13 Dekabr 2025 09:05
258
SİYASƏT
A- A+
Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu sahədə yeni nümunələr yaradır


Müasir dünyanın siyasi, sosial və texnoloji dinamikası, yeni çağırışları təbii resurslar və sərt güc taktikasından daha çox humanitar missiyaların, mədəni diplomatiyanın, sosial həssaslıq üzərində qurulmuş yumşaq gücün əhəmiyyətini artırmaqdadır. 

Bu yeni mərhələdə Azərbaycan təkcə regional enerji gücü kimi deyil, həm də qlobal humanitar təşəbbüsləri, sosial layihələri, təhsil proqramları və mədəniyyət diplomatiyası ilə seçilən bir ölkə kimi formalaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxarmış uğurlu siyasətinin aparıcı istiqamətlərindən olan bu strateji xətti irəli aparan şəxslərdən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevadır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın uğurlu layihələrlə son onilliklər ərzində formalaşdırdığı ənənələri daha da inkişaf etdirən Leyla xanım ölkəmizin humanitar diplomatiyasına töhfə verən yeni parlaq nümunələr ortaya qoyur.  


Təkmil əməkdaşlıq modeli


Leyla Əliyevanın elə təkcə son bir ayda Banqladeşdən Türkmənistana, ICESCO-dan BMT platformalarına qədər çox geniş bir sferanı əhatə edən fəaliyyəti Azərbaycanın beynəlxalq humanitar mövqeyinin konseptual mənzərəsini canlandırır. Heydər Əliyev Fondunun vitse-prezidentinin fəal iştirak etdiyi təşəbbüslərin təkcə bir istiqamətlər zolağı olmadığını, bir-birini tamamlayan üç əsas sütun üzərində qurulduğunu göstərir. Bunlar qlobal çevrədə humanitar əməkdaşlıq, sosial və təhsil layihələri, mədəni, ekoloji və elmi diplomatiyadır.

Leyla xanım Əliyeva Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva ilə birgə Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkəyə etdiyi səfərlə Azərbaycanın humanist dəyərlərə əsaslanan yeni əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində onların Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, Nobel mükafatı laureatı, "mikrokredit inqilabının atası" kimi tanınan professor Məhəmməd Yunusla görüşü, apardıqları müzakirələr ölkəmizlə Banqladeş arasında sosial ədalət, yoxsulluğun azaldılması və inklüziv inkişaf sahələrində yeni əməkdaşlıq trayektoriyası açır.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi Banqladeşlə humanitar yardım, gənclərin inkişafı və könüllülük hərəkatı, sosial dəstək proqramları, ətraf mühitin mühafizəsi, gənclərin ekoloji təşəbbüsləri kimi sahələrdə birgə layihələr həyata keçirməkdə maraqlıdır. Bu sahələr təsadüfi seçilməyib, həm Banqladeşin, həm də Azərbaycanın prioritetləri ilə üst-üstə düşür. Belə ki, Banqladeş iqlim risklərinə və sosial məsələlərə görə dünyanın ən həssas ölkələrindən sayılır, məhz buna görə Azərbaycandan gələn belə təşəbbüslər real sosial təsir potensialına malikdir.

Leyla xanımın və Arzu Əliyevanın Banqladeşin paytaxtında valideyn himayəsindən məhrum qız uşaqları üçün fəaliyyət göstərən "Shorkari Shishu Poribar" (Dövlət Uşaq Evi) müəssisəsinə səfəri də Azərbaycanın humanitar diplomatiyasının mahiyyətini aydın şəkildə göstərir. Ölkəmiz humanitar fəaliyyətini yalnız respublika hüdudlarında və regionla məhdudlaşdırmır, əksinə, inkişaf etməkdə olan ölkələrin ən həssas kateqoriyalarını hədəfləyən qlobal dəstək sisteminin fəal iştirakçısıdır. Bu səfər yalnız bir ziyarət deyil, fondun həmin müəssisə ilə birgə yardım proqramı həyata keçirməsi istiqamətində aparılan ilkin razılaşma Azərbaycanın uzunmüddətli sosial məsuliyyət və tərəfdaşlıq modelini nümayiş etdirir.


İslam dünyasında intellektual və elmi platformaların qurulması


Dekabrın 8-də Bakıda açılışı olan "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" konfransının uğurla təşkili və konfrans çərçivəsində Leyla xanım Əliyevanın ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşü isə Azərbaycanın artıq yalnız humanitar yardım edən ölkə deyil, eyni zamanda elmi, intellektual və texnoloji forumlar quran mərkəz olması mesajını vermis oldu. 

Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti bildirdi ki, süni intellekt (Sİ) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. 

Diqqətə çatdırıldı ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025-2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində Sİ modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.

Heydər Əliyev Fondunun vitse-prezidenti həmçinin vurğuladı ki, süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar sırasındadır.

Konfransda ICESCO ilə əməkdaşlığa da toxunuldu. Bu tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırıldı. Vurğulandı ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.

Konfransın sonunda islam dünyasında süni intellekt indeksi üzrə Bakı Bəyannaməsi qəbul edildi. Sənəddə bildirilirdi ki, islam dünyası süni intellektin cəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süni intellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm və mədəniyyətin inkişafı missiyasını yerinə yetirmək üçün həyati əhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektin təhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitin idarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eyni zamanda sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərinin olmaması kimi riskləri də qəbul edir.

Leyla Əliyeva ICESCO-nun baş direktoru ilə görüşünün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş də imzalandı. Bu layihə bir neçə aspektdən diqqət çəkir. İlk növbədə Azərbaycan gücünü hər hansı başqa metodlardan deyil, məhz sosial dayanıqlıq və inklüziv inkişafdan alır. Fond Qərbi Afrikada real sosial təsir yaradan layihələrə imza atır. İslam dünyasında innovasiya, təhsil və sosial dəstək üçlüyü üzərində yeni əməkdaşlıq modeli formalaşır.

Dekabrın 8-də Leyla xanım Əliyevanın Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktumla keçirdiyi görüş, apardığı müzakirələr, Heydər Əliyev Fondunun islam dünyasında təhsil və sosial dəstək layihələrinə görə "Həmdan-ICESCO" mükafatına layiq görülməsi isə qurumun beynəlxalq nüfuzunun daha bir göstəricisidir. 

Bu əməkdaşlıq Azərbaycan-Ərəb dünyası münasibətlərinə də yeni məna gətirir. Təhsil və sosial proqramlar üzrə birgə platformaların qurulması imkanlarını artırır, humanitar layihələrin regionlararası genişlənməsi perspektvlərini gücləndirir, Azərbaycanın yalnız donor yox, həm də tərəfdaş kimi qəbul edildiyini göstərir. Leyla xanım Əliyeva bu görüşlərdə, aparılan danışıqlarda təkcə rəsmi nümayəndə kimi deyil, Azərbaycan dövlətinin yumşaq güc strategiyasının təmsilçisi kimi çıxış edir.


Qadın siyasəti və sosial layihələr üzrə həmrəylik


Eyni sözləri dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən "Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı" mövzusunda beynəlxalq konfransda Leyla xanım Əliyevanın təmsilçiliyi haqqında da deyə bilərik. Bu beynəlxalq konfransda Leyla xanımın iştirakı və çıxışı Azərbaycanın qadın məsələlərinə yanaşmasının qlobal xarakterini bir daha nümayiş etdirmiş oldu. Onun çıxışında üç əsas istiqamət xüsusi vurğulandı. Bunlardan birincisi qadınların liderliyi və cəmiyyətin inkişafında onların rolu idi. Leyla Əliyeva qadınların bilik və təcrübəsinin davamlı inkişaf üçün həlledici olduğunu bildirdi. Digər istiqamət Heydər Əliyev Fondunun təhsil və sosial layihələri ilə bağlı oldu. Leyla xanımın diqqətə çatdırdığı kimi, ölkəmizin Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam, Niderland, Pakistan, Keniya, Ruanda və digər ölkələrdə məktəb tikintisi və təhsil dəstəyi - Azərbaycanın qlobal humanitar xəritəsini formalaşdırır. Onun çıxışının üçüncü mühüm istiqaməti isə ekoloji diplomatiya - Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı oldu. Bu, adi ekoloji bəyanat deyil - region üçün strateji təhlükə və qlobal miqyasda səs salan ekoloji həyəcan çağırışıdır.

Beynəlxalq konfrans çərçivəsində Leyla xanım Əliyevanın Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşü da əhəmiyyətli məqam oldu və son illər müxtəlif sferalarda davamlı inkişaf edən Azərbaycan-Özbəkistan münasibətlərində Heydər Əliyev Fondu ilə Özbəkistanın "Zamin" Fondunun rolunu önə çıxardı. Bu əməkdaşlıq artıq mədəni layihələrlə məhdudlaşmır, qadınların siyasi, sosial və iqtisadi həyatda mövqelərinin gücləndirilməsi üzrə regional təşəbbüslərə çevrilir.


Sistemli dövlət siyasəti


Bütün bu qeydlər də göstərir ki, Leyla xanım Əliyevanın fəaliyyəti sistemli dövlət siyasətinin aparıcı xəttidir. Ayrı-ayrı ölkələrdə yeni məktəblərin tikintisi, qızların təhsilinə dəstək, inkişaf etməkdə olan ölkələrdə informasiya texnologiyaları (İT) avadanlığı ilə təminat - bunlar yumşaq gücün əsas elementləridir. Qadın liderliyi, sosial müdafiə proqramları, regional əməkdaşlıq - Azərbaycanın bütün bu sahələrdə qurduğu nümunəvi modelin təşviqidir. Xəzər dənizi ilə bağlı qaldırılan məsələ təkcə region üçün deyil, Avrasiyanın ekoloji təhlükəsizliyi üçün strateji siqnaldır. Eləcə də ICESCO kimi nüfuzlu br qurumla fəal  əməkdaşlıq, müştərək şəkildə beynəlxalq konfransların təşkili, elm və süni intellekt sahəsində dialoqun gücləndirilməsi bu günə və gələcəyə qoyulan sərmayədir.

Leyla xanım Əliyevanın fəaliyyəti Azərbaycanın klassik diplomatik alətlərdən kənara çıxaraq insan mərkəzli, sosial məsuliyyətli, humanitar təməlli yeni bir qlobal mövqe formalaşdırdığını göstərir. Eyni zamanda belə bir həqiqətlə bütün beynəlxalq aləmə səslənir ki, müasir dünyamız humanizmsiz, sosial məsuliyyət olmadan inkişaf edə bilməz, Azərbaycan isə bu yeni humanitar xəritəni yaradan dövlətlərdən biridir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!