1878-ci ildə Bakı Dumasına seçilən ilk 72 nəfər qlasnı üzvündən biri də müəllim Həbib bəy Mahmudbəyov idi. XIX əsrin sonu, XX əsrin əvvəllərində ziyalılarımız tərəfindən adı birmənalı şəkildə dərin hörmətlə çəkilən, xeyriyyəçiliyi ilə tanınan, ictimai işlərin önündə gedən azsaylı insanlardan biri idi Həbib bəy Mahmudbəyov.
Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov 1864-cü il iyulun 29-da Şamaxıda dünyaya gəlib. Atası Hacı İbrahimxəlil bəy Şamaxıda böyük nüfuz sahibi olub. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadiq Nadir şahın xəzinədarı olub. Səkkiz yaşında ikən Şamaxıda Mirzə Hüseyn adlı bir mollanın məhəlli məktəbinə gedən Həbib bəy sonra Şamaxıda şəhər məktəbində oxumalı olur. 1872-ci il Şamaxıda baş verən zəlzələ nəticəsində şəhər məktəbi dağıldığı üçün təhsilini davam etdirmək üçün Bakıya gəlib realnı məktəbə daxil olur. Bir müddət burada oxuduqdan sonra 1881-ci ildə o, Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisə gedir və Aleksandrovski Müəllimlər İnstitutuna qəbul olunur. Hər ikisi 1887-ci ildə gimnaziya müəllimi adını alır.
Bakıya qayıdan Həbib bəy Mahmudbəyov 1887-ci il oktyabrın 20-də Sultanməcid Qənizadə ilə birlikdə Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovdan ayı 35 manata kirayə etdikləri birmərtəbəli evin üç otağında ilk özəl rus-müsəlman məktəbini açırlar. O zaman bu, Azərbaycanda əsl hadisə olur. Bu barədə sənədlərdə xəbər verilir ki, "Aleksandrovski Müəllimlər İnstitutunun keçmiş məzunları olan Mahmudbəyov və Qəniyev tərəfindən Bakıda birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi açıldı". İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. Məktəbin tədris planına ana dili, rus və fars dilləri, hesab, coğrafiya, tarix, şəriət fənləri daxil idi. Məktəbin uğurunun səbəbi həm dil siyasətinin doğru müəyyənləşdirilməsi, həm də şəriət dərslərinin məktəbdə tədris olunması idi.
Məktəbdə təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam, səliqəlilik tezliklə əhalinin diqqətini cəlb etdi. 1891-ci ildə Bakı camaatından 150 nəfər şəhər dumasına ərizə verərək bu məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsi tələbini irəli sürdü.
Şəhər camaatının tələbi əsasında 1891-ci ildə dövlət xərcinə "rus-Azərbaycan" məktəbinin bazası əsasında iki yeni məktəb açmaq qərara alındı. Hər iki məktəb 1891-ci il sentyabrın 23-də açıldı. Birinciyə 35, ikinciyə isə 45 şagird qəbul edildi. Mahmudbəyov birinci, Qənizadə ikinci məktəbin müdiri təyin olundu. Bu iki rus-Azərbaycan məktəbinin təşkili ilə əlaqədar onların saxladıqları xüsusi rus-Azərbaycan məktəbi bağlandı (həmin il iyunun 15-də). Yeni təşkil edilmiş hər iki rus-Azərbaycan məktəbində Qafqaz canişini tərəfindən 1881-ci il yanvarın 13-də təsdiq olunmuş "Rus olmayan xalqların məktəbinin tədris planı" tətbiq edilirdi (ana dili, rus dili, fars dili, hesab, rəsmxət, müqəddəs tarix və şəriət). Rus-Azərbaycan məktəblərində təhsil haqqı ləğv olundu. Rus-Azərbaycan məktəbində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, Həmidə xanım Behbudova kimi nüfuzlu müəllimlər dərs deyirdilər.
XIX əsrin sonu, XX əsrin əvvəllərində ziyalılarımız tərəfindən adı birmənalı şəkildə dərin hörmətlə çəkilən, xeyriyyəçiliyin başında duran, ictimai işlərin önündə gedən insanların sırasında Həbib bəy Mahmudbəyov da var idi. O, maarifçilik fəaliyyəti ilə məşğul olan "Nərimanov kitabxanası"na maddi və mənəvi yardım göstərirdi. 1897-ci ilin yanvarında S.M.Qənizadə, H.Mahmudbəyov və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat şirkəti yaradıldı.
Həbib bəy Mahmudbəyovun Azərbaycan teatrının inkişafında da böyük xidmətləri var. 1880-ci ildə Bakıda teatr işi sürətlənməyə başlayarkən H.Mahmudbəyovun rəhbərliyi ilə teatr qrupu yaradıldı. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Mirzağa Əliyev, Məhəmməd Ələvəndi kimi teatr xadimləri bu truppada çıxış edirdilər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həbib bəy Mahmudbəyov hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri olan F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak etmişdir.
Həbib bəy Mahmudbəyov təmənnasız adam idi. Nə edirdisə, xalqının gələcəyi üçün edirdi. Azərbaycanın böyük maarif xadimi professor Həbibulla bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov 1927-ci ildə Bakıda vəfat etmişdir. Çox təəssüf ki, ömrünü xalqımızın mariflənməsinə, mədəniyyətimizin inkişafına həsr edən bu tarixi şəxsiyyətin, maarif fədaisinin məzarının yeri məlum deyil. Oğlu Şamil Mahmudbəyov digər görkəmli ziyalılarımız kimi 1936-cı ilin martında Marksizm-Leninizm İnstitutunun IV kursunda təhsil alarkən həbs edilib. Sovet İttifaqı Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 30 aprel 1957-ci ildə ölümündən sonra bəraət alıb.
Elşən QƏNİYEV,
"Azərbaycan"