09 Iyul 2024 08:00
919
SİYASƏT
A- A+

Birlikdə olanda daha güclüyük!

İlham ƏLİYEV: "Türk Dövlətləri Təşkilatı dünyada güc mərkəzlərindən birinə çevrilməlidir"

Güc birlikdədir - deyib atalarımız!
Tək əldən səs çıxmaz - bu da onların sözüdür!
Tarixin sınaqlarından çıxmış həqiqətlərdir!
Düşmənlərimiz də qalib gəlməkdən ötrü əvvəlcə bizləri bir-birimizdən ayırmağa, təkləməyə çalışırlar!
Son yüz ildə baş verənlər də bütün bunların sübutudur!
Kommunizm ideologiyası əsasında on beş "müttəfiq respublika" qırmızı imperiyanın çətiri altında birləşdiriləndə hamı "bərabər hüquqlu" elan edilmişdi.
Amma nədənsə 1986-cı ildə dinc etirazçı-nümayişçilərə qarşı sovet ordusu Qazaxıstanın Alma-Ata şəhərində qəddarlıq törətdi, korrupsiya faktlarının araşdırılıb kütləvi həbslər keçirməkdən ötrü mərkəzin 1980-cı illər "yoxlayıcıları" Qdlyan və İvanov Özbəkistana göndərilmişdi, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanda baş vermişdi, Sov.İKP MK-nın Siyasi Bürosunda Şərəf Rəşidova və Ulu Öndər Heydər Əliyevə qarşı təzyiq və repressiya başlanılmışdı.
Qondarma Ermənistan adlı dövlət yaratmaqda əsas niyyətlərdən biri Zəngəzur yolunu bağlamaqla türk dövlətlərini bir-birindən ayrı salmaq, birbaşa əlaqə və əməkdaşlığını kəsmək idi.
Sovet hakimiyyəti mövcudluğunun yetmiş ili ərzində Türkiyəyə düşmən münasibəti bəslədi, Azərbaycanla Türkiyənin əlaqələrini qırmaq üçün bütün icbari və zəruri tədbirlərini gördü!
Bircə ürəyimizdəki istək və məhəbbətə gücü çatmadı!
SSRİ daxilində isə "qardaş xalqlar" arasındakı münasibətlərə elə bir nəzarət və qadağalar vardı ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlayanda, hətta sonralar bu münaqişə qanlı müharibəyə və işğala çevriləndə belə "müsəlman respublikaları"nın heç biri açıq və qəti münasibət, mövqe nümayiş etdirə bilmədi!
***
Qırmızı imperiyanın süqutundan sonra da keçmiş SSRİ ərazisində, habelə dünyada baş verən proseslər türkdilli dövlətlərin sıx əlaqə və əməkdaşlıq qurmalarına müəyyən əngəl və maneələr yaradılmasına hesablanırdı.
Halbuki həmin dövrdə bu gün formalaşmaqda olan birliklər yaradılsaydı, qarşıya çıxan problemlər birgə səylə daha tez və uğurla həll edilərdi.
Əməkdaşlığın yeni formatı sayılan türkdilli dövlətlərin hazırkı birliyinin yaradılmasının və inkişafının banisi, təşəbbüsçüsü də ilk növbədə Azərbaycan - Ulu Öndər Heydər Əliyev və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev oldu!
Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 3 oktyabr 2009-cu ildə türkdilli dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə Naxçıvan Sazişinə əsasən Türk Şurası yaradıldı.
Tarixi köklərə, ortaq mədəniyyətə, milli-mənəvi və dini dəyərlərə, adət-ənənələrə və etnik əlaqələrə arxalanan bu birliyin inkişaf etdirilməsinə Azərbaycan daim öz köməyini və dəyərli töhfələrini verir!
Azərbaycan-Türkiyə birliyi isə iki dövlət başçısı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğu və qardaşlığı sayəsində təşkilatlanmanın sürətlənməsinə və əlaqələrin sıxlaşmasına güclü təsir göstərir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza ataraq torpaqlarını otuz-illik işğaldan sonra azad etməsi başlanan proseslərin inkişafına və sürətinə də güclü təkan verdi!
***
44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə yaratdığı ordunun gücünü deyil, həm də bütövlükdə Azərbaycanın iqtisadi qüdrətini, siyasi nüfuzunu, digər imkanlarını da bütün dünyaya nümayiş etdirdi!
Təkcə Ermənistan və onun dostları yox, dünya dövlətlərinin hamısı Azərbaycanın hərbi, siyasi, diplomatik və informasiya cəbhəsindəki qələbələrinin şahidi oldu!
Bu qələbəni şərtləndirən məqamlardan biri də, şübhəsiz, Azərbaycan-Türkiyə qardaşlığı idi!
Müharibənin ilk günlərindən etibarən Türkiyə daim Azərbaycanın yanında oldu, Türkiyənin müxtəlif ranqlı dövlət rəsmiləri açıqlamalar verərək hərbi əməliyyatlara kənar müdaxilənin qarşısının alınmasında mühüm mövqe nümayiş etdirdilər.

Qardaş Türkiyədən, habelə əməkdaşlıq etdiyimiz digər dövlətlərdən aldığımız yeni nəsil silahlar, tətbiq olunan yeni taktika və strategiya XXI əsrin müharibələr tarixində yeni səhifə açmağımıza, ortaya bu gün hamının istifadə etdiyi "yeni müharibə nümunəsi" qoymağımıza imkan yaratdı!
Bir qədər sonra iki qardaş dövlət arasındakı "Bir millət, iki dövlət" prinsipi əsasında formalaşan əlaqələr "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə yeni mərhələyə qaldırıldı! 
***
İlham Əliyevin prezidentliyinin ilk günlərindən milli maraqların reallaşmasına, dostların sayının artırılmasına, bərabərhüquqlu və qarşılıqlı maraqların təmininə yönələn siyasəti hərb meydanında da möhtəşəm bəhrəsini verdi!
Azərbaycan uzaqgörən siyasəti, güclü iqtisadiyyatı və qüdrətli ordusu sayəsində düşmən ordusunu məhv edərək otuzillik işğala birdəfəlik son qoydu!
Həm də dünyadakı hörmət və nüfuzu da artdı!

Qalib dövlət, sözünə düz, açıq mübarizə meydanında mərdliklə döyüşərək ədaləti və ərazi bütövlüyünü təmin etmək qabiliyyətinə malik ölkə imicini qazandı!
Bəli, bu gün biz Ermənistana və havadarlarına qalib gəlmiş dövlətik!
Bu gün biz yolunu azmış düşmənlərimizi gücümüz, imkanlarımız və iradəmizlə cəzalandırmağı bacarırıq!

Dosta dost, düşmənə isə düşmənik!
Həm də dediyimiz hər sözün sahibi olmaqla onu yerinə yetirməyi də bacarırıq!
Bütün bunların özəyində isə gücümüz, qüdrətimiz, siyasətimiz dayanır!

***
Güclü olmağı bacarmaq və güclü olmaq nə deməkdir?
Bir qədər geriyə nəzər salaq.
*Dövlət ən əvvəl rəhbəri ilə güclüdür!
*Dövlət ən əvvəl xalqın istək və arzularını bilib onu həyata keçirmək bacarığı ilə güclüdür!
* Dövlət demokratik dəyərləri üstün tutması, müasir dünyanın çağırışlarına cavab verməsi, hədə və təhdidlərin qarşısını ağıllı və uzaqgörən, qabaqlayıcı addımlarla ala bilməsi ilə güclüdür!
* Dövlət ən əvvəl müdrik və uzaqgörən siyasəti ilə güclüdür!
Bütün bunlar olmasa, beynəlxalq hüququn işləmədiyi, ikili standartların hökm sürdüyü, güclünün haqlı sayıldığı dünyadan baş çıxarmaq mümkün olmaz! 
Odur ki, bütün bu məqamların hər birində güclü və üstün olmağı bacarmalısan!
***
Bir vaxtlar ABŞ-ni "ədalət mücəssəməsi", "demokratiya qoruyucusu" hesab edirdik. 
Hətta ədalətsiz "907-ci düzəlişi" qəbul edəndə bu addımı "yanlışlıqdan", "bilməzlikdən törədilən" "səhv" saydıq.
* ABŞ-nin ən ağır günlərində - 11 sentyabrda törədilən terror aktında yanında olduq!
* Əfqanıstan hadisələrində hava məkanımızı üzlərinə açaraq kömək göstərdik!
* ATƏT-in Minsk qrupunda ədalətli davranacağına, imkanları hesabına BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına, beynəlxalq hüququn, ədalətin bərpasına kömək edəcəyinə böyük ümidlər bəslədik!
Heyhat!
Köməyi bir tərəfə, heç öz gücümüzə həll etdiyimiz münaqişənin nəticələri ilə barışmaqda belə çətinlik çəkirlər.
Erməni maraqlarını hər şeydən - beynəlxalq hüquqdan, ədalətdən, mövcud reallıqlardan, hətta öz dövlətinin maraqlarından da üstün tuturlar...
* Çünki ölkələrindəki erməni diasporundan asılıdırlar!
* Çünki ABŞ prezidentləri seçkilər zamanı qalib gəlmək üçün "erməni səsləri" almağa möhtacdırlar və onun qarşılığında haqqı, ədaləti yox, "erməni sifarişləri"ni icra edirlər.
Üstəlik, diasporun pulları çoxlarını, o cümlədən senator və konqresmenləri düz yoldan çıxarır...
Dəfələrlə ABŞ senator və konqresmenləri Azərbaycanın icazəsi olmadan keçmiş "dqr"ə səfər ediblər, İrəvanda "erməni soyqırımı" abidəsinə əklil qoyaraq göz yaşları töküblər!
Konqres isə iş-gücünü buraxaraq dəfələrlə Azərbaycan əleyhinə açıqlamalar verib, "bəyanatlar" qəbul edib!
Dəfələrlə ermənipərəst siyasətçiləri ifşa olundular, korrupsiyaya, rüşvətə qurşandıqları sübuta yetirildi, qalmaqallar yaşadılar!
Yenə əməllərindən qalmırlar, yenə "ruhdan düşmürlər!"
Görünür, erməni pulu ağızlarında şirindir!
Odur ki, dövlət siyasəti qalıb bir yanda, ABŞ senator və konqresmenlərinin fəaliyyəti isə bambaşqa istiqamətdədir!
Hətta ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, tərkibində qatı millətçi ermənilər çalışan beynəlxalq təşkilatlar: "Freedom House", "Human Rights Watch", "Amnesty International" müstəqillik qazandığımız gündən indiyədək bizimlə düşmənçilik edirlər!
Yalan faktlarla üstümüzə hücuma keçirlər, Azərbaycanda mətbuat və söz azadlığının olmadığını, insan hüquqlarının pozulduğunu "sübut etmək" üçün dəridən-qabıqdan çıxırlar.
Ermənistandakı zorakılıqlara, mətbuata təpkilərə, kütləvi etirazlar zamanı törədilən qanunsuzluqlara göz yumaraq səslərini çıxarmırlar.
* Çünki bu üç qurumun üçü də ermənipərəstdir.
* Çünki bu üç qurumun üçündə də ermənilər işləyirlər.
* Çünki bu üç qurumun üçünün də məqsədi Azərbaycanı gözdən salmaq, qeyri-demokratik göstərməkdir.
Bu gün isə sözümüzü deyənlər, həqiqətlərimizi müdafiə edənlər çoxdur!
İndi nə qədər istəyirlər hürsünlər!
Bizim qərəzli beynəlxalq təşkilatlara ehtiyacımız yoxdur, onların sözü ilə durub-oturası deyilik!
Çünki güclüyük!

Bütün bu oyunbazlıqlar artıq bizim üçün milçək vızıltısından başqa bir şey deyil!
Bir daha xatırladırıq, çünki güclüyük və dünyada öz yerimizi dəqiqliklə müəyyən etmişik.

***
Bir vaxtlar beynəlxalq meydanda at oynadan, Qarabağın Ermənistanın olduğunu açıq şəkildə bəyan edən erməni liderləri, Qarabağ xuntasının Hayastana rəhbərlik edən cinayətkar nümayəndələri indi səslərini içlərinə salaraq susublar.
Altdan-altdan iş görürlər, arabir suyu bulandırmaq istəyirlər...
"Məğlubedilməz Ermənistan"ın keçmiş xarici işlər naziri Vardan Oskanyan dövlətindən fərqli olaraq özünün məğlubiyyətini, Hayastanın xarici siyasətinin iflasını qəbul etmək istəmir!
Əli Xocalıda günahsız uşaqların, qocaların, qadınların qanına batmış Serjik Sərkisyan bir vaxtlar Xocalı soyqırımını törətdiklərini açıq şəkildə, lovğalıqla etiraf etməkdən belə çəkinmirdi.
İndi hərdən banlasa da, oğurluqla əldə etdiyi əmlakının əlindən alınacağı, özünün isə həbsə salınacağı günü qorxa-qorxa gözləyir...
Bir vaxtlar əli belində Qarabağda, dünyanın erməni diasporunun güclü olduğu ölkələrdə gəzən, Xankəndidə separatçı rejimin quraşdırılan "gerb"inin asılmasını badə qaldıraraq qeyd edən Robert Koçaryan indi qapqara qaralmış, sifəti eybəcərləşmiş vəziyyətdə son aqibətini gözləyir.
Nə keçmiş dostları, nə də keşiş Baqrat onu ədalətli cəzadan xilas edə biləcəkdir!
Qarabağda separatçı hərəkata rəhbərlik edənlər, dinc azərbaycanlı əhaliyə qənim kəsilənlər, terrorçulara başçılıq edərək ərazilərimizin işğalında "xidmət"ləri olan bu qaniçənlər sonradan Ermənistanın prezidenti oldular.
"Məğlubedilməz ordu" quraraq işğalı əbədiləşdirməyə çalışdılar!
44 günlük Zəfər müharibəsində Xankəndidə hərbi əməliyyatlarda iştirak edirdilər!
Topal müdafiə nazirləri Seyran Ohanyan isə Şuşanı qoruyurdu!
İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusunun həmlələrini görəndə hamısı qorxularından qaçıb getdilər!
"Məğlubedilməz ordu" yaratdıqlarını, "məğlubedilməz xalq" olduqlarını da yaddan çıxardılar!

Çünki qarşılarında qəhrəman Sərkərdə, möhtəşəm ordu olduğunu gördülər!
* Anladılar ki, sonları çatıb!
* Anladılar ki, torpağın əsl sahibləri geri qayıdır!
* Anladılar ki, bütün havadarlarını və müdafiəçilərini bir yerə toplasalar da, mənası yoxdur!
İlham Əliyevin "dəmir yumruğ"u qarşısında tab gətirməyəcəklər!
Gec-tez özgə torpaqlarını işğal etmək üçün qırğına verdikləri erməni cavanlarının valideynləri qarşısında, Yerablurda yatanların baiskarları kimi cavab verməli olacaqlar!
Azərbaycan atalar sözündə deyildiyi kimi: İt də getdi, ip də!
Nə ordu var, nə də "dqr"!

Bu qorxaqlar və ağılsızlar tarixdə öz millətləri tərəfindən daim lənətlə xatırlanacaqlar.
Bu gün isə ağır, acı və alçaldıcı məğlubiyyətlərini yaşayırlar!
Koçaryanları, Sərkisyanları, Ohanyanları, Oskanyanları indiki rəzil duruma biz saldıq!
Çünki güclüyük!

***
Biz bu gücə, bu nüfuza, bu hörmətə dövlət başçısı İlham Əliyevin fəaliyyəti sayəsində addım-addım, pillə-pillə, mərhələ-mərhələ yüksəlmişik!
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla, prinsiplərlə nail olmuşuq!
Hakimiyyətinin ilk illərində cənab İlham Əliyev "Neft insanlara xoşbəxtlik də, bədbəxtlik də gətirə bilir. Mən çalışacağam ki, Azərbaycan xalqı xoşbəxt yaşasın" - demişdi.
Neft-qaz təbii sərvəti, ondan gələn gəlirlər təkcə dövlətimizin güclənməsinə, yeni ordu yaradılmasına, xalqın sosial rifahının yüksəldilməsinə deyil, onların satışı zamanı bağlanılan müqavilələr beynəlxalq nüfuzumuzun artmasına, əməkdaşlıq etdiyimiz dostlarımızın sayının çoxalmasına, dünya birliyində layiqli yer tutmağımıza şərait yaratdı.
Lakin bütün bunların önündə düzgün, uğurlu və uzaqgörən siyasət, dünyada baş verən hadisə və prosesləri qabaqlamaq məharəti dayanırdı!
Azərbaycan Prezidenti İlham Əliyev hər işi vədəsində və dəqiq hesablamalar əsasında uğurla görməyi bacarır! 
2011-ci ildə 155 səslə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçildi.
Bu mötəbər qurumun iclaslarına rəhbərliyi dövründə cənab İlham Əliyev mühüm yeniliklər etdi.
BMT-nin öz tribunasından çıxış edərək bu qurumda ciddi islahatların vaxtının çatdığını söylədi və daimi üzvlərlə eyni hüquqda, rotasiya qaydasında digər beynəlxalq təşkilatların təmsilçiliyinin vacibliyini də göstərdi.
* Diqqəti inkişaf etməkdə olan ölkələrin problemlərinə yönəltdi və onlara yardımın vacibliyini vurğuladı.
* Ermənistanın simasında dünyada separatizmə qarşı kəskin mübarizə aparılmasının, işğalçı dövlətlərə qarşı kəsərli tədbirlərin zəruriliyini önə çəkdi.
* Beynəlxalq hüququ gücün hüququnun əvəz etdiyini, ikili standartların mövcudluğunu qətiyyətlə pislədi!
Azərbaycanın dövlət başçısının 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatına rəhbərliyi dünyanın ağır və çətin dövrünə təsadüf etdi!
COVID-19 bəşəriyyəti, dövlətlərarası münasibətləri sınağa çəkirdi!
Təəssüf ki, güclü dövlətlər bu sınaqdan yaxşı çıxmadılar...
İlham Əliyev pandemiyanın öldürücü gücünün qarşısını almaq üçün təkliflərini söylədi, hansı zəruri addımlar atılmasının vacibliyini bildirdi.
*İmkanlı dövlətlərin əlçatanlığı sayəsində gərək olduğundan çox peyvənd materialları aldıqlarını, nəticədə yoxsul dövlətlərin bu xəstəliklə mübarizədə çarəsiz qaldıqlarını bəyənmədiyini bildirdi.
* Açıq şəkildə "vaksin millətçiliyi"ni ifşa etdi!
* Həm də yüksək alicənablıq nümayiş etdirərək Azərbaycanın imkanları hesabına yoxsul ölkələrə maliyyə yardımı göstərdi, pulsuz vaksin verdi.
Bütün bunlar Azərbaycanın da, onun rəhbəri İlham Əliyevin də nüfuzunu xeyli artırdı.
Vətən müharibəsi və ondan sonrakı dövrdə Fransanın BMT-də ölkəmizə qarşı beş dəfə qəbul etdirmək istədiyi qətnamənin qarşısını İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi dövründə qazandığı dost ölkələr aldı!
44 günlük Zəfər müharibəsində isə Ermənistan ordusunu darmadağın edərək işğala son qoyması ölkəmizin hörmətini, siyasi nüfuzunu əsaslı şəkildə yüksəltdi!
Dünyanın bütün dövlətləri nümunəvi müharibə apararaq separatizmin kökünü kəsən Azərbaycanın gücünü, imkanlarını etiraf və qəbul etməli oldular!
***
Ötən dövrdə Azərbaycan həm də dünya üçün faydalı olan transmilli layihələr gerçəkləşdirmiş, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərini çəkmiş, dənizə çıxışı olmasa da, beynəlxalq tranzit-logistika mərkəzi statusunu qazanmışdır.
Bununla da dünyada gedən prosesləri mahiyyətcə qabaqlamış, yeni dünya düzənində özünə layiqli yeri təmin etmişdir.
Baş verən dəyişikliklər və gözlənilən yeniliklər fonunda Azərbaycanın dünyaya təqdim etdiyi Orta dəhliz bir çox dövlətlərin ciddi marağına səbəb olmuşdur.
Bu, həm də məqsədləri dövlətlərini inkişaf etdirməklə xalqlarının daha yaxşı yaşayışını təmin etmək niyyətində olanların, bərabərhüquqlu, səmərəli əməkdaşlıq istəyənlərin ürəyindən xəbər vermişdir.
Beləliklə, Azərbaycan təkcə rəhbərlik etdiyi və üzvü olduğu təşkilatlara deyil, həm də yeni yaradılacaq birliklərə və əməkdaşlıq formatlarına da uğurlu layihələr təqdim etmişdir.
Təbiidir ki, Azərbaycan hər bir uğurunu ilk növbədə dost, qardaş ölkələrlə , üzvü olduğu və üzv olmaq istədiyi təşkilatlarla bölüşür.
Cənab İlham Əliyev daim bərabərhüquqlu, hər iki tərəfin maraqlarının təmin olduğu əməkdaşlığa xüsusi önəm verir.
Əməkdaşlıq naminə heç zaman ölkəmiz üçün məqbul sayılmayan şərtləri qəbul etmir.
Odur ki, Avropa İttifaqı tipli təşkilatlardan kənar dururuq:
* Biz heç vaxt heç kimin qapısını döyməyəcəyik!
* Bizi gözləmədikləri yerə heç zaman getməyəcəyik!
* Biz heç zaman heç bir qapı ağzında oturub boynumuzu bükməyəcəyik - deyirik!
Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ilin fevral ayında keçirilən inaqurasiya mərasimindəki proqram xarakterli nitqində Azərbaycanın müasir dünya düzənindəki yerini dəqiqliklə göstərdi:
"Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur!"
Bu qurumun yaranmasına və inkişafına Azərbaycan və şəxsən cənab İlham Əliyev böyük töhfələr vermişdir.
Ümumilikdə 4,8 milyon kvadrat kilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.
Bu günə qədər Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. 
İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir:
"Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
***
İyul ayının ilk həftəsində Astanada Şanxay Əməkdaşlıq Təşkilatının, Şuşada isə Türk Dövlətləri Təşkilatının keçirilən Zirvə görüşləri, həmin görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və söylədiyi nitqlər Azərbaycanın bu istiqamətdə göstərdiyi ardıcıl və səmərəli fəaliyyətin mühüm göstəricisinə çevrildi.
Hər iki tədbir dövründə Prezident İlham Əliyevin bir sıra dövlət başçıları ilə keçirdiyi görüşlər, əldə olunan razılaşmalar, xüsusən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında" birgə bəyannamə böyük əhəmiyyətə malikdir.
İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdəki çıxışı zamanı ölkəmizin Avrasiya məkanı dövlətlərinə gətirə biləcəyi faydanı da xatırlatdı:
"Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib".
ŞƏT-də dialoq tərəfdaşlığı statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da sıxlaşdırmaq, müşahidəçi, daha sonra isə tam hüquqlu üzv olmaq niyyətindədir.
Çin Xalq Respublikasının Sədri Si Çinpin ilə görüşdə bu məsələyə də toxunuldu və ŞƏT-də Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi bildirildi.
Gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bəyan edildi.
***
Azərbaycan türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini xarici siyasətinin prioriteti hesab edir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşünün keçirilməsi təşkilatın digər üzvlərinin də dəstəyini qazanıb.

Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü iyulun 6-da Şuşa şəhərində baş tutdu!
Görüşün Şuşada keçirilməsi rəmzi xarakter daşıyır.
* Şuşa Azərbaycan xalqı üçün xüsusi önəmi olan şəhərdir!
* Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır!
* Şuşa 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin zirvəsidir!
* Şuşa bu gün həm də beynəlxalq tədbirlərin keçirildiyi məkandır!
Azərbaycana dost dövlətlərin başçıları və nümayəndələri Şuşaya gəlməklə həm də ölkəmizə xüsusi münasibət bəslədiklərini nümayiş etdirirlər.
Şuşanın bərpasında və quruculuğunda iştirak edən qardaş dövlətlər, onlara məxsus şirkətlər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dəstək verərkən xalqımıza hörmət və sevgilərini də bildirmiş olurlar!
Mehribanlıq, səmimilik şəraitində keçirilən qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev giriş nitqi söylədi.
"Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir" ideyasını irəli sürən cənab İlham Əliyev bunun üçün kifayət qədər möhkəm bazanın, habelə siyasi iradənin mövcudluğunu konkret faktlarla göstərdi.

Nitqini isə "Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir" - sözləri ilə bitirdi.
Digər dövlət başçıları da öz çıxışlarında söylənilən fikirlərə dəstəklərini ifadə etdilər.
Sonra tarixi "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşünün Qarabağ Bəyannaməsi" imzalandı.
Əhatəliliyi və dolğunluğu ilə diqqət çəkən bu sənədin bəzi məqamlarını xatırlatmaq istərdik. 
31 maddədən ibarət "Qarabağ Bəyannaməsi"ndə etiraf olunur ki, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc kimi çıxış etmələri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələri zəruridir.
Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadəsinin vacibliyi xüsusi vurğulanır.
Beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər sıx əməkdaşlığa dəvət olundu.
Görüş iştirakçıları iqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruriliyini də bəyan etdilər.
Bütövlükdə bu görüş və qəbul edilən "Qarabağ Bəyannaməsi" Türk Dövlətləri Təşkilatının inkişafında və əməkdaşlığın gücləndirilməsində yeni mərhələnin başlanğıcı da sayıla bilər.
***
Yeni dünya düzəninin formalaşması prosesində, xüsusən Ukrayna-Rusiya müharibəsi, NATO-nun baş verənlərə fəal müdaxiləsi göstərir ki, birqütblü dünyanın sonu yaxınlaşır.
ABŞ-nin və Qərbin ölkələrə eyni nəzərlərlə baxmaması, dünyada neokolonializmə qarşı mübarizənin güclənməsi, ənənəvi beynəlxalq təşkilatlarda ölkələrə ögey-doğma münasibətlərin mövcudluğu və şiddətlənməsi dünya dövlətlərini, xüsusən yeni müstəqillik qazanmış respublikaları özlərinə yer və tərəfdaş seçmək məsələsinə daha sayıq və diqqətli yanaşmağa vadar edir.
"Ənənəvi yanaşma"nın mövcudluğunu göstərən faktlardan biri NATO üzvü olan Türkiyənin on illər boyu vəd verilsə də, Avropa İttifaqına, əslində, "xristian evi"nə qəbul edilməməsidir.
İqtisadiyyat nəhəngi, dünya birinciliyinə iddia edən Çinə qarşı münasibətlər, göstərilən siyasi və iqtisadi təpkilər də göz önündədir.
Bütün bunlar "kiçik dövlətlər" adı verilən ölkələrin öz başlarına vaxtında çarə qılmalarını, əl-ələ verərək dövlətlərinin və xalqlarının inkişafını, rifahını təmin etmək üçün dost seçiminə, yeni birliklərdə birləşmək imkanlarına diqqətlə yanaşmalarını tələb edir!
Hadisələrin gedişatına baxanda əmin olursan ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrin sonlarınadək atacağı addımları və görəcəyi işləri dəqiqliklə müəyyənləşdirib!
Hansı dövlətlərlə və hansı prinsiplər əsasında əməkdaşlıqlar qurulması da keçilən yoldur!
COP29-a genişmiqyaslı hazırlıqlar görən Azərbaycanın təqribən 200 ölkənin dəstəyi ilə bu mühüm tədbiri də yüksək səviyyədə keçirəcəyi kimsədə şübhə doğurmur!
Artıq Azərbaycan "hesablaşan" dövlət deyil, onunla "hesablaşmalı olanlar" gücünə malik dövlətdir!
Son illərin hadisələri və baş verən dəyişikliklər də deyilənin sübutudur!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video