29 Fevral 2024 08:00
16522
SİYASƏT
A- A+

Azərbaycan hər bir təxribatı dəf etməyə hazırdır

 

Yeni savaş olarsa, bu, Ermənistanın tam iflası, havadarlarının isə qəti məğlubiyyəti ilə nəticələnəcək

 

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əldə olunan  razılaşmanı həzm edə bilməyən Qərb bu dəfə başqa "taktika" seçib. 
Azərbaycana qarşı apardıqları istənilən çirkin kampaniyanın uğursuzluğa düçar olduğunu görən dairələr indi də güclərini mətbuata yönləndiriblər. Son həftələrdə Qərb mediasında anti-Azərbaycan isterikasının genişlənməsi bunu deməyə əsas yaradır. Azərbaycanın guya yenidən Ermənistana hücum edəcəyini iddia edən antiazərbaycançı şəbəkə bu yalan iftiralarla ictimai rəyi planlaşdırdıqları təxribata hazırlayır. Qərb mediasında tirajlanan bu cür iddiaların əsas məqsədi isə bu məsələdə informasiya fonunu yaratmaqdır. 
Görünən odur ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində "vasitəçilik" missiyasını üzərinə götürmək istəyən Qərb dairələri, əslində, məkrli planlar hazırlayırmışlıar. Bu planlar indi Qərbin "ədalət maskası"nı yırtaraq arxasındakı əsl simanı və məqsədi nümayiş etdirir.  

 

"Xristian klubları"nın yeni səlib yürüşü

 

Ümumiyyətlə, istər işğal dövründə, istərsə də müharibədən sonrakı zamanlarda, həmçinin günü bu gün də Fransa açıq-aşkar Ermənistana havadarlığını gizlətməyib və hazırda da bu prosesi davam etdirir. Rəsmi Parisin Ermənistanın silahlandırılması, Nikol Paşinyanın Fransaya səfəri zamanı prezident Emmanuel Makronla keçirdiyi görüşdən sonra hər iki şəxsin səsləndirdiyi iddialar bunu təsdiqləyən reallıqdır. 
Qərb mediasında tirajlanan iddialardan görünür ki, Fransa tək deyil. Bəzi dairələr, adını beynəlxalq təşkilat qoyan "xristian klubları" artıq Azərbayana qarşı səlib yürüşünə başlayıblar. 
Azərbaycana qarşı həyata keçirdikləri çirkin oyunlara əsaslanıb deyə bilərik ki, Cənubi Qafqazda sülhün təminatı bəzi Qərb dövlətlərinin "maraqlarına" zidd imiş. Bu xüsusda Fransanın timsalında bəzi Qərb dövlətlərinin sərgilədikləri mövqe onu göstərir ki, bu qüvvələr Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyillər. 
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması üçün hər cür oyunlara əl atan Qərb, xüsusən də Fransa regionu yenidən "qan çanağına" çevirmək xülyasındadır. 
Məğlub Ermənistana gəlincə isə, bu ölkə müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün "forpost" olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamasından xəbər verir.

 

Yeni savaş Azərbaycanın nəyinə lazımdır?!

 

Qərb mediasının sifarişlər əsasında tirajladığı iftira dolu məlumatlarda, yazılarda ana xətt bundan ibarətdir ki, Azərbaycan konkret olaraq guya yeni savaşa hazırlaşır. Guya iki ölkə arasında sülh sazişinin bağlanmamasında günahkar Azərbaycandır. 
Sual yaranır, axı yeni savaş Azərbaycanın nəyinə lazımıdır?! Ərazi bütövlüyünü, suverenliyini tam təmin edən bir ölkə nədən sülh yox, yeni müharibə istəsin?!
Azərbaycan 30 il dünyaya car çəkib sülh istədi. Amma bu gün Azərbaycanı sülhün əldə edilməməsində "səbəbkar" adlandıran, yeni müharibəyə hazırlaşdığını iddia edən Qərb, işğal dövründə Ermənistana qarşı bir sanksiya belə qəbul etmədi. Sözdə Azərbaycanın suverenliyini tanıdıqlarını bəyan edən beynəlxalq təşkilatlar da eyni yolu getdilər. BMT Təhlükəsizlik Şurasının hansısa dövlətlə bağlı qəbul etdiyi qətnaməsinin icrası 24 saat ərzində reallaşdırıldığı halda, Azərbaycanın xeyrinə imzalanmış 4 qətnamə illərlə arxivlərdə qaldı. Hətta yeri düşəndə Azərbaycanın Ermənistanla hədə-qorxu, təhdid dili ilə danışdığını iddia edərək ikili standartlar tətbiq etdilər, qara yaxdılar, ədalətsizliyə əl atdılar. Amma Azərbaycan bunların hamısına sinə gərdi, layiqli cavab verdi və sonunda güc yolu ilə ərazi bütövlüyünü bərpa etdi.  
Qalib Komandan kimi İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra region dövlətlərini yeni formatlı birgə əməkdaşlığa çağırdı və bu, bölgədə təhlükəsizliyin təminatını şərtləndirəcək yeganə yol idi. Çünki Ermənistanla sülh müqaviləsi bağlanacağı halda yaranacaq yeni əməkdaşlıq platformalarının regionun inkişafına müsbət impuls verəcəyi qaçılmazdır. Yəni Azərbaycan savaş deyil, sülh tərəfdarıdır. Azərbaycan öz torpaqlarını iğaldan azad edib və bu gün dünya da görür ki, 30 il ermənilərin viran qoyduqları ərazilərdə Azərbaycan yalnız öz iqtisadi qüdrəti hesabına möhtəşəm layihələr gerçəkləşdirir. İllərlə yurd həsrətində olan vətəndaşlarının dogma el-obasına Böyük qayıdışını təmin edir. Əgər Azərbaycan müharibə istəsəydi, vətəndaşını yenidən savaşın, odun-alovun içərisinə atardımı? Əlbəttə ki, yox.  

 

İlham Əliyevin Xocalıdan verdiyi mesajlar bəzi dairələrə dərs olmalıdır

 

Lakin bu gün dünya görür ki, başda Fransa olmaqla Qərb dairələri konkret olaraq bölgəni yeni savaş meydanına çevirmək üçün əlindən gələni etməkdədir. Bunu faktlarla sübut etmək olar. Gəlin diqqət edək: 
Məğub Ermənistan ordusu yenidən silahlandırılır; 
Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Hayastana daşınır;
Fransız hərbçiləri Ermənistanın piyada və dağatıcı bölmələrinə təlimlər keçir; 
Azərbaycanla sərhəddə kəşfiyyat məlumatlarının toplanması üçün Aİ "missiyası" yerləşdirilir; 
Fransa ordusunun generalı sərhədə gəlib müşahidələr aparır;
Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqeləri atəşə tutulur;
Şərti sərhəddə atəşkəs davamlı pozulur, hərbçimiz yaralanır;
Naxçıvan istiqamətində təxribatlara əl atılır;
Qərb mediasında Azərbaycanı yeni savaşa hazırlaşmaqda günahlandıran sifarişli yazılar dərc etdirilir. 
Bütün bunlar real faktlardır. Qərb, xüsusən də Fransa regionda sülhün olmasını istəmir, vəziyyət qəsdən gərginləşdirilir və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışırlar.
Burada başqa məqsədlər də güdülür. İlk növbədə Nikol Paşinyanın qərbyönümlü siyasətə keçid etməsi onu göstərir ki, artıq bu ölkə hər zaman vassal olduğu Rusiyadan üz döndərir. Elə KTMT-də fəaliyyətinin "dondurulması" barədə qərarın verilməsi də bu ssenarinin tərkib hissəsidir. Burada başqa bir məqsəd isə Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. 
Göründüyü kimi, Fransa özünü BMT və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparır və kolonizator simasını gizlətmir. 
Amma əminliklə deyə bilərik ki, Qərbin iftiraları, Fransanın hərbi dəstəyi bölgədə qüvvələr balansını dəyişməyəcək, Fransa Azərbaycanın hansı hərbi imkanlara malik olduğunu hələ bilmir. 23 saata ermənilərin 30 il ərzində qurduğu istehkamları məhv etmiş Azərbaycana Fransa və Hindistanın Ermənistana verdiyi texnikanı darmadağın etmək üçün bir neçə saat kifayətdir. Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, istehsal edilən yerli və xaricdən alınan hərbi texnikalar, silahlar Silahlı Qüvvələrimizin gücünə güc qatır. 
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərində öz hərbi gücünü dünyaya nümayiş etdirərək Silahlı Qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərdi. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də Silahlı Qüvvələrini gücləndirir. 
Qalib Ali Baş Komandan İlham Əliyevin isə hər bir çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Fevralın 26-da Qalib Sərkərdənin Xocalıdan verdiyi mesajlar yəqin ki, Ermənistana və onun havadarlarına, Qərbə dərs olmalıdır: "Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir".
İlham Əliyev bu fikirləri ilə bir daha dünyaya çatdırdı ki, yeni müharibəyə Azərbaycan yox, Ermənistan hazırlaşır. Əgər bu baş verərsə, yenə də əzilən tərəf Ermənistan olacaq və bu ölkə onilliklərlə özünə gəlməyəcək. 
Prezident qətiyyətli fikirləri ilə həm də Azərbaycana iftira atan Qərbə mesaj verdi ki, bu gün Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video