28 Oktyabr 2024 11:37
95
COP29
A- A+
COP29: ekoloji problemlərin həllində yeni mərhələ

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

Qlobal problemlərin mənfi təsirlərinin getdikcə artması bəşəriyyəti ciddi şəkildə narahat edir. Yaranmış vəziyyət dünya dövlətləri və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlığı, müxtəlif səviyyələrdə koordinasiyalı fəaliyyətin göstərilməsi zərurətini yaradır. İqlim dəyişikliyinin canlı aləmə zərərli təsirinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi dünya birliyinin diqqət mərkəzindədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) kimi mötəbər tədbirin keçirilməsi cəmiyyət-təbiət münasibətlərində özünü göstərən mənfi meyllərin qarşısının alınması, xüsusilə qlobal ekoloji təhlükəsizliyin təmin olunmasının vacibliyindən irəli gəlir.

COP-un 29-cu sessiyasının bu ilin noyabr ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində təşkili xalqımızın həyatında əlamətdar tarixi hadisələrdən biri olacaq. Qeyd edək ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əsasında ciddi siyasi-iqtisadi səbəblər dayanır. Xüsusilə davamlı inkişaf çərçivəsində ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli məqsədilə milli və beynəlxalq səviyyələrdə göstərdiyi fəallıq ölkəmizin COP29-a ev sahibliyi etməsini şərtləndirən mühüm amillərdir.

Bu fikirlər fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun “COP29: ekoloji problemlərin həllində yeni mərhələ” sərlövhəli məqaləsində yer alıb. AZƏTAC məqaləni təqdim edir.


Ekoloji təhlükəsizliyin təmin olunmasında iqtisadi inkişafın rolu


COP29-un keçirilməsi ölkəmizin özündə siyasi, iqtisadi, sosial və ekoloji komponentləri birləşdirən davamlı inkişafı ilə sıx bağlıdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün təsirli vasitələrdən biri olan “yaşıl enerji” sektorunun inkişafında əhəmiyyətli rol oynayır. Karbohidrogen mənbələrindən asılılığın azaldılması bərpaolunan enerji resurslarının potensialından səmərəli şəkildə istifadə olunmasını sürətləndirir. “Yaşıl enerji”yə keçid istixana qazları emissiyalarını azaltmaqla ekoloji vəziyyəti yaxşılaşdırmağa kömək edir ki, bu da iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından vacibdir.

Şaxələndirmə yerli və xarici sərmayədarlar, “yaşıl enerji” layihələrini həyata keçirməkdə maraqlı olan şirkətlər üçün əlverişli iqtisadi mühit formalaşdırır. İnvestisiyaların cəlb edilməsi “yaşıl enerji” infrastrukturunun inkişafına təkan verir, “yaşıl iqtisadi artım”ı stimullaşdırır. Bərpaolunan enerji mənbələri innovativ həllər vasitəsilə mövcud enerji şəbəkələrinə inteqrasiya olunur, daha dayanıqlı enerji formalarına keçid təmin edilir, ümumi daxili məhsulda “yaşıl enerji” sektorunun həcmi getdikcə artır. Enerji istehsalının səmərəliliyi və dayanıqlılığı güclənir ki, bu da enerji təhlükəsizliyinin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır. Əlverişli iqtisadi mühit bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin uğurla həyata keçirilməsini təmin edir. “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətinin əsas vəzifələrindən birini təşkil edir. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur.

Davamlı iqtisadi inkişafın nəticəsində COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri infrastruktur yaradılmışdır. Müasir standartlara cavab verən avtomobil və dəmir yolları, hava limanları şəbəkəsinin mövcudluğu, böyük mehmanxanaların, yüksək səviyyəli xidmətlərin olması, lazımi texniki təchizatla təmin edilmiş konfrans mərkəzləri, onlayn yayımı, qarşılıqlı əlaqəni təmin edən rabitə sistemləri və internet infrastrukturunun inkişafı COP29-un yüksək səviyyədə təşkili üçün böyük əhəmiyyət daşıyır.


COP29-un Azərbaycanda keçirilməsinin siyasi aspektləri


COP29-un ölkəmizdə keçirilməsi qərarının verilməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi amillərə söykənir. Belə ki, ölkəmiz Cənubi Qafqaz regionunun lider dövləti kimi dünya birliyində böyük nüfuz qazanmış, ətraf mühitin qorunmasına dair beynəlxalq konvensiyalara qoşulmuşdur. Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmiş, 2000-ci ildə isə həmin Konvensiyaya əlavə olunan Kioto Protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli Sərəncamı ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasını, 2000-ci ildə isə BMT-nin Biomüxtəlifliyin qorunması haqqında Konvensiyasını ratifikasiya etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli Sərəncamı ilə Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası yaradılmış, 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramlar təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq olunmuşdur. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 2016-cı il) imzalanmışdır.

Adıçəkilən sazişlərdə və konvensiyalarda tərəflər arasında iqlim dəyişikliyi, ekoloji mühitin çirklənməsinin qarşısının alınması, tullantıların idarə edilməsi və yenidən istifadəsi, torpaqların mühafizəsi, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi, habelə digər sahələrdə əməkdaşlığın yaradılması nəzərdə tutulur. Neft sənayesinin ekologiyaya təsirinin məhdudlaşdırılması məqsədilə təcrübə mübadiləsinin aparılması, yanacaq-enerji kompleksinin ətraf mühitə təsirlərini azaltmaq üçün enerji səmərəliliyinin artırılması, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlıq, “yaşıl enerji”nin inkişafı və ötürülməsi istiqamətində strateji tərəfdaşlıq və qabaqcıl ekoloji texnologiyaların mübadiləsinə böyük əhəmiyyət verilir. Sənədlərdə əsasən aşağıdakı hədəflər müəyyən olunur:


• yaşıl və təmiz enerji mənbələrini, enerji səmərəliliyini, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadəni təşviq etmək üçün birgə əməkdaşlığın gücləndirilməsi;

• bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin tranzit ötürülməsi və təchizatı sahəsində əməkdaşlıq;

• “yaşıl hidrogen” istehsalı, nəqli və ticarəti layihələrinin həyata keçirilməsi, bu sahədə məlumat, nou-hau mübadiləsinin aparılması;

• enerji səmərəliliyi və enerjiyə qənaət məsələləri üzrə yeni texnologiyaların tətbiqi, bu istiqamətdə xidmətlərin formalaşdırılması;

• bərpaolunan enerjinin istehsalı, nəqli, ticarəti sahələrində fəaliyyət imkanlarının müəyyən edilməsi və s.


Ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər sənədlər çərçivəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

COP29-un təşkili ölkəmizin xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli münasibətlərinin dərinləşməsində geniş imkanlar yaradır ki, bu da Azərbaycanın dünyada siyasi mövqeyinin daha da güclənməsi deməkdir. Bu tədbir ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki strateji hədəflərini geniş auditoriyaya çatdırmaq üçün vacib platformadır. Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərarı yüksək qiymətləndirərək bildirib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq”. Azərbaycan Prezidenti COP29-un beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətini vurğulayaraq qeyd edib: “Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.

Ekoloji problemlər qlobal xarakter daşıdığından onların aradan qaldırılması üçün dövlət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin birgə səy göstərmələri vacibdir. Siyasi iradə olmadan ətraf mühitlə bağlı məsələlərin optimal həllini nəzərdə tutan zəruri qərarların qəbul edilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi mümkün deyil. Buna görə də Prezident İlham Əliyev qətiyyətli siyasi iradə göstərərək xarici ölkələrin dövlət başçıları və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri ilə görüşlərində qlobal ekoloji problemlərin həllində Azərbaycanın prinsipial mövqe tutduğunu, xüsusilə iqlim dəyişikliyindən irəli gələn məsələlərlə bağlı dünya ölkələri arasında həmrəyliyin, birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Ölkəmiz qlobal iqlim dəyişikliyinə dair məsələlərin müzakirəsində yaxından iştirak etmək imkanı qazanmaqla həm də bu sahədə beynəlxalq siyasətin formalaşmasına təsir göstərir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılmış, səmərəli institutsional mexanizmlər yaradılmışdır. Prezident İlham Əliyevin 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan etməsi ekoloji problemlərin həllinə böyük diqqət və həssaslıqla yanaşmağın bariz nümunəsidir. Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməklə böyük iradə nümayiş etdirdiyini bir daha göstərir.


Müasir dövrün ekoloji çağırışları: problemlər və onların həlli yolları


Ekoloji tarazlığın bərpası, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi qlobal xarakter daşıyır. Hələ 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş konfransda dünyanın gələcək inkişafının ekoloji problemlərin həlli ilə sıx bağlı olduğu xüsusi vurğulanmışdır. İqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin daha geniş miqyas alması, ətraf mühitin çirklənməsindən irəli gələrək müxtəlif xəstəliklərin yayılması qlobal xarakter daşıyır. Onların aradan qaldırılması milli və beynəlxalq səviyyələrdə operativ tədbirlərin həyata keçirilməsini zəruri edir.


Qlobal ekoloji çağırışlar aşağıdakılardır:


• Qlobal iqlim dəyişikliyi insanların həyatı və sağlamlığına, flora və faunaya təhlükə yaradır, həmçinin hidroloji və meteoroloji parametrlərin dəyişməsinə səbəb olur.

• Bərpaolunan enerji mənbələrindən istifadə edilməsi, “yaşıl enerji”yə keçid ekoloji böhranın mənfi təsirlərinin azaldılması üçün təsirli vasitələrdən biri olduğundan milli və beynəlxalq platformalarda bu amilə ciddi önəm verilməlidir.

• Sənaye və məişət tullantıları, pestisidlər və plastik materialların atılması insan sağlamlığına, ekosistemlərə ciddi zərər verir.

• Neft dağılmaları və digər çirkləndiricilər dəniz ekosistemlərinə böyük təhlükə yaradır.

• Torpağın keyfiyyətini pisləşdirən gübrələr, pestisidlər, zəhərli tullantılar qida təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərə səbəb olur və s.


Ölkəmizdə ətraf mühitə mənfi təsirləri və riskləri əhəmiyyətli dərəcədə azaldan iqtisadi inkişaf modeli kimi “yaşıl iqtisadiyyat”ın inkişafı sahəsində mühüm irəliləyişlər əldə edilir. Təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür.

Azərbaycan dövlətinin apardığı ekoloji siyasətin əsas hədəfini əhalinin sağlam ətraf mühit şəraitində yaşamasının təmin olunması təşkil edir. Bu məqsədlə istilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sistemləri yaradılmış, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata, ekosistemlərə iqlimin təhlükəli təsirləri barədə məlumatların toplanması, təhlili və ümumiləşdirilməsi üzrə dövlət informasiya sistemi formalaşdırılmış, ozondağıdıcı maddələrdən istifadə olunması tədricən aradan qaldırılmışdır.


Məqsədyönlü şəkildə həyata keçirilən ekoloji siyasətin nəticəsində


• ekosistemlər və biomüxtəliflik qorunur;

• ölkəmizin inkişafının ekoloji baxımdan dayanıqlılığı təmin olunur;

• ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə iqtisadi resurslardan səmərəli istifadə edilir;

• “yaşıl enerji” texnologiyalarından istifadə olunmasına böyük əhəmiyyət verilir və s.

Ekoloji siyasət sosial-iqtisadi və ekoloji proqnozlar nəzərə alınmaqla qərarların qəbul edilməsi, bu prosesdə alternativ variantlardan, ətraf mühitin qorunmasında vətəndaş cəmiyyəti institutlarının potensialından istifadə olunması kimi prinsiplərə əsaslanır.


Ekoloji siyasətin əsas istiqamətləri aşağıdakılardır:

• su ehtiyatlarından səmərəli istifadə, xüsusilə Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi;

• iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması;

• atmosfer havasının mühafizəsi;

• biomüxtəlifliyin qorunması;

• meşə örtüyünün, yaşıllıqların mühafizəsi;

• çirklənmiş ərazilərin bərpası;

• tullantıların idarə olunması;

• ekoloji şüurun inkişaf etdirilməsi və s.


Ölkəmizdə istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılması nəzərdə tutulur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub, bu ərazilərdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Ətraf mühitin qorunmasına Azərbaycan dövlətinin böyük həssaslıqla yanaşmasının əsas səbəblərindən biri də işğaldan azad edilmiş ərazilərdə vaxtilə Ermənistanın ekoloji terror törətməsidir. Ermənistan ətraf mühitin mühafizəsinə dair qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq bu əraziləri ekoloji fəlakət zonasına çevirmiş, işğal dövründə təbii ehtiyatlar istismar olunaraq talan edilmişdir. Milli park və qoruqlar, qiymətli ağaclar, digər nadir biomüxtəliflik nümunələri məhv olunmuşdur. Ümumi sahəsi 8 min hektardan çox olan qiymətli çoxillik sıx meşələrdən ibarət ekosistemin məhv edilməsi ilə biomüxtəlifliyə ağır zərbə vurulmuşdur. Qiymətli flora və fauna növləri ilə zəngin olan meşələr talan edilmişdir. Su hövzələri böyük antropogen təsirə məruz qalmış, içməli su mənbələri məqsədli şəkildə kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilmişdir. Hazırda bu ərazilərdə ekoloji vəziyyətin bərpası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların salınması və artırılması, ekosistemin qorunması istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl siyasət aparılır.

Məlumdur ki, qlobal ekoloji problemlərin səmərəli həlli üçün dünya dövlətlərinin birgə maliyyə dəstəyi göstərməsi vacib şərtlərdən biridir. Məhz bu halda iqlim dəyişikliyinə, havanın çirklənməsinə və digər ekoloji təhlükələrə qarşı mübarizənin aparılması, biomüxtəlifliyin və ekosistemlərin qorunması mümkündür. Qlobal iqlim böhranının həlli böyük həcmdə sərmayə tələb edir. Lakin iqlim maliyyəsinin hazırkı həcmi lazım olduğundan bir neçə dəfə aşağıdır. Buna görə də iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyələşmə vacib məsələlərdən biridir. Araşdırmalar göstərir ki, həm maliyyə ödəmələri, həm də iqlim dəyişikliyinin azaldılması üçün göstərilən səylər hələlik müəyyən edilmiş tələblərə cavab vermir. İnkişaf etmiş ölkələrin qlobal iqlim dəyişmələrinin qarşısının alınması ilə bağlı maliyyə məsələlərinin həllində lazımi fəallıq göstərməməsi, yükü digər maliyyə mənbələrinin üzərinə atmağa çalışması təəccüb doğurur. Xüsusilə bu məsələdə ABŞ-ın mövqeyi xeyli suallar yaradır. Dünyada neft və qaz kimi qazıntı yanacaqlarının çıxarılmasında və atmosferə böyük həcmdə karbon emissiyasının atılmasında əsas yerlərdən birini tutan ABŞ-ın iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyə yardımının göstərilməsində özünü kənarda saxlamağa üstünlük verməsi birmənalı qarşılanmır.

Azərbaycan dövləti COP29 çərçivəsində qlobal iqlimə uyğunlaşma üzrə beynəlxalq əməkdaşlıqda effektiv maliyyələşmə mexanizmlərinin formalaşmasına böyük həssaslıqla yanaşır. İqlim məsələləri üzrə dünyanın tanınmış alimlərinin və ekspertlərin hesablamalarına görə, 2030-cu ilə qədər qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün ən azı 1 trilyon ABŞ dolları məbləğində investisiya lazımdır. Buna görə də Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə maliyyə öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. Təbii ki, qlobal iqlim dəyişikliyinə qarşı səmərəli mübarizənin aparılması bir və yaxud bir neçə ölkənin maliyyə dəstəyi ilə mümkün deyil. Bu məsələdə dünya dövlətlərinin və beynəlxalq qurumların birgə səy göstərməsi vacibdir.

Yuxarıda göstərilənləri ümumiləşdirsək aydın olur ki, qlobal ekoloji problemlər bəşəriyyəti ciddi şəkildə narahat edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal səviyyədə ekoloji təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayan institusional mexanizmlərdən biridir. COP-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin qərara alınmasında ölkəmizin davamlı inkişafı, onun tərkib hissələrindən biri kimi ətraf mühitin qorunması sahəsində əldə etdiyi uğurlar, növbəti mərhələ üçün müəyyənləşirilmiş hədəflər həlledici rol oynayır. COP29 iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə ölkəmizlə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlığın yeni perspektivlərini yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin şirkəti 2027-ci ildə kosmik səyahət üçün ilk biletləri satıb

13:39
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

13:29
28 Oktyabr

Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı keçirilib

13:21
28 Oktyabr

Hirkan Milli Parkında Asiya bəbirlərinin artımı müşahidə olunur

13:07
28 Oktyabr

IRENA-nın baş direktoru: COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün həlledici mərhələdir

13:05
28 Oktyabr

Türkiyədə terrorçuluqda şübhəli bilinən 216 nəfər saxlanılıb

13:03
28 Oktyabr

Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində su təsərrüfatı qurulur

12:58
28 Oktyabr

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!