Dövlətimizin başçısının mayın 20-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü ilin iyulun 1-dən 30-dək müddətli həqiqi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli struktur bölmələri çağırışçıların qrafik əsasında xidmət yerlərinə göndərilməsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Xidmət tərəfindən Sərəncamın icrasının müvəffəqiyyətlə həyata keçirilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi üçün mövcud imkanlar səfərbər edilib. Prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflərin icrası ilə bağlı Xidmət tərəfindən zəruri tədbirlər görülüb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin təmin edilməsi istiqamətində vacib fəaliyyət həyata keçirilib. Belə ki, bölgü Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqına Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki) və hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparılıb.
Qeyd edək ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 25-də SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.
Çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Füzuli İsmayılov bildirib ki, xidmətə gedənlər arasında həssas qrupdan olan çağırışçılar da var. Dövlət Xidməti tərəfindən şəffaflığın, obyektivliyin təmin olunması ilə çağırışçıların xidmət edəcəkləri yerlərlə bağlı bölgü müvəffəqiyyətlə həyata keçirilir və onlar hərbi xidmət üçün hərbi hissələrə göndərilir.
Azərbaycan Silahlı Qüvvələrinin keyfiyyətlə komplektləşdirilməsi üçün Xidmət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində strateji hədəfləri həyata keçirməkdədir.
“Biz bu gün xidmətə yola düşən gənclərimizə, ümumiyyətlə, əsgərlərimizə uğurlar arzulayır və qalib Ordunun əsgəri kimi onlara şərəfli xidmət diləyirik. Eyni zamanda, valideynlər buraya toplaşıblar. Mən həm də onlara gözaydınlığı verirəm ki, onlar bu gündən əsgər valideynləridir”,- deyə idarə rəisi vurğulayıb.
Çağırışçılardan biri deyib: “Dövlət Sərhəd Xidmətinə xidmətə təyin olunmuşam. Sərhədlərimizi biz çağırışçılara əmanət edə bilərsiniz. Vətənimizə olan borcumuzu yerinə yetirəcəyimiz üçün çox sevincli və qürurluyuq. İnşallah, bütün çağırışçılar sağ-salamat Vətənə öz borclarını yerinə yetirərlər.
Digər çağırışçı isə bildirib: “Torpaqlarımızı fəxrlə qorumaq üçün gedirik. Əsgər dostlarıma ən böyük arzum ailələrinin yanına sağ-salamat qayıtmalarıdır”.
Xidmətə gedən çağırışçılar qədər onların valideynləri də qürurludur. Onlardan biri sevinc hisslərini AZƏRTAC-la bölüşüb: “Bir valideyn kimi bütün gənclərimizə uğurlar, gözəl xidmət arzulayıram. Elə xidmət eləsinlər ki, valideynlərini sevindirsinlər. Bu gün oğlumu əsgər yola salıram. Onu vətənpərvər ruhda böyütmüşəm. İnşallah, Vətənin qulluğunda layiqincə dayanar. Allah bütün əsgərlərimizi sağ-salamat evlərinə qayıtmağı nəsib etsin”.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaş müraciətlərinə xüsusi diqqətlə yanaşır. Şəffaf fəaliyyət xidmətin əsas hədəflərindən biridir.