09 Iyul 2024 09:35
957
Səhiyyə
A- A+

Depressiya "yoluxucu"durmu?

 

Psixoloji problemlərdən olan depressiya ciddi, lakin müalicə oluna bilən tibbi xəstəlikdir. Depressiya daim kədərli olmaq, müsbət hisslərdən həzz almamaq kimi müxtəlif emosional və fiziki simptomlarla özünü göstərir. Ən pisi də odur ki, bu psixi hal yalnız şəxsin özüylə bitmir, ətrafdakılara da sirayət edərək, bir növ depressiya zənciri yaradır.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin sorğusu göstərir ki, hər altı nəfərdən birində orta və ya ağır depressiv simptomlar müşahidə edilir. Bu isə əvvəlki üç illə müqayisədə 60 faiz çoxdur.
Finlandiyanın Helsinki Universitetinin psixologiya üzrə dosenti Kristian Hakulinenin rəhbərlik etdiyi komanda 11 il ərzində 700 mindən çox uşağın sağlamlıq qeydlərini izləyib. Təhlillər göstərib ki, sinifdə bir şagirddə depressiya əlamətləri olduqda, onun sinif yoldaşlarının eyni xəstəlikdən əziyyətçəkmə ehtimalı ən azı 9 faiz, bir neçə şagirddə bu hal müşahidə edildikdə isə depressiv şagirdlərin sayı ən azı 18 faiz və daha yüksək olur. Bu da depressiyanın "yoluxuculuq" ehtimalına dəlalət edir.

 

Özgüvən azlığı, mənəvi istismar, yeniyetməlik travmaları...

 

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə,  depressiya ümumi bir psixi pozuntudur: "Depressiyanın başvermə  səbəbləri müxtəlif və individual olsa da, əsas səbəblərdən biri stresli həyat tərzidir. Texnologiyanın inkişafı ilə sürət əsrində yaşamağın gətirdiyi bir çox məsuliyyət və tələblər insanlarda yüksək səviyyədə stresə səbəb olur. Depressiyanın yaranma səbəblərinə dərindən nəzər saldıqda isə bura bir neçə nümunə misal göstərmək olar: özgüvən azlığı, mənəvi və ya fiziki istismar, özünə hörmətin aşağı olması və ya həddindən artıq özünü tənqid etmək, yas və ya itki, uşaqlıq və yeniyetməlik travmaları, evlilik müddəti və evlilikdən sonrakı dövr, eləcə də boşanma müddəti, müxtəlif yaş dövrlərində psixi sağlamlığın nəzərə alınmaması, alkoqol və ya digər asılılıqlar, xəstəliklər və s".
Psixoloq vurğulayıb ki, depressiya hər yaşda baş verə bilsə də, yeniyetmələrdə və qadınlarda buna meyillilik daha yüksəkdir: "Araşdırmalar göstərir ki, adətən qızlar oğlanlardan əvvəl yetkinlik yaşına çatdıqları üçün onlarda depressiv əlamətlər oğlanlara nisbətən daha erkən yaşda özünü büruzə verir. Normal hormonal dəyişikliklər, bioloji amillər, irsi xüsusiyyətlər, doğuşdan sonrakı müddət, perimenopoz və menopoz kimi hallar da qadınların depressiyaya meyillilik dərəcəsini artıran səbəblərdəndir".

 

Depressiya ən yaxşı müalicə effekti əldə edilən psixi pozuntulardan biridir

 

E.Rüstəmovun sözlərinə görə, depressiya qrip kimi yoluxucu xəstəlik olmasa da, əhvali-ruhiyyə və emosiyalar olduqca ötürücüdür: "Bunun səbəblərinə sosial müqayisə, emosional şərh, empatiya aiddir. Sosial müqayisə zamanı biz başqa insanlarla birlikdə olanda və ya sosial mediada vaxt keçirəndə çox vaxt öz dəyərimizi və hisslərimizi başqalarına əsasən müəyyənləşdiririk. Bu müqayisələr əsasında isə özümüzü qiymətləndiririk. Beləliklə, mənfi bir halla qarşılaşdıqda bunun insan psixikasına təsirsiz ötüşməsi imkansızdır. Depressiv görüntüləri əks etdirən videoçarxları izlədikdən sonra insanın mənfi düşüncələrə və depressiv hisslərə qapılması normaldır. Empatiya hissi zamanı isə depressiyadan əziyyət çəkən hər hansısa yaxın, dost və ya ailə üzvünə qarşı kədər və mənfi duyğular hiss edilir. İnsan özünü həmin şəxsin yerində təsəvvür edir və psixoloji olaraq üzüntü keçirir. Lakin bu o demək deyil ki, depressiyadan əziyyət çəkən birinin yanında olmaq avtomatik olaraq sizdə də depressiya yaradacaq. Sadəcə bu, şəxsi daha yüksək risk altına qoyur və daha çox həssaslıq yaradır".
Mütəxəssis qeyd edib ki, xroniki depressiv pozuntu depressiyanın davamlı, uzunmüddətli formasıdır: "Xroniki depressiyada simptomların intensivliyi zamanla dəyişə bilər. Onun simptomlarına kədər, boşluq və ya heçlik hissi, gündəlik fəaliyyətlərə marağın itməsi, daim yorğunluq və enerji çatışmazlığı, özünütənqid və ya bacarıqsız olduğunu hiss etmək, diqqəti cəmləmək və qərar verməkdə çətinlik, işlərin vaxtında və düzgün aparılmasında problemlər, tez əsəbiləşmək, səbirsizlik, sosial fəaliyyətlərdən qaçmaq, keçmişə görə günahkarlıq və narahatlıq hissi, zəif iştah və ya həddindən artıq yemək, yuxu problemləri, ümidsizlik və sairə aid edilə bilər. Bu hallar şəxsin həyatına və gündəlik fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Belə vəziyyətdə müalicə olmadan depressiya daha da pisləşə və daha uzun müddət davam edə bilər".
Psixoloq vurğulayıb ki, depressiyanın ağır hallarında fərd özünə zərər verə, hətta intihara cəhd edə bilər: "Ona görə də stresə nəzarət etmək, ailə və dostlarla ünsiyyətdə olmaq, problemin ən erkən əlamətində müalicə almaq olduqca vacibdir. Bu simptomları özündə müşahidə edən şəxs mütəxəssisə müraciət etməli və seanslara başlamalıdır. Dərmanla yanaşı, psixoterapiya depressiyanın müalicəsində əsas üsuldur. Psixoterapiya mütəxəssis ilə söhbəti əhatə edir. Bu zaman terapevt qeyri-sağlam duyğuları, düşüncələri və davranışları müəyyənləşdirməyə və dəyişdirməyə kömək edir. Nəzərə almaq lazımdır ki, depressiya ən yaxşı müalicə effekti əldə edilən psixi pozuntulardan biridir. Depressiyadan əziyyət çəkən insanların təxminən 80-90 faizi müalicəyə yaxşı cavab verir. Unutmamaq lazımdır ki, psixoloji sağlam həyat hər kəsin haqqıdır".

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video