Bu, ekosistemin təhlükəsizliyi üçün vacibdir
Yer kürəsinin 30 faizindən çoxunu əhatə edən dağlar əsrlər boyu xalqların sığınacağı, qədim inancların beşiyi, mədəniyyətlərin ilham mənbəyi olub. Dağlar sanki sükut içində danışan, minilliklərin yaddaşını özündə daşıyan təbiət kitabıdır. Bu kitabı oxumaq, qorumaq və gələcək nəsillərə ötürmək isə bizim məsuliyyətimizdir.
Dünyanın içməli su ehtiyatlarının 60 faizindən çoxu məhz dağlardan qaynaqlanır. Onlar milyonlarla insanın həyatına nəfəs verir - tarlaları suvarır, şəhərləri içməli su ilə təmin edir, sənayeni irəli aparır və ekosistemləri yaşadır. Dağlar həm də iqlimin tənzimləyicisidir. Onlar temperatur balansını qoruyur, yağış və qar dövranını formalaşdırır, torpağın münbitliyini sabit saxlayır.
BMT Baş Assambleyasının qərarı ilə 2003-cü ildən etibarən hər il dekabrın 11-i dünya miqyasında Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Bu gün, sadəcə, təqvim xatırlatması deyil, həm də dağların insan həyatında, təbiətin sabitliyində, ən əsası isə gələcəyimizdə oynadığı rolu yada salan mühüm bir çağırışdır.
Ətraf mühit və ekosistem üçün olduqca böyük əhəmiyyətə malik dağlar qlobal istiləşmə, insan fəaliyyəti və təbii fəlakətlər fonunda müəyyən təsirlərə məruz qalır. Ekoloq Cəmşid Bəxtiyar qəzetimizə açıqlamasında bu gün dağ ekosistemlərinin ciddi təhdid altında olduğunu bildirir. Onun sözlərinə görə, qlobal istiləşmə nəticəsində dağlarda buzlaqlar sürətlə əriməyə başlayıb: "İqlim dəyişikliyi dağlardakı buzlaqları sürətlə kiçildir. Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilə qədər bir çox regionda buzlaqların 50 faizdən çoxu yox olacaq. Bu, su ehtiyatlarının azalması, quraqlıq və sel risklərinin artması deməkdir".
Torpaq sürüşmələri, eroziya, meşələrin qırılması və insan təsərrüfatının idarə edilməsindəki boşluqlar da dağların təbii quruluşunu zəiflədir. Ekoloq bildirir ki, meşələrin qırılması məsələsində son illər müəyyən müsbət addımlar atılsa da, təhlükə tam aradan qalxmayıb: "Ucqar kəndlərin qazlaşdırılması meşələrin qırılmasının çox hissəsinin qarşısını alıb. Amma bununla yanaşı, ucqar kəndlərdə bioqaz qurğularının tətbiqi də vacibdir. Meşələrin qorunmasında meşə gözətçilərinin də üzərinə böyük iş düşür. Onlar yalnız quru, çürümüş ağacların kəsilməsinə icazə verməli, xüsusən soyuq aylarda meşələrə nəzarəti gücləndirməlidirlər".
İqlim dəyişikliyinin ən görünən təsirlərindən biri yüksəklik qurşaqlarının yerdəyişməsidir. Cəmşid Bəxtiyar bildirir ki, xüsusilə Şərqi Zəngəzur dağlarında subalp qurşağı artıq 150-200 metr yuxarı qalxıb: "Əvvəllər müəyyən yüksəklikdə bitən Alp bitkiləri indi daha yuxarı çəkilir. Aşağı zonalarda isə bu növlərin kökü kəsilir. Xüsusilə giləmeyvə növlərinin yayılma arealı artıq hiss olunacaq dərəcədə dəyişib. Bu dəyişikliklər endemik növlərin yox olmasına gətirib çıxara bilər. Dağlar minlərlə bitki və heyvan növü üçün unikal yaşayış məskənidir və hər bir qurşağın yerinin dəyişməsi ekosistem zəncirini pozur".
Dağ yamaclarında nəzarətsiz otarılmanın yaratdığı təhlükə də böyükdür. Ekoloq izah edir ki, heyvan yükü normadan artıq olduqda torpaq örtüyü sürətlə məhv olur: "Bir hektar əraziyə düşən heyvan sayına dair normativlər var. Dağlıq ərazilərdə 25 dərəcədən artıq maililiyə malik yamaclarda otlaq qəti qadağan edilməlidir. Çünki xüsusilə qoyunlar torpağın üst qatını dırnaqları ilə didərək kök sistemini məhv edir. Bu, eroziyanı sürətləndirir, yağıntıların udulmasını azaldır və sel riskini artırır. Bu problem təkcə torpağa deyil, bitki örtüyünə, çaylara, hətta meşə örtüyünə qədər təbii bir dövrün pozulmasına səbəb olur. Lakin yalnız qadağa ilə iş bitmir, kəndlilərə otarılma üçün alternativ variantlar da təklif edilməlidir".
Dağlar hər zaman turistləri özünə cəlb edib. Lakin turizm idarə olunmadıqda təbiətə ağır ziyan vurur. Cəmşid Bəxtiyarın sözlərinə görə, turist yükü, məişət tullantıları, plastik çirklənmə, nəzarətsiz çadır düşərgələri, yol tikintisi və yamacların kəsilməsi dağ ekosistemini ciddi zəiflədir. Heyvanların miqrasiya yolları pozulur, su keyfiyyəti pisləşir, bitki örtüyü zədələnir. Bununla yanaşı, ekoturizmin müsbət tərəfləri də böyükdür. O, meşələrin bərpasına, qoruqların maliyyələşdirilməsinə, yerli icmaların sosial və iqtisadi inkişafına təkan verir. Turist axını olan bölgələrdə infrastrukturun yaxşılaşdırılması da qaçılmazdır. Lakin bütün bunların təbiətə ziyan vermədən baş verməsi üçün ciddi planlaşdırma və nəzarət zəruridir.
Ekoloqun fikrincə, dağ ekosistemlərini qorumaq üçün yamaclarda dayanıqlı tikinti standartlarının tətbiqi, su mənbələrinin monitorinqi və qorunması, qoruqların genişləndirilməsi, turist axınının tənzimlənməsi, dron və rəqəmsal monitorinq texnologiyalarının tətbiqi, eroziyanın qarşısını alan layihələrin həyata keçirilməsi vacibdir. Bu tədbirlər yalnız təbiətin deyil, gələcək nəsillərin rifahı üçün də vacib addımlardır.
Azərbaycan çaylarının 70 faizindən çoxu dağlarda formalaşır. Qar örtüyü, buzlaqlar və yağıntıların əsas toplanma mənbəyi məhz dağlardır. Bu səbəbdən dağlıq ərazilərdə baş verən hər bir dəyişiklik düzənlik bölgələrdəki kənd təsərrüfatına, su təhlükəsizliyinə və gündəlik həyata birbaşa təsir göstərir.
Cəmşid Bəxtiyar deyir ki, son illərdə su anbarlarının dolma səviyyələrində qeyri-sabitlik müşahidə olunur. Goranboyun Səfikürd kəndi yaxınlığındakı su anbarı əvvəllər dolu olurdu, indi isə nadir hallarda dolur. Bu, ətrafda rütubət balansının dəyişməsinə, bitkilərin durumuna və mikroiqlimə təsir edir. Bununla yanaşı, dağlarda hidroenerji layihələrinin genişlənməsi də müsbət hal kimi qiymətləndirilir.
"Azərbaycanın dağlıq əraziləri, xüsusilə Kəlbəcər və Laçın Qafqazın ən zəngin biomüxtəlifliyə malik bölgələrindən sayılır. Burada Qafqaz dağ alçası, ardıc meşələri, fıstıq, vələs, palıd ağacları, Xınalıq yoncası, Qarabağ dağ laləsi kimi endemik bitkilər, Qafqaz bəbiri, qartal, ayı, çöl donuzu, bezoar keçisi kimi nadir flora və fauna növləri mövcuddur. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 60 min hektardan çox meşə məhv edilib, çaylar kimyəvi maddələrlə çirkləndirilib, torpaqlar ağır metallar və partlayıcı maddələrlə zəhərlənib. Minalanma səbəbindən bu gün də bir çox əraziyə daxil olmaq mümkün deyil. Lakin artıq qoruqların və milli parkların genişləndirilməsi, meşə bərpası layihələri, təbiətdə müşahidə üçün dronlardan istifadə, su hövzələrinin bioloji və mexaniki təmizlənməsi, yabanı heyvanların reintroduksiyası, Laçın və Kəlbəcərdə ekoloji monitorinq kimi genişmiqyaslı bərpa işləri həyata keçirilir", - deyə mütəxəssis məlumat verib.
Dağlar təkcə gözəllik deyil, onlar suyun, hava balansının, biomüxtəlifliyin və insan həyatının təməlidir. Onların hər qarışı canlıların yaşadığı böyük bir dünyadır. Qlobal istiləşmə, nəzarətsiz otarılma, çirklənmə, turist yükü, meşələrin qırılması və nizamsız tikinti bu nəhəng ekosistemin səssiz fəlakətinə yol açır. Dağları qorumaq gələcəyimizi qorumaq deməkdir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"