Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair saziş layihəsinin paraflanması ilə Bakı və Ermənistan arasında önəmli bir mərhələ qət olunub. Hazırda Ermənistan tərəfindən əvvəlki dövrlərdən fərqli olaraq ərazi iddiaları da daxil hər hansı obyektiv, yaxud subyektiv tələblərin irəli sürülmədiyi və de-fakto sülhə nail olunduğu bir situasiyada Rusiyanın bir sıra dövlət və hökumət rəsmilərinin, o cümlədən hakimiyyət dairələrinə bağlı ayrı-ayrı media qurumlarının Azərbaycan və Ermənistan arasında yeni müzakirə dalğası yaratması qəbuledilməzdir. Reallıqları əks etdirməyən məsələlərin gündəmə gətirilməsi, xüsusən Azərbaycanın beynəlxalq hüquqla tanınan Qarabağ bölgəsinin rəsmi Bakının iştirak etmədiyi və razılığı soruşulmadan müzakirə mövzusuna çevrilməsi yolverilməzdir və ilk növbədə beynəlxalq hüququn hamılıqla tanınmış normalarında əksini tapan prinsiplərlə daban-dabana zidd davranışdır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə bu gün Rusiya rəsmilərinin gündəmdə saxlamağa çalışdığı mövzu, o cümlədən həmin kontentin əsasında dayanan separatizm artıq tarixin arxivinə qovuşub. Prezident İlham Əliyevin liderliyində yaranan yeni reallıqda hətta Ermənistan belə ötən bir ilə yaxın dövrdə analoji məzmunlu müzakirələrdə maraqlı görünməmişdir. "Məhz bu reallığın nəticəsidir ki, Azərbaycan və Ermənistan arasında artıq uzun müddətdir ki, silahlar susub, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində real nəticələrə gətirib çıxaran addımlar atılıb və bu proses hazırda da davam etməkdədir. Eyni zamanda Azərbaycan ərazisindən tranzit məhdudiyyətinin götürülməsi ilə üçüncü ölkələrdən daşınan yüklər, habelə ölkəmizin məhsulları Ermənistana heç bir maneə olmadan çatdırılmaqdadır. Ölkələr arasında ticari münasibətlərin bərqərar olunması ilə yanaşı, artıq Bakı və İrəvan bir çox beynəlxalq məsələdə, habelə çoxtərəfli müstəvilərdə qarşılıqlı dəstəkdə ifadə olunan mövqe nümayiş etdirir və mümkün qədər sülhün möhkəmləndirilməsinə xidmət edən ritorikaya üstünlük verirlər. Belə bir şəraitdə şimal qonşumuzda rəsmi və ictimai dairələrin Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş daxili məsələlərinə müdaxilə xarakterli bəyanatlar səsləndirməsi, xüsusən Rusiya və Ermənistan liderləri arasında 1 aprel görüşünün ardınca bu tip müzakirələrin geniş vüsət alması birmənalı şəkildə regionda dayanıqlı sülh və sabitlik şəraitinin heç də bütün güclər tərəfindən alqışlanmadığını göstərir. Daha dəqiq desək, bir sıra qlobal subyektlər Cənubi Qafqazda mümkün münaqişə ehtimalına öz maraqlarının təmini üsulu kimi baxmaqdan hələ də çəkinməyiblər. Çox təəssüflər olsun ki, Azərbaycanla qarşılıqlı müttəfiqlik münasibətlərinə malik olmasına baxmayaraq, bu qəbuledilməz ritorikanın əsas daşıyıcısı kimi məhz Rusiya çıxış edir. Xarici İşlər Nazirliyinin 5 aprel bəyanatında da ifadə olunduğu kimi, rəsmi Bakı diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyinə dair mövqeni Rusiya Prezidenti Administrasiyasına, bu ölkənin hökumətinə və Xarici İşlər Nazirliyinin diqqətinə çatdırıb", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, bu mövzunun hələ də Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməsi, Peskovun "Vesti" kanalına son müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair spekulyativ şərh verməkdən çəkinməməsi rəsmi Moskvanın regionda dayanıqlı sülh və sabitlikdə o qədər də maraqlı görünməyən imicinin formalaşması üçün heç də haqsız görünməyən arqumentlər toplusu formalaşdırır. Yəni Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənməsi, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il birgünlük antiterror tədbirləri nəticəsində bu reallığın bir daha təsdiq və bərqərar olunması fonunda Rusiyanın ölmüş bir mövzunu gündəmdə saxlamağa çalışması süni düyün nöqtəsi formalaşdırmaq cəhdindən fərqli bir məzmunda izah oluna bilmir. Görünən odur ki, bu gün Rusiyada hələ də ayrı-ayrı dairələr imperialist təfəkkürdən qurtula bilməyib, Cənubi Qafqazda öz maraqlarını bərabərhüquqlu əməkdaşlığa əsaslanan situasiyada yox, "parçala və hökm sür" direktivi işığında təmin etməyə cəhd göstərirlər. Bu da nəinki Moskvanın Cənubi Qafqazdakı maraqlarını təmin etmir, üstəlik, Rusiyanın bölgədəki nüfuzunu ciddi şəkildə sarsıdır.
B.Məhərrəmov bildirib ki, şimal qonşumuz, xüsusən bu məzmunlu müzakirələri aparmaqda fəallıq göstərən dairələr çox da uzaq olmayan tarixə ekskursiya edərək Rusiya Federasiyası da daxil olmaqla heç bir ölkənin heç bir dövrdə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoya bilmədiyini, hətta işğal dövründə belə cari istiqamətdə dilemma xarakterli süni situasiya formalaşdırmağa nail olunmadığını görə bilərlər: "Bu mənada Azərbaycanın hər hansı bölgəsinin ikinci və üçüncü dövlətlər arasında müzakirələr zamanı danışıqlar predmeti, yaxud mövzusu kimi, hətta arqumentləri gücləndirəcək element kimi belə istifadə olunması BMT Nizamnaməsi və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin, ələlxüsus dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışılmasının yolverilməzliyi prinsipinin kobud pozuntusudur və heç bir formada nə müzakirə tərəflərinə, nə də müzakirənin əhatələdiyi regionda sülhə, sabitliyə və rifaha fayda verə bilər. Hazırda regionda hökm sürən və bölgə dövlətlərinin və xalqlarının maraq, mənafe və rifahını ifadə edən cari reallıq məhz Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin hərbi-siyasi qələbələri ilə formalaşdığı və qlobal miqyasda qəbullanıldığı bir şəraitdə bu kimi qəbuledilməz və beynəlxalq hüquqa zidd cəhdlər regionun təhlükəsiz gələcəyini sığortalayan cari konfiqurasiyanı zədələmək gücündə deyil. Ölkəmizin ümumbəşəri dəyərləri rəhbər tutması, bütün dünya dövlətləri və xalqları ilə sülhün, əmin-amanlığın hökm sürdüyü və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin rəhbər tutulduğu şəraitdə əməkdaşlığı özünün çoxvektorlu xarici siyasət kursunun prioritetlərindən birinə çevirdiyi şəraitdə hər hansı bir dövlətin, o cümlədən regionla dərin tarixi, siyasi, mədəni və humanitar əlaqələrə malik Rusiyanın qeyri-praqmatik mövqe və davranış sərgiləməsi arzu-olunan deyil və bölgəyə müsbət nə isə vəd edə bilməz".
Deputat vurğulayıb ki, bu baxımdan rəsmi Moskva Azərbaycanın suverenliyinə aid məsələlərin nə Rusiya-Ermənistan, nə də Rusiyanın hər hansı dövlətlə münasibətlərində müzakirə mövzusu ola bilməyəcəyini başa düşməli və regionda maraqlarını bu kimi effektsiz və çürük imperialist niyyətlərdə ifadə olunan dolayı kombinasiyalarla deyil, beynəlxalq hüququn rəhbər tutulduğu, birbaşa sağlam əməkdaşlıq konfiqurasiyasına əsaslanan fəaliyyətlə təmin etməlidir. Şimal qonşumuz, nəhayət, anlamalıdır ki, rəsmi Bakı Rusiya Federasiyası ilə hansısa süni gərginlikdə yox, bir neçə əsrlik dərin tarixi kökə malik siyasi, mədəni və humanitar bağlar vasitəsilə həm Rusiya, həm də Azərbaycanın mənafelərinə, bütövlükdə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət edən reallığın formalaşdırılmasında maraqlıdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"