Ölkəmiz Yaxın Şərq dövlətləri ilə çoxşaxəli münasibətləri inkişaf etdirir
"Aprelin 9-da Türkiyə və İsrail rəsmilərinin Bakıda keçirdiyi görüş Azərbaycanın regional diplomatiyada oynadığı mühüm rolun təsdiqidir. Bu, Suriyada "münaqişəsizlik mexanizmi" çərçivəsində keçirilən ilk texniki formatda müzakirə olub və İsrail Baş naziri Benyamin Netanyahu buna görə Azərbaycana təşəkkürünü bildirib. Prezident İlham Əliyev çıxışında, həmçinin ölkəmizin Suriyada formalaşmaqda olan yeni hakimiyyəti dəstəklədiyini bildirib. Bu, Azərbaycanın Yaxın Şərqdə baş verənlərə dair fəal və prinsipial mövqeyinin göstəricisidir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Azərbaycan Yaxın Şərq ölkələri ilə qarşılıqlı hörmət, əməkdaşlıq və regional sabitlik prinsiplərinə əsaslanan fəal və çoxşaxəli münasibətlər saxlayır. Ölkəmiz balanslaşdırılmış xarici siyasəti ilə regionda dialoq və sülhün təşviqinə öz töhfəsini verir. Azərbaycan İsrail və Türkiyə arasında vasitəçi missiyası həyata keçirərək, bu iki mühüm regional aktor arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına dəstək göstərib. Hər iki ölkə ilə güclü diplomatik əlaqələrə malik olan Azərbaycan etibarlı tərəfdaş kimi dialoq və etimad mühitinin qurulmasında mühüm rol oynayır. Azərbaycan islam dünyasında İsrail üçün strateji müttəfiqdir. "Bununla yanaşı, Azərbaycan Suriya ilə onun qonşu ölkələri arasında münasibətlərin tənzimlənməsi prosesində də yaxından iştirak edir. Diplomatik kanallar və çoxtərəfli platformalar vasitəsilə Azərbaycan regionda sülh və sabitliyin bərqərar olunmasına dəstək verir. Azərbaycan və İsrail qarşılıqlı hörmət, anlayış və ortaq maraqlara əsaslanan güclü tərəfdaşlıq münasibətləri qurub. İllər ərzində iqtisadiyyat, mədəniyyət, aviasiya, peyk texnologiyaları, kibertəhlükəsizlik, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində ölkələrimiz arasında əməkdaşlıqda əhəmiyyətli irəliləyişlərə şahid olmuşuq. Müdafiə sahəsində İsraillə əməkdaşlığımız 1997-ci ildən başlayıb. Həmin vaxtdan etibarən hərbi-texniki əməkdaşlıq, avadanlıqların modernləşdirilməsi və kəşfiyyat məlumatlarının mübadiləsi sahələrində potensiallarımızı gücləndirmək üçün birgə fəaliyyət göstəririk. Bu sahələrdəki birgə səylərimiz hər iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verib", - deyə siyasətçi əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycandakı yəhudilər həmişə sülh şəraitində yaşamış, cəmiyyətimizdə bərabər hüquqlara malik olmuşdur. Ölkəmiz yəhudiliyə hörmət və tolerantlıq nümayiş etdirir və güclü yəhudi icmamız mövcuddur. Parlamentlərarası səviyyədə də münasibətlərimiz yüksək səviyyədədir. Hər iki tərəfdə fəal çalışan parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.
P.Vəliyeva vurğulayıb ki, Azərbaycanın İsrailə qarşı yönəlmiş koalisiyalara və ya qeyri-rəsmi bloklara qoşulmaması da iki ölkə arasındakı dostluğun bariz göstəricisidir. "Enerji sahəsində uğurlu əməkdaşlıq, terrorizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində birgə fəaliyyət də xüsusi qeyd olunmalıdır. Azərbaycanın İsrail üçün əlverişli logistika imkanları ticarət əlaqələrini daha da dərinləşdirib. Bundan əlavə, İsrailin Texnion İnstitutunun dəstəyi ilə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi müdafiə və təhlükəsizlik infrastrukturumuzun gücləndirilməsi istiqamətində daha bir mühüm addımdır. Bu mərkəz mütəxəssislərimizi rəqəmsal dövrün artan çağırışları ilə mübarizə aparmaq üçün zəruri bilik və bacarıqlarla təmin edəcək", - deyə Pərvanə Vəliyeva bildirib.
Deputat deyib ki, Əsəd rejimi çökəndən sonra Suriya ilə Azərbaycanın münasibətləri bərpa olunur. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulur. İkitərəfli əlaqələr bundan sonra da inkişaf edəcək. Suriyadakı keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaratmağa çalışırdı, hazırda isə bu, aradan qalxıb.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"