Aşura günü respublikanın demək olar bütün bölgələrində 38 məntəqədə qanvermə aksiyası keçirilir. Bu məntəqələr əsasən ölkənin müxtəlif bölgələrində yerləşən məscid və ziyarətgahlardır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
“Bir neçə ildir ki, bu siyahıya işğaldan azad olunmuş ərazilərimizdəki ibadət məkanları da daxil edilib. Ağdam Cümə məscidində və Şuşadakı məscidlərdə də qanvermə aksiyaları təşkil olunur”, - deyə Gündüz İsmayılov vurğulayıb.
Komitə sədrinin müavini qeyd edib ki, son illər Aşura günü qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda da keçirilir. Ölkədə dini sahə üzrə ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsi olan institutda gələcək din xadimləri, ilahiyyatçılar və dinşünaslar yetişdirilir. Bu baxımdan aksiyanın həmin təhsil ocağında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
G.İsmayılov bildirib ki, aksiyanın təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Qafqaz Müsəlmanları İdarəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və digər qurumlar yaxından iştirak edir.
“Ümumiyyətlə, illər keçdikcə Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil artır. Bu da insanların Aşuranın mahiyyətini daha düzgün dərk etməsinin göstəricisidir və ölkədə aparılan maarifləndirmə işinin nəticəsidir”, - deyə o bildirib.
G.İsmayılovun sözlərinə görə, insanlar Aşura gününün mahiyyətini və İmam Hüseynin uğrunda şəhid olduğu ali dəyərləri daha yaxşı anladıqca, bu günün fəlsəfəsinə uyğun olaraq qanvermə aksiyalarına üstünlük verirlər.
“Bu baxımdan Aşura günü qanvermə aksiyalarının keçirilməsi və insanların bu təşəbbüsə böyük maraq göstərməsi Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərinin və zəngin humanist dəyərlərinin bariz nümunəsidir”, - deyə Komitə sədrinin müavini əlavə edib.