Ağcabədi fermerləri bu imkanlardan maksimum bəhrələnməkdə qərarlıdırlar
Ölkənin aqrar sektorunun inkişafında mütərəqqi texnologiyaya, kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəyə, müasir dövrün elmi-texniki yeniliklərinə əsaslanan yeni dövrün başlandığı günümüzün reallığıdır.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulan vəzifələr bölgələrdə geniş müzakirə olunur, dövlət başçısının tapşırıq və tövsiyələrini həyata keçirmək üçün qüvvələr səfərbər edilir, görüləcək konkret tədbirlər müəyyənləşir. Qarabağ iqtisadi rayonu böyük potensiala malikdir. İyunun 16-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun iştirakı ilə Ağcabədidə keçirilən regional müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermer və sahibkarlar iştirak etmişlər.
Aqrar sektorun inkişaf istiqamətlərini yeni dövr üçün müəyyən edən yeni dövlət proqramında nəzərdə tutulan vəzifələrin müzakirəsinə həsr edilmiş regional müşavirənin məhz Ağcabədidə keçirilməsi təsadüfi deyildi. Ağcabədi ölkənin aqrar sektorunun inkişafında fərqlənən rayonlardan sayılır. Statistik məlumatlara kiçik bir nəzər salsaq, söylədiyimiz fikir öz təsdiqini tapmış olar. 2016-2025-ci illər ərzində rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 3,5 dəfə artmışdır. Həmin dövrdə taxıl əkinlərinin hər hektar üzrə orta məhsuldarlığı 26,4 faiz yüksəlmişdir. Müqayisə etdiyimiz illər ərzində heyvandarlıq məhsulları istehsalında artım 3,2 dəfə olmuşdur. Pambıq istehsalı 4,7, pambıq əkinlərinin hər hektara görə orta məhsuldarlığı 1,4 dəfə artmışdır. Heç şübhəsiz, qazanılmış bu nailiyyətlər ölkə iqtisadiyyatına verilən sanballı töhfə, kəndlinin güzəranını yaxşılaşdıran səbəbdir. Uğur dolu illər dövlətin güclü dəstəyindən yaradıcılıqla bəhrələnməyin, mövcud potensialdan, əmək ehtiyatlarından bacarıqla istifadənin, məqsədyönlü idarəetmənin, xalqa, dövlətə sədaqətli xidmətin məntiqi nəticəsidir.
İndi Ağcabədi kəndlisinin qarşısında yeni imkanlar açılıb. Taleyini torpağa, halal zəhmətə bağlayan, əməyi ilə bolluq, firavanlıq yaratmağa çalışan hər kəsə dövlətin qayğısı, diqqəti hər gün artır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov söhbətində qarşıdakı beş il ərzində görülməsi vacib olan tədbirlərə xüsusi önəm verdi:
- Böyük minnətdarlıqla, həm də qürurla qeyd etməliyik ki, Prezident İlham Əliyevin tutduğu yol, müəyyən etdiyi hədəflər xalqın və dövlətin mənafeyinə hesablanıb. Bunun ən doğru yol olduğunu böyük hakim olan zaman dəfələrlə təsdiq edib. Bu yol bizi 30 il həsrətini çəkdiyimiz Zəfərə qovuşdurdu. İşğal dövründə məhrumiyyətlər yaşamış soydaşlarımız bu yolla müharibənin xarabalıqları üzərində salınan yeni abad kənd və şəhərlərə, doğma yurd-yuvalarına qayıdırlar. Ən qürurvericisi isə odur ki, bu yol bizi dünya birliyinin inkişaf etmiş, aparıcı dövlətləri sırasında mövqeyə yaxınlaşdırır, söz sahibinə çevirir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda intensiv və dinamik inkişafın yeni istiqamətləri, xalq və dövlət üçün həyati əhəmiyyət kəsb edən yeni hədəflər göstərilib. İnkaredilməz reallıqdır ki, dövlət üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Yetərli vəsait ayırır, konkret fəaliyyət proqramı verir, yol xəritəsi müəyyən edir, maddi-texniki təminat yaradır. Bizim üzərimizə düşən vəzifə isə yaradılan imkandan maksimum səmərəli istifadə etmək, kənd əhalisinin faydalı məşğulluğuna nail olmaq, hər qarış torpağın məhsuldarlığını artırmaq, kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaqdır.
R.Hüseynov sözünə davam edərək dedi ki, iyunun 16-da rayonumuzda keçirilən «Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı»nın müzakirəsinə həsr olunmuş regional müşavirədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Şahmar Mövsümov yeni dövlət proqramının qarşıdakı beş il ərzində hədəflərindən danışdı: “Bildirdi ki, bu proqram strateji sənəd olmaqla kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni nəzərdə tutur. Dövlət proqramının hədəf və vəzifələri məlumdur. Rayonumuz üçün geniş tədbirlər planı hazırlayırıq. Çalışırıq ki, torpaq mülkiyyətçilərinin gücünü səfərbər edib məlum hədəflərə yönəldək. Artıq kəndlərimizdə bir canlanma hiss olunur. Fermerlər, torpaq sahibləri qarşıdakı beş ildə də gerçək fədakarlıq nümunəsi göstərmək, dövlət proqramında qarşıya qoyulan vəzifələri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirmək əzmindədirlər”.
Bu görüşdən aldığımız təəssüratla Ağcabədinin təsərrüfatlarını gəzib dolaşdıq. Pambıq tarlalarında becərmə yüksək aqrotexniki qaydalar əsasında davam edir, taxıl zəmilərində biçin gedirdi. Baramaçılar böyük zəhmət bahasına hasilə gətirdikləri məhsulu tədarük edirdilər. Bağlarda, tərəvəz sahələrində işlərin qızğın çağıydı. Qoyun-quzu sürüləri yaylaqlara qaldırılmışdı.
Bu gün Ağcabədi ölkənin böyük və aparıcı aqrar mərkəzlərindən biri kimi tanınır. Rayon iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq təşkil edir. Keçən il rayonun təsərrüfatlarında 41305 ton pambıq istehsal olunmuş, hər hektarın orta məhsuldarlığı 34,9 sentner təşkil etmişdir. Dövlət fermerlərə 7,8 milyon manat həcmində subsidiya ödəmişdir. Rayonda fəaliyyət göstərən «Prime Cotton», «Azərpambıq», «P-Aqro» «Cotton Trade», “Eden Aqro” Məhdud Məsuliyyətli cəmiyyətləri ilə müqavilə bağlayan torpaq mülkiyyətçiləri cari ildə 8296,6 hektarda pambıq əkib becərirlər.
Bu günlər taxıl biçininin qızğın çağıdır. Təbiətin şıltaqlıqlarından ehtiyatlanan taxılçılar biçin kampaniyasını itkisiz başa vurmağa çalışırlar. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində fəaliyyət göstərən qərargahın səmərəli fəaliyyəti sayəsində yığım kampaniyası zamanı fermerlər problemlərlə üzləşmirlər.
Bu gün Ağcabədi həm də mütərəqqi texnologiyanın, qabaqcıl təcrübənin bacarıqla tətbiqi sayəsində yüksək nəticələr qazanılan ünvandır. «Ağcabədi Taxıl» Aqroparkı çox gəncdir. Bu yeni və mütərəqqi texnologiya ilə qurulan yeni təsərrüfat sahəsində atılan ilk addımlar uğurlarla müşayiət olunur. «Ağcabədi Taxıl» MMC 2500 hektar əraziyə malikdir. Ümumi ərazinin 1340 hektarından çox hissəsində müasir 23 pivot sistemi quraşdırılıb. Aqropark taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğuldur. Keçən il pambıq əkilmiş 1042 hektar sahənin orta məhsuldarlığı 37 sentnerə yaxın olmuşdur. Bu il isə 800 hektarda pambıq əkmişlər. 450 hektarda isə taxıl yetişdirilib. Zəmilərdə yüksək məhsuldarlığa malik 2 taxıl kombaynı işləyir. Arpa biçini başa çatıb. Məhsuldarlıq 55 sentnerdir. Buğda zəmilərində isə biçin davam edir. Məhsuldarlıq hələlik 50 sentner təşkil edir.
Aqroparkın ümumi ərazisinin xeyli hissəsində müasir texnologiyaya uyğun meyvə bağları salınıb. 150 hektar nektarin, 120 hektar badam bağı artıq bara düşüb. Ərazidə 100 hektardan çox xurma və 20 hektar heyva bağı salınıb. Hazırda bağlarda nektarin yığılır. Qonşu kəndlərdən məhsul yığımına 500 nəfərə yaxın işçi cəlb olunub. Onu da qeyd edək ki, aqroparkda daimi işçilərin sayı 180 nəfərdir.
Aqroparkın rəhbərliyi daim axtarışda, yenilik sorağındadır. «Ağcabədi Taxıl» MMC-nin direktoru Ceyhun Məmmədov:
- Müşavirədə aqrar sahəyə investisiya qoyuluşu ilə bağlı Prezident İlham Əliyevin sahibkarlara etdiyi çağırış və yeni dövlət proqramında müəyyən edilmiş hədəflər bizim üçün əsas fəaliyyət proqramıdır. Bununla bağlı biz pambıqçılığın sadəcə istehsalı deyil, həm də sənayeləşməsi üzrə yeni investisiya mərhələsinə start vermişik. 3,5 milyon manat sərmayə ilə quracağımız pambıq çiyidindən yağ istehsal edən müəssisə bu gün ən mühüm layihəmizdir. Aqroparkın gələcək investisiya planları çərçivəsində də mühüm layihələrimiz var. 2027-2030-cu illərdə mərhələli şəkildə 15 min tonluq soyuducu anbar kompleksinin yaradılmasını, saatda 1 ton gücündə meyvə qurudan sistemin, şoklama anbarının və badamqırma zavodunun qurulmasını planlaşdırmışıq. Daha 430 hektar sahədə intensiv meyvə bağları salmağı nəzərdə tuturuq. Ümumi investisiya portfeli 30,7 milyon manat olan aqroparkımız xammalı ölkə daxilində tam hazır sənaye məhsuluna çevirərək idxaldan asılılığı azaltmaqda qərarlıdır. Biz yaxşı dərk edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiq olunmuş yeni dövlət proqramı, sahibkarlar üçün açılan geniş imkanlar ölkəmizin aqrar-sənaye potensialını keyfiyyətcə yeni, innovativ inkişaf mərhələsinə daşıyır.
Məqsəd aydın, məram xoş olanda qurub-yaratmaq həvəsi güclənir, yeni hədəflərə aparan yol qısa və rahat olur. Bu gün Ağcabədidə rayon rəhbərlərindən tutmuş sıravi əmək adamlarına qədər hər kəs məqsəd aydınlığı ilə çalışır. Çalışırlar ki, dövlətimizin iqtisadi gücü daha da artsın, istehsal etdikləri bol məhsul qarşılığında ailələri daha firavan yaşasınlar.
Lazım QULİYEV,
«Azərbaycan»