18 Aprel 2025 08:05
444
SİYASƏT
A- A+
Azərbaycanın Yaxın Şərq siyasətində növbəti mərhələ

Azərbaycanın Yaxın Şərq siyasətində növbəti mərhələ


Qlobal nüfuz ölkəmizi proseslərə həlledici təsirə malik gücə çevirib


"Konstitusiyamıza əsasən, Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan edərək başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyinə üstünlük verən Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün mühüm, bir çox halda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, enerji ehtiyatları və təbii-coğrafi mövqeyi ilə onsuz da daim diqqətçəkən və önəmi sual doğurmayan ölkəmiz Vətən müharibəsi və antiterror tədbirlərində Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı hərbi-siyasi qələbələri ilə situasiyanı öz lehinə daha da dəyişmiş, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin güclənməsində ehtiva olunan yeni reallıq yaradıb.

"Ötən dövr ərzində etibarlı tərəfdaş kimi özünü təsdiq edən, regionun yeni hərbi-siyasi güc mərkəzi rolunu oynayan Azərbaycanla əməkdaşlıq təbii ki, regionda sağlam maraqları olan, o cümlədən maraqlarını sağlamlaşdırmağa hazır olan subyektlər üçün çox önəmlidir. Xüsusən son 5 ildə qlobal birlik bir daha şahidlik etdi ki, bu coğrafiyada yalnız və yalnız Azərbaycanla əməkdaşlıq mühitində nəyəsə nail olmaq, yaxud Bakı ilə uzlaşdırma şəraitində mənafeləri təmin etmək mümkündür. Ötən dövrdə müəyyən düyünlü mərhələləri adlasaq da, ölkəmiz Ermənistan istisna olmaqla qonşu dövlətlərlə etibarlı siyasi, diplomatik, iqtisadi, ticari, mədəni və humanitar əlaqələr qura bilib və bu amil bir sıra sferalarda əməkdaşlığın rəhnini təşkil edib. Lakin Azərbaycan region ölkələri ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıqda maraqlıdır. Ölkəmiz Qərb dünyası ilə enerji təhlükəsizliyinin təminində, habelə antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi sahələrdə tərəfimizdən öz beynəlxalq öhdəliklərimizə tam sadiq qalmaqla uğurlu əməkdaşlıq formatı yarada bilib", - deyə siyasətçi əlavə edib. 

Deputatın sözlərinə görə, Azərbaycan Avropada enerji mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin olunması siyasətinə öz töhfəsini verməklə, bu istiqamətdə özünü əvəzsiz tərəfdaş və güvənilən enerji ixracatçısı kimi təsdiq edib. Azərbaycan habelə Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın dövlətləri, ələlxüsus Çin, Koreya və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Xüsusən Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin, ələlxüsus Çinin sürətlə qabaqcıl rol alması  Azərbaycan Respublikasının xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olub. O cümlədən Mərkəzi və Orta Asiya dövlətləri ilə münasibətlər də Azərbaycanın xarici siyasətində əhəmiyyətli yer tutur. Möhtərəm Prezident andiçmə mərasimində açıq formada bəyan etmişdi ki, bizim ailəmiz türk dünyasıdır. Bu isə qeyd edilən regionun ölkələri ilə mövcud ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin hansı önəm daşıdığının bariz nümunəsidir. 

B.Məhərrəmov qeyd edib ki, ölkəmizin xarici siyasət kursunun digər vacib istiqamətlərindən biri də Yaxın Şərqlə əlaqələrdir. Bakıda həmişə hesab edilib ki, Azərbaycanın Yaxın Şərq ölkələri ilə münasibətləri böyük potensiala malikdir və bu mənada ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcək: "Vətən müharibəsi və antiterror tədbirləri ilə Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik konfiqurasiyası, habelə Suriya ətrafında yaranan təhlükəsizlik arxitekturası tamamilə yeni geosiyasi mühit formalaşdırıb. O cümlədən Azərbaycanın hərbi-siyasi qələbələri ilə artan lider rolu, şəxsən cənab İlham Əliyevin malik olduğu qlobal nüfuz Bakını proseslərə həlledici təsirə malik gücə çevirib. Xüsusən Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bir sıra qlobal proseslərin təşəbbüskarı və icraçısı qismində öndə olması, bu qəbildən pandemiya ilə mübarizədə qlobal səyləri effektiv qaydada birləşdirməsi, vaksin millətçiliyi ilə mübarizədə möhtərəm Prezidentin qətiyyətli və cəsarətli mövqeyi, habelə neokolonializmlə mübarizədə Azərbaycanın aparıcı beynəlxalq aktor kimi özünü təsdiqləməsi yeni baxış bucağı formalaşdırıb. Nəticə etibarilə Azərbaycan Prezidenti yalnız Cənubi Qafqazda işğal və təcavüzə son qoymaqla beynəlxalq hüququn aliliyini təmin etmiş, separatizmlə effektiv mübarizə apararaq qalib gəlmiş lider olmaqla yanaşı, həm də qlobal proseslərə təsir edə biləcək güc mərkəzi rolunu yaradıb. Təsadüfi deyil ki, Ankara və Moskva arasında Türkiyənin Rusiya qırıcısını vurması ilə ciddi gərginliyə gətirən, hətta hərbi qarşıdurma təhdidi yaradan situasiyada məhz Azərbaycan Prezidentinin müdaxiləsi ilə vəziyyət stabilləşmişdi. Bu, Azərbaycana qlobal vasitəçi qismində önəmli rol qazandırıb. Oxşar yardımçı və hətta həlledici müdaxilə Türkiyə və İsrail arasında gərginləşmə zamanı da müşahidə olunmuş, lakin ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, "baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub".

Deputat vurğulayıb ki, İsrail və Türkiyə Azərbaycanın xarici siyasətində çox önəm daşıyan dost və qardaş ölkələrdir və ölkə rəhbərimizin də dediyi kimi, bu iki dövlət arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Təbii ki, prosesdə vasitəçilik missiyasında aktivlik edən digər tərəflər də olmuşdu, lakin adıçəkilən forumda da ifadə olunduğu kimi, Azərbaycan bu prosesdə birinci yerdə idi. Buna rəğmən o zaman Azərbaycanın adının çox da hallanmamasının isə bir səbəbi olub, cənab İlham Əliyevin təbirincə desək, "bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik". Nəticədə məhz Bakının müdaxiləsi ilə bu normallaşmanın İsrail Prezidentinin Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu Yorkda görüş kimi nəzərəçarpan əlamətləri meydana çıxmışdı.  Hazırda ortaya çıxan ikinci gərginlik fonunda da, heç şübhəsiz, Bakını maraqlandıran bir istiqamət var, ən qısa müddətdə bizə çox yaxın iki dövlətin maraqlarını uzlaşdıra bilmək. Cənab Prezident də bu məsələdə mövqeyini gizlətmədi: "Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, - əgər, ümumiyyətlə, belə bir proses varsa, - nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər". İndiki məqamda Bakı proseslərin nəticə verəcəyinə inamla yanaşır. "Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq".

Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanın Yaxın Şərq siyasətinin digər önəmli aspekti Suriya ilə münasibətlərimizin yeni mərhələsidir: "Xüsusən Suriyada Əsəd rejiminin devrilməsindən Bakının məmnun qaldığı və tam yeni geosiyasi şəraitin hökm sürdüyü bir şəraitdə Bakı-Dəməşq əməkdaşlığı üçün böyük perspektivlər açıldığına inanır. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü və müzakirələrin məzmunu da bunu deməyə əsas verir. Əsəd rejiminin təcavüzkar siyasəti səbəbindən Bakı-Dəməşq münasibətləri 10 ildən artıq bir dönəmdə iflic vəziyyətinə düşmüş, Əsəd açıq formada Ermənistanın işğal və təcavüz siyasətinə dəstək vermişdir. Bu mənada Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar möhtərəm Prezidentimiz məmnunluğunu açıq formada bildirərək dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyətinin ən qısa müddət ərzində bu ölkəyə göndərildiyini və uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətinin bərpa edildiyini diqqətə çatdırdı. Bakı Suriya siyasətində bununla kifayətlənmək niyyətində deyil. Liderlərin görüşündə də ifadə olunduğu kimi, Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində həm ikitərəfli, həm də Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatında iştirak etməyə hazırdır. Bu məqsədlərin realizəsi üçün isə real addımlar zəruridir və Əhməd Əl Şaraanın Bakıya dəvət olunması, habelə digər yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq perspektivlərə yönəlik praktik addımlar sayılmalıdır. Əhməd Əl Şaraanın Bakıya dəvəti qəbul etməsi, Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirməsi, habelə  gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmindən geniş şəkildə danışması Bakı-Dəməşq əlaqələrində və bütövlükdə Azərbaycanın Yaxın Şərq siyasətində növbəti uğurlu mərhələdən xəbər verir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!