Aprelin 11-13-də baş tutan IV Antalya Diplomatiya Forumu (ADF) bir çox siyasi hadisələrlə yadda qaldı. Foruma ümumilikdə dünyanın 155 ölkəsindən altı mindən artıq iştirakçı qatıldı. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da ADF-də iştirak etdilər.
Forumda Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edildi.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirib ki, son illər qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər, güc mərkəzlərinin şaxələnməsi və regional güclərin artan rolu yeni dünya nizamının formalaşması prosesini sürətləndirir. Bu prosesdə diplomatik platformalar, xüsusilə Antalya Diplomatiya Forumu (ADF) kimi beynəlxalq dialoq məkanları mühüm əhəmiyyət kəsb edir. ADF yalnız diplomatik təşəbbüslərin nümayişi deyil, həm də iştirakçı dövlətlər üçün geosiyasi mövqelərini gücləndirmək baxımından strateji imkanlar yaradır. "Antalya Diplomatiya Forumu dünya liderlərinin, siyasətçilərin və ekspertlərin bir araya gələrək qlobal çağırışları müzakirə etdiyi mühüm platformadır. Forumun əsas üstünlüyü onun inklüzivliyində və müxtəlif regional problemlərin eyni məkanda gündəmə gətirilməsindədir. Yeni dünya nizamı formalaşarkən belə platformalarda aparılan müzakirələr güc balansını müəyyən edən, əməkdaşlıq perspektivlərini dəyərləndirən mühüm faktor kimi çıxış edir. Azərbaycan bu cür forumlarda fəal iştirak etməklə həm öz mövqeyini gücləndirir, həm də regional əməkdaşlığa töhfə verir", - deyə deputat əlavə edib.
Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş Antalya Diplomatiya Forumu çərçivəsində xüsusi önəm daşıyıb. Bu görüş iki qardaş ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın daha da dərinləşdiyini bir daha nümayiş etdirdi. Görüş zamanı verilən açıqlamalar birgə strateji layihələrin davam etdiriləcəyini, regional sabitlik və təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyətin vacibliyini vurğuladı. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi iki ölkə münasibətlərinin perspektivini daha da möhkəmləndirir.
Siyasətçi vurğulayıb ki, Azərbaycan Prezidentinin Suriyanın keçid prezidenti Əhməd Əş-Şaraa ilə görüşü də regionda yeni diplomatik dinamikanın xəbərçisidir: "Bu görüş Azərbaycanın Yaxın Şərqdə sabitlik və bərpa proseslərinə marağını və iştirakını göstərir. Azərbaycanın postmünaqişə bərpa sahəsindəki təcrübəsi Suriyaya infrastrukturun yenidən qurulması, sosial-iqtisadi layihələrin reallaşdırılması sahəsində faydalı ola bilər. Həmçinin bu görüş Azərbaycanın beynəlxalq arenada neytral və konstruktiv mövqe tutduğunu bir daha sübut edir".
Azərbaycan-Gürcüstan əlaqələri daha da güclənir
E.Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin Gürcüstanın baş naziri ilə görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi əsas mövzulardan biri olub. Azərbaycanın Gürcüstanın suverenliyinə verdiyi dəstək regionda sabitliyin qorunması və təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi baxımından önəmlidir. Bakı və Tbilisi arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq layihələri Cənubi Qafqazın təhlükəsiz inkişafının təməl sütunlarını təşkil edir.
Dövlətimizin başçısının Şimali Kipr Türk Respublikasının (ŞKTR) rəhbəri ilə keçirdiyi görüş və verdiyi dəstək bəyanatları Türk Dövlətləri Təşkilatının birliyi və güclənməsi baxımından əlamətdar hadisədir. Azərbaycanın ŞKTR-ə açıq dəstəyi, rəsmi Bakının milli maraqlara və qardaş ölkələrə qarşı prinsipial mövqeyini nümayiş etdirir. Bu yanaşma türk dünyasının siyasi və mədəni inteqrasiyasını dərinləşdirir və beynəlxalq münasibətlər sistemində yeni güc qütbünün formalaşmasına zəmin yaradır. "Antalya Diplomatiya Forumu kimi beynəlxalq platformalarda Azərbaycan Prezidentinin fəallığı və apardığı çoxşaxəli diplomatik dialoqlar ölkənin qlobal nüfuzunun artdığını göstərir. Regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsində Azərbaycan liderliyinin rolu bir daha ön plana çıxır. Bu proseslər təkcə ölkənin maraqlarını deyil, bütövlükdə türk dünyasının və Cənubi Qafqazın strateji gələcəyini müəyyənləşdirir", - deyə o əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"