Bu gün Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 103 il ötür.
AZƏRTAC xəbər verir ki, qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycan strateji bir region kimi siyasi, iqtisadi, mədəni və digər sahələrdə daima maraq nöqtələrinin kəsişməsində olmuş və çoxsaylı tarixi hadisələrə şahidlik etmişdir. Tarixi keçmişin və onun hadisələrinin ən dərin izlərini və əsl həqiqətləri isə heç şübhəsiz arxivlər daşıyır. Bu mənada arxivləri tarixin yaşadığı ev adlandırsaq, heç də səhv etmiş olmarıq.
Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv 6 dekabr 1920-ci ildə yaradılıb. Azərbaycan arxivinin əsası həmin vaxtdan, “vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulub.
Qürurla qeyd etmək lazımdır ki, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olub.
Vaxtilə Ulu Öndər Heydər Əliyev arxivçilərin məsuliyyətli əməyinə böyük qiymət vermişdir: “Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərin bərpası uğrunda bu gün Azərbaycan arxivçiləri səylə, yorulmadan çalışır, bu şərəfli işə arxiv sənədləri əsasında böyük töhfə verirlər.
Azərbaycan arxivinin 103 ili münasibətilə hər bir arxivçi həmkarımızı təbrik edir, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq.