 dəqiqə gözləyir, sakitlik yaranan kimi maşını ora sürürdük. Əsgərlərlə hal-əhval tutur, onlardan "yaralanan, həlak olan varmı, nə edə bilərik", - deyə soruşurduq. Şükürlər olsun ki, salamatlıq olurdu.  Döyüşçülərimizdən arxayın olub geri qayıdırdıq. Fərmanın ölümü bizi çox sarsıtdı. Təskinliyimizi onunla tapırıq ki, o, müqəddəs bir amal uğrunda canından keçdi, düşmən üzərində qələbəmiz naminə əlindən gələni etdi". 

Fərman Əsədli ilə bir maşında olmuş və təsadüf nəticəsində sağ qalmış zabit Mübariz Rəhimov Aprel döyüşlərindən bir müddət sonra onun yaşadığı ünvana gəlib. Şəhidin atası Elçin Əsədovla görüşərək ona başsağlığı verib, yaşadığına görə oğlu Fərmana borclu olduğunu bildirib. Belə cəsur, qorxmaz, igid, qəhrəman övlad böyütdüyünə görə ona dərin minnətdarlıq edib.

Anası Xatirə xanım Fərmanı həmişə kövrək hisslərlə xatırlayırdı. Oğlunun adı heç vaxt dilindən düşmürdü. Ciyərparasının şirin təbəssümündən, dəcəlliklə dolu uşaqlıq illərindən danışmaqdan doymazdı. Təəssüflər olsun ki, Fərmansız keçən günlər, həftələr Xatirə ananın qəlbini üzdü. Oğul itkisinə dözə bilməyən ana Fərmanın ölümündən iki il sonra ürəyində övlad nisgili dünyadan köç etdi.

Şəhid atası, ehtiyatda olan zabit Elçin Əsədov oğlu haqqında danışanda  gözləri yaşarır. Deyir ki, oğlumla qürur duyuram: "Çünki Fərman igidliyi, cəsarəti və qorxmazlığı ilə başımızı el içində uca etdi. Oğlum ölümün gözünün içinə qorxmadan baxaraq düşmən üzərində qələbəmiz naminə əlindən gələn köməyi əsirgəmədi. Aprel döyüşlərində qüdrətli Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri hərb tariximizə şanlı bir səhifə yazdı. Fəxr edirəm ki, bu səhifələrdə oğlumun, Fərmanımın da adı var". 

Samux rayonunun Sərkar kəndindəki küçələrindən biri bu gün şəhid Fərman Əsədlinin adını daşıyır. Bu küçədə yaşayanlar, bütün samuxlular onu ehtiramla xatırlayır, göstərdiyi igidlikdən ürəkdolusu danışırlar. Vətənin azadlığı naminə öz canından keçən Fərman Əsədli kimi oğullar heç vaxt unudulmayacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!