İyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə birinci oxunuşda baxılması nəzərdə tutulan 10 qanun layihəsi daxil edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda qiymətli kağızlar bazarı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi də nəzərdə tutulur.
Komitə sədri qeyd edib ki, həmin Tədbirlər Planının icrası məqsədilə Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda, həmçinin Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri hazırlanıb.
İclasda iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov qanun layihələrinin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, təqdim olunan dəyişikliklər Miqrasiya və Vergi məcəllələrində, eləcə də “Sosial sığorta haqqında” Qanunda bir sıra güzəştləri nəzərdə tutur. Layihələrdə rəqəmsal inkişaf sahəsinə investisiyaların təşviqi, sahibkarların vergi yükünün azaldılması, onların cəlb etdikləri işçilərin əməkhaqlarının gəlir vergisindən azad edilməsi, işəgötürənlər və işçilər üçün sosial sığorta güzəştlərinin tətbiqi, rəqəmsal səyyah institutunun müəyyənləşdirilməsi, gömrük ödənişlərinin azaldılması, dövlət satınalmalarında startaplara, texnopark və sənaye parklarının rezidentlərinə üstünlüklərin verilməsi, həmçinin vençur kapitalı fondlarının hüquqi bazasının yaradılması ilə bağlı müddəalar əksini tapıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Əmək Məcəlləsinə “işçilərin pay iştirakının planı haqqında müqavilə” anlayışı əlavə edilir, müqavilənin şərtləri və əmək münasibətlərinə xitam verilməsi qaydaları müəyyənləşdirilir. “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər isə rəqəmsal iqtisadiyyat subyektləri üçün diferensiallaşdırılmış güzəştli rejimin tətbiqini nəzərdə tutur.
İclasda, həmçinin “Xüsusi icra məmurları haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, layihədə uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.
Bundan başqa, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan layihələr müzakirə edilib. Qeyd olunub ki, bu dəyişikliklər torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin olunması, torpaqların konsolidasiyası üçün hüquqi bazanın formalaşdırılması məqsədi daşıyır.
Komitələr, həmçinin daşınmaz əmlakın kadastrı və dövlət reyestri sahəsində qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutan dəyişiklikləri, eləcə də Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklikləri nəzərdən keçiriblər. Bildirilib ki, layihəyə əsasən, iqtisadi fəaliyyət sahəsində bəzi cinayətləri törətmiş, vurulmuş ziyanı tam ödəyən və ya cinayət nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə köçürən şəxslər əlavə olaraq ziyanın 50 faizi həcmində ödəniş etdikləri halda cinayət məsuliyyətindən azad olunacaqlar.
İclasda “Kraudfandinq haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar Mülki, Cinayət, Vergi və İnzibati Xətalar məcəllələrində, eləcə də bir sıra qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklər də müzakirə olunub.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə psixiatriya yardımına ehtiyacı olan inzibati xəta törətmiş şəxslərin psixiatriya müayinəsi, eləcə də kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair yeni müddəaların əlavə olunmasını nəzərdə tutan qanun layihəsinə baxılıb.
İclasda “İcra haqqında” Qanunda dəyişiklik edilməsi, eləcə də “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri də müzakirə edilib.
Sonda gündəlikdə yer alan bütün qanun layihələrinin Milli Məclisin plenar iclasında baxılması məqsədilə parlamentə tövsiyə olunması barədə qərar qəbul edilib.