1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qəmər xanım adlı müğənninin konsertində Mikayıl Müşfiq, Dilbər xanım və dostu Əli də iştirak edirmiş. Başdan-başa al qırmızı geyimdə olan müğənni təkrarsız səsilə salondakıları heyran edir. Müşfiq dostundan bir şeir qoşmasını istəyir. O, aşağıdakı misralarla başlayan şeiri bədahətən deyir:
Həyatın bağçadır, hər yanı bahar,
Hər yanın qırmızı, sanki laləzar,
Səndə təbiətin gözəlliyi var.
Bilmirəm ləlsən, yoxsa gövhərsən,
Qırmızı geyinmiş nə bəxtəvərsən.
Seir Müşfiqin xoşuna gəlir və deyir: "Sən çox fəhmli oğlansan, səndə İmam Əli fəhmi var". Gənc o vaxtdan Əli Fəhmi adı ilə tanınmağa başlayır.
Əli Fəhmi - Əli Ələkbər oğlu Ələkbərov 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində Ələkbər Hacı Gəncəlinin ailəsində dünyaya göz açıb. Elmin müxtəlif sahələrində uğurlara imza atan alimlərimizdən biri kimi tamınmış Əli Fəhmi 56 illik ömür yolunda bugünkü və gələcək nəsillər üçün dəyərli irs qoyub.
Amma valideynləri onun gələcəkdə dini elmlərə vaqif olmasını istəyirdilər. Buna görə də təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Əli 1926-cı ildə qəsəbədəki 10 illik məktəbin birinci sinfinə gedir. Gündəlik dərsləri ilə yanaşı, ərəb və fars dillərini də öyrənir.
Erkən çağlarından ədəbiyyata, poeziyaya marağı onu Mikayıl Müşfiqin təşkil etdiyi ədəbi dram dərnəyinə gətirir. Burada onların möhkəm dostluğu yaranır. Və bu isti münasibət şairin həbsinə qədər davam edir.
1936-cı ildə orta məktəbi başa vuran Əli Bakı Tibb İnstitutuna qəbul olunur. O, 1941-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək təyinatla Sabirabada göndərilir. Terapevt-həkim kimi əmək fəaliyyətinə başlayan gənc həkim 1949-cu ilədək rayon hərbi komissarlığında çalışır. O, həkimıliklə bərabər, rayon mərkəzindəki orta məktəbin X sinfində dil-ədəbiyyat fənnini tədris edir. Təyinat müddəti başa çatdıqdan sonra - 1949-cu ildə Bakıya dönür, bir neçə il 12 nömrəli poliklinikada baş həkim, tibb bacıları hazırlayan məktəbdə dil-ədəbiyyat müəllimi və tədris hissə müdiri vəzifələrində çalışır.
Klassik poeziyaya olan hədsiz marağı onu 1952-ci ildə Azərbaycan Dövlət Universitetinə (indi BDU) gətirir. 1957-ci ildə Əli universitetin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsini (qiyabi olaraq) fərqlənmə diplomu ilə başa vurur. İstedad və tədqiqatçılıq bacarığına görə onu universitetin aspiranturasına qəbul edirlər. Bu ərəfədə professor Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası yazır. Lakin həmin mövzu üzərində digər bir aspirantın da işlədiyi bəlli olur. Məsələ ilə bağlı müraciətlərinə baxmayaraq, heç nəyə nail ola bilmir, süründürməçilik onu bezdirir və elmi müdafiəsindən imtina edir.
Azərbaycan mətnşünası və tərcüməçisi Əli Fəhmi klassik Şərq ədəbiyyatının bilicisi kimi Azərbaycan Dövlət Televiziyası və Radiosunda əruz vəznində yazılan və çətin oxunan əsərlərin məsləhətçisi olur. O, eyni zamanda Azərbaycan Dram Teatrında "Ölülər" pyesinin tamaşaya hazırlanmasında yaxından iştirak edir.
Ədəbiyyatşünas alim 1961-ci ildən ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim kimi çalışır. Burada qədim dövr və mətnşünaslıqdan dərs deyir. İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, klassik muğam, habelə xalq musiqisi ilə bağlı qiymətli monoqrafiya və məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Onun, özündən sonrakı həmkarlarının vurğuladıqlarına görə, "Füzuli yaradıcılığının bəzi poetik xüsusiyyətləri" tədqiqatı hələ də bu mövzuda yazılmış əsərlərin ən mükəmməli hesab olunur.
Şair-qəzəlxan Həkim Qəni (Qəni Hüseynov) Əli Fəhmidən bəhs edərək yazıb: "20 il onunla bir yerdə oturdum-durdum, heç eşitmədim ki, o, eyni sözü təkrar etsin. Əli Fəhmi gözü-könlü tox olaraq dünya malına etina etməyib". Musiqi dünyamızın canlı tarixi adlandırılan Xalq artisti Əlibaba Məmmədov isə mətbuata açıqlamasında bildirib: "Mən qəni-qəni rəhmətlik Əli Fəhmi kimi dahi ilə Əhmədxan müəllimin evində tanış olmuşam Ə.Vahidin sözlərinə yazdığım "Hisar" təsnifinin adı ilə bağlı ("Hisar" yoxsa, "Hasar") mübahisə də həmin görüş zamanı olmuşdu. Dövrün elm-bilik, söz-hikmət sərrafı hesab edilən Əli Fəhminin "El arasında "Hisar" deyirlər, qoy elə də qalsın" hökmü məsələni həll etdi".
Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, Jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi. Tanınmış alimin klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunurdu. Tədqiqatçı-yazar Yeqzar Cəfərli "Əli Fəhmi dünyası" (Bakı, 2010) kitabında alimin araşdırmalarının zəngin məlumatlılığı ilə seçildiyini vurğulayır. Bildirir ki, o, hər hansı bir şair və yazıçı haqqında yazmaq istəyərkən qabaqcadan onun əsərlərini, fəaliyyət göstərdiyi mühiti, hətta doğulduğu təbii şəraiti belə dərindən öyrənirdi.
Əli Fəhminin XX əsrin məşhur aşıq və xanəndəsi kimi tanınan Mirzə Səttar Ərdəbili ilə bağlı məqalələrindən aydın olur ki, onun Tiflisdə nəşr olunan "Kafkaz" qəzetinin materialları haqqında ətraflı bilgisi varmış. Əli Fəhmi hətta xanəndənin Seyid Əzimin hansı qəzəlini daha çox oxumasını da bilib. Tanınmış tarzən Mansur Mansurovun xatirələrinə istinadən yazır ki, Mirzə Səttar Seyid Əzimin qəzəllərini də ən çox "Rast" və "Humayun" üstündə ifa edib. Daha çox xoşladığı nümunə isə aşağdakı misralarla bitən qəzəli olub:
Olma yarın, Seyyida, cövrü-cəfasından məlul,
Aşiqə cövrü-cəfası dilbərin ehsanıdır.
Tanınmış söz sərrafı Əli Fəhmi 13 mart 1975-ci ildə Bakıda vəfat edib.
Məzarı Bülbülə kənd qəbiristanlığındadır.
Rəhman SALMANLI,
"Azərbaycan"