23 Sentyabr 2026 10:16
212
SİYASƏT
A- A+
Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  


Ərəbistan yarımadasının strateji coğrafi mövqeyində yerləşən Səudiyyə Ərəbistanı Krallığı zəngin neft və təbii qaz ehtiyatları ilə qlobal energetika xəritəsinin aparıcı qüvvəsi olmaqla yanaşı, İslam dünyasının qəlbi sayılan Məkkə və Mədinə kimi müqəddəs ziyarətgahlara evsahibliyi etməklə milyardlarla müsəlmanın mənəvi mərkəzinə çevrilmişdir. Ölkə yalnız öz iqtisadi və dini nüfuzu ilə kifayətlənməyərək, dünyanın müxtəlif guşələrində ehtiyacı olan xalqlara genişmiqyaslı humanitar yardımlar göstərən xeyriyyəçilik missiyasını ardıcıl şəkildə davam etdirir. Eyni zamanda, səhra iqliminin çətinliklərinə baxmayaraq, müasir ekoloji təşəbbüslər çərçivəsində salınan geniş yaşıl zonalar və bərəkətli xurma bağları Krallığın təbiətə qayğısının, davamlı inkişaf modelinin və gələcəyə yönəlmiş böyük baxışının parlaq təcəssümüdür.

Son illər müsəlman dünyasının aparıcı dövlətlərindən biri, qlobal iqtisadi proseslərin tənzimlənməsində söz sahibi olan Səudiyyə Ərəbistanı Krallığı bir sıra möhtəşəm quruculuq layihələri ilə çıxış etmişdir. Bu sahədə beynəlxalq qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanının xarici ticarət tərəfdaşları həm ixrac (əsasən xam neft, neft-kimya məhsulları), həm də idxal (maşınqayırma, elektronika, avtomobillər və ərzaq) üzrə Asiya, Avropa və Amerika ölkələrini əhatə edir. Çin Səudiyyə Ərəbistanının ən böyük ixrac bazarıdır (ümumi ixracın təxminən 16-17 faizi). Bu ölkə hər gün böyük həcmdə xam neft idxal edir. Yaponiya həmçinin xam neft və mayeləşdirilmiş qaz alışı üzrə aparıcı ölkələrdən biridir. Hindistan enerji resursları və gübrə ixracında ikinci böyük bazardır. Cənubi Koreya isə neft və neft emalı məhsullarının mühüm alıcısıdır. Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərq regionunda Səudiyyə Ərəbistanının ən böyük ticarət tərəfdaşıdır.

Səudiyyə Ərəbistanının qızıl ehtiyatları 323,1 ton təşkil edir. Bu göstərici ilə Səudiyyə Ərəbistanı ərəb dünyasında ən böyük qızıl ehtiyatına malik ölkə statusunu qoruyub saxlayır və qlobal reytinq cədvəlində 16-cı yerdə qərarlaşıb. Qızıl ehtiyatları Krallığın ümumi mərkəzi bank ehtiyatlarının təxminən 9 faizini formalaşdırır. Bundan əlavə, ölkə daxilində "Vision 2030" proqramı çərçivəsində iqtisadiyyatı şaxələndirmək məqsədilə geoloji kəşfiyyat işləri genişləndirilib və Məkkə regionunda yeni böyük qızıl yataqları aşkar edilib.

Böyük İyirmiliyin (G20) tək ərəb üzvü kimi, Ər-Riyad qlobal iqtisadi qərarların qəbulunda inkişaf etməkdə olan ölkələrin və ərəb dünyasının maraqlarını təmsil edir.  Son illər rəsmi Ər-Riyad xarici siyasətini strateji olaraq şaxələndirir. Çin ilə hərtərəfli strateji tərəfdaşlıq (xüsusilə "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində) və Rusiya ilə enerji sahəsində tərəfdaşlıq ("OPEK+" formatı) onun Qərblə olan münasibətlərdə manevr imkanlarını xeyli artırır.

 Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın "Vision 2030" proqramı xarici siyasətdə praqmatik dönüş yaratmışdır. Hazırda böyük iqtisadi layihələrin və xarici investisiyaların cəlb edilməsi üçün regional münaqişələrin dondurulması və sabitliyin təmin olunması prioritetə çevrilmişdir. 

Səudiyyə Ərəbistanının xarici siyasətinin əsas mühərriki neftdən asılılığı azaltmaq və xarici investisiyaları ölkəyə cəlb etməkdən ibarətdir. Diplomatiya artıq bilavasitə böyük infrastrukturlar, qeyri-neft sektoru (turizm, texnologiya, yaşıl enerji) və meqalayihələr (məsələn, NEOM) üçün investor tapmağa xidmət edir. Belə ki, "Vision 2030" layihələrinin uğurlu icrası üçün Yaxın Şərqdə sabitliyin olması və dinc şəraitin təmin edilməsi həyati əhəmiyyət kəsb edir. Ər-Riyad məhz bu səbəbdən regional ziddiyyətləri yumşaltmağa üstünlük verir. Hələ 2023-cü ildə Çinin vasitəçiliyi ilə İranla diplomatik əlaqələri bərpa etdikdən sonra regionda qarşıdurmanı diplomatik dialoqla əvəzləməyə çalışır. Yəməndəki husilərlə birbaşa danışıqlar apararaq, Səudiyyə ərazisinə edilən hücumların qarşısını almaq və atəşkəsi daimi etmək siyasəti yürüdür.

Krallıq "çoxşaxəli" xarici siyasət xətti yürüdür. ABŞ ilə münasibətlər davamlı olaraq inkişaf etdirilir. Vaşinqton hələ də Səudiyyə Ərəbistanının əsas təhlükəsizlik və müdafiə tərəfdaşı olaraq qalır. Çin son illər Ər-Riyadın ən böyük neft alıcısı və iqtisadi tərəfdaşına çevrilib. Səudiyyə Ərəbistanı eyni zamanda Hindistan, Cənubi Koreya və Yaponiya ilə strateji tərəfdaşlığı genişləndirir. O, enerji bazarlarının tənzimlənməsində neft qiymətlərini sabit saxlamaq üçün Rusiya ilə OPEC+ çərçivəsində sıx əməkdaşlığı davam etdirir.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə davam edən böhranlar fonunda balanslaşdırılmış mövqe tutmağa çalışır. İsrail ilə münasibətlərin tam normallaşdırılması üçün əsas şərt kimi müstəqil Fələstin dövlətinin yaradılması (İki dövlət həlli) arqumentini müdafiə edir. Qəzzadakı müharibə və gərginliklərdən sonra Fələstin hüquqlarının təmin edilməsini qlobal platformalarda daha açıq dillə tələb edir.

Son illər Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlər keyfiyyətcə yeni və strateji mərhələyə qədəm qoymuşdur. İki ölkə arasındakı siyasi dialoq, parlament diplomatiyası və çoxtərəfli platformalarda həmrəylik Cənubi Qafqaz və Yaxın Şərq regionlarının geoiqtisadi reallıqları kontekstində elmi-analitik baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlığa dair ümumilikdə 22 sənəd imzalanmışdır.Bu sənədlər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman, gənclik, ədliyyə, dənizçilik və bitki mühafizəsi kimi bir çox strateji sahələrdə müqavilə-hüquq bazasını formalaşdırır. Həmçinin iki ölkə liderəri arasında şəxsi dostluq münasibətlərinin yüksək səviyyədə olması əməkdaşlığın gücləndirilməsinə ciddi impuls verir. 

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və BMT çərçivəsindəki təşəbbüsləri Ər-Riyad tərəfindən ardıcıl dəstəklənir. Bakı da Səudiyyə Ərəbistanının Ərəb Liqası və Körfəz Əməkdaşlıq Şurası daxilindəki sülhməramlı rolunu yüksək qiymətləndirir.   Hər iki dövlət beynəlxalq hüququn aliliyini, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini və çoxqütblü dünya nizamında suveren xarici siyasət kursunu müdafiə edir.

Xüsusi vurğulamaq lazımdır ki, parlamentlərarsı əlaqələr iki ölkə arasında qanunvericilik təcrübəsinin bölüşdürülməsi və xalqlararası inteqrasiyanın dərinləşməsi üçün vacib vasitədir. Azərbaycan Milli Məclisi ilə Səudiyyə Ərəbistanının Məşvərət Şurası arasında mövcud olan parlamentlərarası dostluq qrupları 2025-2026-cı illərdə qarşılıqlı səfərlər və intensiv görüşlər keçirmişdir. Milli Məclis və Məşvərət Şurası heyətləri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Parlamentlərarası İttifaq və Asiya Parlament Assambleyası çərçivəsində ortaq mövqedən çıxış edirlər.

İki ölkə arasında investisiya mühitinin stimullaşdırılması, ikiqat vergitutmanın aradan qaldırılması və “yaşıl enerji”yə keçid sahəsində hüquqi bazanın təkmilləşdirilməsi davamlı surətdə parlamentlərin diqqət mərkəzində durur. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan münaqişəsi dövründə işğal amilinə görə Ermənistanla diplomatik əlaqələr qurmayan azsaylı dövlətlərdən biri olmuşdur. Krallıq 2025–2026-cı illərdə də Azərbaycanın post-münaqişə dövründəki regional sülh gündəliyini, Qarabağ və Şərqi Zəngəzurun bərpasını tam dəstəkləməkdə davam etmişdir.

2025-2026-cı illərdə Səudiyyə Ərəbistanı-Azərbaycan siyasi münasibətləri klassik diplomatik tərəfdaşlıqdan strateji müttəfiqlik modelinə keçidlə səciyyələnir. Siyasi dialoq yalnız bəyanatlarla məhdudlaşmır, bərpa olunan energetika, logistika və investisiya layihələri ilə praktiki məzmun kəsb edir.

Siyasi dialoqun dayanıqlılığı iqtisadi və energetika tərəfdaşlığı ilə təmin olunur. 2025–2026-cı illərdə Səudiyyə-Azərbaycan əlaqələrinin iqtisadi komponenti keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycandakı külək elektrik stansiyası layihələri iki ölkənin “yaşıl enerji”yə keçidi strategiyasının əsas dayaq nöqtəsidir. Səudiyyə Ərəbistanının nəhəng şirkəti “ACWA Power” tərəfindən Azərbaycanda inşası həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi çərçivəsində işlər 2025-2026-cı illərdə sürətləndirilib. Bu layihə Xəzər dənizi regionunda “yaşıl enerji”yə keçidə böyük töhfə verir. SOCAR və Səudiyyə Ərəbistanının energetika şirkətləri arasında karbohidrogen resurslarının hasilatı və neft-kimya sənayesində təcrübə mübadiləsi ardıcıl olaraq davam etdirilir.

2025-2026-cı illərdə Səudiyyə Ərəbistanı və Azərbaycan arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıq, bərpaolunan enerji layihələri, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar istiqamətində sürətlə inkişaf etmişdir. Bu dövr iki ölkə arasında iqtisadi münasibətlərin şaxələndirilməsi və institusional əsaslarının möhkəmləndirilməsi ilə səciyyələnir.

2025-ci ildə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunmuş, 2026-cı ilin əvvəllərində (yanvar-fevral) ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizdən çox artaraq 9,1 milyon dolları keçmişdir. Ər-Riyadda keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında kənd təsərrüfatı, dənizçilik sertifikatlarının tanınması, bitki karantini, kiçik və orta biznesin inkişafı sahəsində mühüm anlaşma memorandumları imzalanmışdır.

Səudiyyə Ərəbistanının “Vision 2030” proqramı ilə Azərbaycanın milli prioritetləri (şaxələndirilmiş iqtisadiyyat, rəqəmsallaşma, yaşıl texnologiyalar) arasında strateji cəhətdən üst-üstə düşmə mövcuddur. İki ölkə arasında iqtisadi tərəfdaşlığın flaqmanı bərpaolunan enerji sektorudur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük qayıdış” və "Ağıllı Şəhər" konsepsiyaları Səudiyyə Ərəbistanının "Vision 2030" proqramı ilə strateji baxımdan üst-üstə düşür. 2026-cı ildə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə modern şəhərsalma, yaşıl infrastruktur və şəhər idarəçiliyinə investisiyaların cəlb olunması mövzularında ikitərəfli müzakirələr aparılmışdır. Birgə investisiya imkanlarının dəyərləndirilməsi və biznes subyektlərinə dəstək verilməsi istiqamətində Səudiyyə İnvestisiya Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyi arasında aktiv təmaslar saxlanılır."Orta Dəhliz" çərçivəsində Səudiyyə Ərəbistanı investisiya fondlarının regionun nəqliyyat və logistika infrastrukturuna cəlb edilməsi imkanları nəzərdən keçirilir.

Həmçinin Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mina təhlükəsizliyi və təmizləmə fəaliyyətlərini dəstəkləmək məqsədilə 3 milyon dollar həcmində maliyyə yardımı ayrılmışdır.

Səudiyyə Ərəbistanının humanitar təşkilatları Azərbaycanda aztəminatlı ailələr və xüsusilə uşaqlar üçün pulsuz tibbi müayinələr və cərrahi əməliyyat (məsələn, göz xəstəliklərinin müalicəsi və ürək əməliyyatları) aksiyaları təşkil etmişdir. Hər il Ramazan və Qurban bayramları ərəfəsində Kral Salman Mərkəzi tərəfindən ehtiyacı olan minlərlə ailəyə ərzaq bağlamaları və bayram payları paylanılır. Əhalinin təmiz su ilə təminatını yaxşılaşdırmaq üçün kənd yerlərində su quyularının qazılması və su təchizatı sistemlərinin qurulması layihələri icra edilmişdir.

Viza rejiminin sadələşdirilməsi və birbaşa aviareyslərin sayının artırılması nəticəsində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Bakı və Ər-Riyad Cənubi Qafqaz və Yaxın Şərqdə təhlükəsizliyin, iqtisadi dəhlizlərin və diplomatik həll yollarının tərəfdarı kimi çıxış edir. 

2025–2026-cı illərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında elm və təhsil sahəsindəki əlaqələr həm ikitərəfli strateji tərəfdaşlıq, həm də beynəlxalq təşkilatlar (İƏT və ICESCO) çərçivəsində yüksələn xətt üzrə inkişaf edən istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı və region ölkələrinin vətəndaşlarına ayrılan təhsil təqaüdləri 2025–2026-cı tədris ilində də davam etdirilmişdir. Səudiyyə Ərəbistanından olan gənclər Azərbaycanın aparıcı ali məktəblərində (ADA Universiteti, BDU, BMTU və s.) müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı əldə edirlər.

Səudiyyə Ərəbistanı hökuməti də öz növbəsində azərbaycanlı tələbələr və tədqiqatçılar üçün (xüsusilə ərəb dili, islamşünaslıq, mühəndislik və İT sahələrində) təqaüd proqramları ayırmağa davam edir. Azərbaycan universitetləri (məsələn, ADA Universiteti, Bakı Dövlət Universiteti) ilə Səudiyyə Ərəbistanının aparıcı ali təhsil mərkəzləri (Kral Səud Universiteti, KAUST – Kral Abdullah Elm və Texnologiya Universiteti) arasında elmi heyətlərin mübadiləsi və akademik konfransların təşkili genişlənməkdədir. Hər iki ölkə islam aləmində təhsilin keyfiyyətinin artırılması, elmi innovasiyaların və qadınların elmdə rolinin artırılması layihələrində birgə çıxış edir.

Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan din xadimləri və tələbələri Səudiyyə Ərəbistanının müxtəlif İslam universitetlərində təhsil alıblar. Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycan müstəqillik qazandıqdan sonra bəzi məscidlərin tikintisinə və bərpasına, eləcə də humanitar layihələrə dəstək verilib.   

İki ölkənin bir-birini beynəlxalq təşkilatlarda qeyd-şərtsiz dəstəkləməsi onların qlobal Cənub və İslam aləmindəki nüfuzunu gücləndirir. Səudiyyə Ərəbistanının müasir xarici siyasətinin ana xətti “daxili iqtisadi inkişafı təmin etmək üçün xaricdə maksimum sabitlik və balans yaradılması” prinsipinə söykənir. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan da Vətən müharibəsini zəfərlə başa vurduqdan sonra ölkədə dinc quruculuq üçün sabit və davamlı xarici mühiti təmin etməyə çalışır. Bu mənada həm Azərbaycanın, həm də Səudiyyə Ərəbistanı Krallığının xarici siyasət xətləri üst-üstə düşür. Bu xətt hər iki dost ölkənin gələcək inkişafı və uğurları üçün münbit zəmin yaradır.  

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

11:26
23 Sentyabr

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

11:25
23 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:45
23 Sentyabr

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır 

10:42
23 Sentyabr

Vahid məktəbli forması təhsildə bərabərlik prinsipini gücləndirir

10:40
23 Sentyabr

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

10:39
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

10:38
23 Sentyabr

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib  

10:34
23 Sentyabr

V.Zelenski ABŞ-də təxminən 20 görüş keçirəcək

10:30
23 Sentyabr

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!