Ekologiya
ilkin məzmununa görə canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı
əlaqələrindən bəhs edir. Bu sahə biologiyanın bəşəriyyətə töhfəsidir. Həmin elmi
istiqamət təbiətin və cəmiyyətin inkişaf tarixi ilə sıx əlaqəlidir. Ona görə də
bu sahənin tədqiqat istiqamətləri və kadr hazırlığı çoxsahəlidir. Tətbiqi sahələri
də geniş olmaqla ətraf mühiti, təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə
məsələləri və s. bağlıdır.
Son yüz ildə
ekologiyaya baxış keçirməklə biz tarixin dərinliklərində ekologiya haqqında biliklərin
zənginliyini, eyni zamanda onun sahələrinin Qərbdə və Şərqdə mövcud olan eyniliyini, fərqli cəhətlərini,
ümumbəşəri xüsusiyyətlərini, özünəməxsusluğunu qismən açmağa nail olduq.
XIX əsrin
sonu və XX əsrin əvvəllərində dünya elmlərinin inteqrasiyası yeni elmlərin və yeni
dünyagörüşlərin formalaşmasına güclü təsir göstərirdi. Azərbaycanın elmlər sistemində
ekoloji anlayışlar təbiət - cəmiyyət münasibətlərinə dair elmi ideyalarda, xüsusilə
cəmiyyətin inkişafında təbii şəraitin rolunun qiymətləndirilməsində, təbiəti daha
çox dəyişdirmək, kapitalist istehsal üsuluna uyğun geniş təkrar istehsalın inkişaf
etdirilməsi və təbiəti mühafizə ilə əlaqədar ideyalarda müşahidə edilirdi. Bu sahədəki
elmi biliklər ictimaiyyətə çox məhdud səviyyədə çatdırılırdı. Ekoloji biliklərə
dair ideyaların yerli təcrübə ilə əlaqələndirilməsi ayrı-ayrı ziyalıların, xaricdə
təhsil alıb gələnlərin üzərinə düşürdü. Onların bəziləri tərəfindən təbiətşünaslığın
və onun sahələrinin müxtəlif istiqamətlərinə, ekoloji dünyagörüşlərinə, aqrar biliklərə
dair qiymətli elmi - populyar yazılar verilirdi. Bu sahədə daha çox fərqlənən Moskva
Universitetinin məzunu - Həsən bəy Zərdabi (Məlikov) idi. O, materialist, dünyagörüşlü
təbiətşünasların ideyalarının əsaslarını şərh edirdi. Sonrakı mərhələdə Azərbaycan
tədqiqatçıları, alimlər həmin sahəyə dair məlumatları sistemli şəkildə təhlil etməyə
başladılar. Tarixçilərin fikrinə görə, XIX əsrin ortalarında və XX yüzilliyin əvvəllərinə
kimi Azərbaycanın fəlsəfi və ictimai fikrinin İran, Orta və Yaxın Şərqin digər ölkələrinin
mənəvi mədəniyyətlərinin yüksəlişinə böyük təsiri müşahidə edilirdi. Azərbaycanın
qabaqcıl ziyalıları digər məsələlərlə yanaşı, Qərb mədəniyyətini də tərənnüm etməklə
1919-cu ildə ilk ali təhsil və elm mərkəzini, demokratik mədəniyyətin əsası olan
Bakı Dövlət Universitetini yaratmışlar.
Bakı Dövlət
Universitetinin yaranması ilə Avropa ölkələri alimləri, pedaqoqları arasında əlaqələr
gücləndirildi. Eyni zamanda Türkiyə, İran ortaq mədəniyyətlərin öyrənilməsi ilə
elmi tədqiqat mərkəzi, cəmiyyətlər yaradıldı. Onların sırasında Azərbaycan Tədqiq
və Tətəbbö cəmiyyətinin təşkili mühüm əhəmiyyət kəsb etdi.
1930-cu illərin
axırlarından başlayan repressiyaların 1940-cı illərə qədər davam etməsi elmi tədqiqatları
yarımçıq qoydu. Azərbaycan xalqının mənəviyyatı və elmi yaradıcılığı sarsıldı. Bunlarla
yanaşı, tədricən SSRİ EA Zaqafqaziya filialının Azərbaycan bölməsi, SSRİ EA Azərbaycan
filialı, nəhayət, 1945-ci ildə AMEA-nın yaranması ilə Azərbaycan alimləri Antik
və Şərq fəlsəfəsi, Azərbaycanda fəlsəfi fikir tarixini Bəhmənyardan, Nizamidən müasir
dövrə qədər təhlil etməyə başladılar. Azərbaycan fizikşünasları, kimyaçıları, geoloqları,
bioloqları, coğrafiyaşünasları, riyaziyyatçıları apardıqları tədqiqatları İkinci
Dünya müharibəsində qələbələr qazanılması istiqamətinə yönəltdilər. Deyilənlər tədricən
ekoloji təfəkkürün formalaşmasına təsir göstərirdi. Repressiyalara məruz qalmalarına
baxmayaraq sonrakı inkişaf dövrləri göstərdi ki, Azərbaycan xalqı güclü genetik
artıma və yaddaşa malikdir. Bunun nəticəsidir ki, xalqımız 1941-1945-ci illərdə
böyük şücaət göstərir, Azərbaycan cəbhənin əsas strateji bazalarından birinə çevrilirdi.
BDU-da və digər ali məktəblərdə tədqiqatlar, zavodlarda təcrübələr, eksperimentlər
aparırdılar. Xüsusilə neft tullantılarından istifadə genişlənirdi.
XX əsrin ortalarından
başlayaraq təbiəti mühafizə sahəsində yeni ideyalar və əməli fəaliyyətlər yaranmağa
başladı. Ziddiyyətli dövr idi. Belə bir fikir əsaslandırılırdı ki, sosialist istehsal
üsulu və istehsal münasibətləri hər şeyə qadirdir. Bu məsələ təbiət qanunlarına
da şamil edilirdi. Belə bir dövrdə alimlər öz tədqiqatlarını davam etdirməli olurdular.
Onlardan ən birincisi akademik Həsən Əliyev idi. Onun əmək fəaliyyətinin birinci
dövründə (1930-1950) Azərbaycanın təbii şəraitinin tədqiqat sahələri istiqamətləndirilmişdir.
Eləcə də meşələrin kənd təsərrüfatında məhsuldarlığa təsiri ideyaları, meşəmeliorasiyanın
yaradılması, zonalar üçün ağac növlərinin seçilməsi, nəhayət, Meşəmeliorasiya İnstitutunun
yaradılması ilə həyata keçirilmişdir. Burada torpaq eroziyası üzrə tədqiqatlar da
aparılırdı.
H.Əliyev fəaliyyətinin
ikinci mərhələsində (1950-1970-ci illərdə) elmi tədqiqatlarını davam etdirməklə
məharətli elm təşkilatçısı kimi də fəaliyyət göstərmişdir. Alimin Meşə Təsərrüfatı
və Aqromeliorasiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və
inkişafında böyük əməyi olmuşdur. Onun təşəbbüsü ilə 1955-ci ildə keçmiş SSRİ EA
sistemində ilk dəfə Respublika EA Rəyasət Heyəti yanında Təbiəti mühafizə şöbəsi
yaradılmışdır. Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə bir neçə şöbə, eləcə
də təbiəti mühafizə şöbəsi təşkil edilmiş, həmin istiqamətdə də yeni kompleks elmi
tədqiqat işləri aparılmağa başlamışdır.
Fəaliyyətinin
üçüncü mərhələsində (1970-1990) Azərbaycanda ekoloji problemlərin və təbiəti mühafizə
məsələlərinin kompleks tədqiqinin əsaslarının yaradılmasına başlamışdır. Azərbaycan
təbiətinin mühafizəsində meşələrin salınması və qorunmasına, meşə - meliorasiya
işlərinə xüsusi önəm vermişdir. Həmin dövrlərdə 14 qoruq yaradılmışdır. Onun da
7-si Həsən Əliyevin səyi, təklifi və təkidi ilə həyata keçirilmişdir. Azərbaycan
təbiətinin mühafizəsində meşələrin salınmasına və qorunmasına, meşə - meliorasiya
işlərinə xüsusi önəm verilmişdir.
Həsən Əliyevin
təbiətlə bağlı yaratdığı elmi məktəblərdə onun 40-a qədər elmlər namizədi, elmlər
doktoru əzmlə fəaliyyət göstərmiş və uzun müddət direktor olduğu Coğrafiya İnstitutunun
bütün şöbələrinin elmi fəaliyyəti ekoloji məsələlərlə əlaqələndirilmişdir.
AMEA sistemində
ilk Təbiəti mühafizə şöbəsi Coğrafiya İnstitutunun nəzdində yaradılmış, ilk ekoloq
təbiətşünas alimlər məhz həmin elmi tədqiqat institutunda hazırlanmışdır.
Azərbaycanda
ekologiya və ətraf mühiti mühafizə sahələrində elmi tədqiqatların, tətbiqi sahələrin, kadr hazırlığının
geniş miqyasda dövlət səviyyəsində idarə edilməsinə 1970-ci illərdən başlanmışdır.
Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi böyük nəticələrlə müşayiət
olunmuşdur. Təkcə onu demək kifayətdir ki, keçən dövrlərdə (1970-1980;
1992-2002-ci illərdə) ekologiya və ətraf mühiti mühafizə ilə əlaqədar bir çox qanunlar
qəbul edilmiş, 30-a yaxın fərman və hüquqi sənədlər imzalanmışdır.
Akademik Həsən
Əliyev BDU-da ekoloji təmayüllü kafedranın açılması təklifini vermişdi. Təhsil Nazirliyinin
o vaxtki rəhbərliyi, eləcə də BDU-nun rektorluğu 1980-ci ildə Geologiya-coğrafiya
fakültəsində Ətraf Mühitin Mühafizəsi (ƏMM) və təbii ehtiyatlardan səmərəli istifadə
kafedrasının yaranmasına səy göstərmiş, həmin sahədə kadr hazırlığına başlanılmışdır.
Kafedraya professor F.Hacıyev rəhbərlik etmişdir. Bir ildən sonra yüksək vəzifəyə
irəli çəkilməsi ilə əlaqədar kafedraya rəhbərlik mənə həvalə olunmuşdur. Kafedra
əməkdaşları ali məktəblərdə Ətraf mühiti mühafizə fənninin tədrisini BDU-da müvəffəqiyyətlə
həyata keçirmişlər.
1990-cı ildə
Ətraf Mühiti Mühafizə üzrə Regional Koordinasiya Şurası təsis edilmişdir. BDU-nun
Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Zaqafqaziya
respublikaları üzrə bu sahədə regional mərkəz olmuşdur. Yeganə ekoloji təmayüllü
kafedra kimi təhsil sistemində elmi-metodiki mərkəzə çevrilmişdir.
Ulu Öndər
Heydər Əliyev çətin illərdə respublika rəhbərliyinə qayıtdıqdan sonra ekologiya
və ƏMM məsələlərinin həyata keçirilməsinə xüsusi səy göstərirdi. Eyni zamanda bu
məsələlərin sosial-iqtisadi islahatlar dövründə həyata keçirilməsi təhsil sisteminin
yeniləşdirilməsini tələb edirdi. 1999-cu ildə ölkədə təhsil islahatlarına başlandı,
2003-cü ildə ekoloji təhsil və ekoloji maarifləndirmə sahəsi ilə əlaqədar Prezident
fərmanlar verdi. Bütün bunlar ümumi kadr hazırlığı, eləcə də ekologiya və ətraf
mühiti mühafizə sahəsində mühüm əhəmiyyət kəsb etdi. 2001-ci ildə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni strukturda yaradılması haqqında fərman
imzalandı. Tədricən "Əsrin kontraktı”nın həyata keçirilməsi ilə neft və qaz kəmərlərinin
çəkilməsi və s. ekoloji təmayüllü layihələrin həyata keçirilməsi, təbii resurslardan
səmərəli istifadə Azərbaycan alimlərinin fəaliyyətini daha da stimullaşdırdı.
BDU-nun Ətraf
mühiti mühafizə kafedrası əməkdaşları yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı,
Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin, Dövlət Şəhərsalma və
Arxitektura, Dövlət Plan Komitələrinin layihə institutları və digərləri ilə birlikdə
təsərrüfat müqaviləli işlərdə və dövlət əhəmiyyətli proqramların yerinə yetirilməsində
iştirak edirdilər.
İndi Azərbaycanda
təbii resursların qiymətləndirilməsi və onlardan istifadənin genişləndirilməsi ilə
əlaqədar dövlət səviyyəsində ətraf mühiti mühafizə və təbiəti bərpa məsələlərinə
də ehtiyac yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikasında Regionların Sosial-iqtisadi
inkişafına dair Prezident İlham Əliyev tərəfindən dövlət inkişaf proqramlarının
həyata keçirilməsinə, insan kapitalına önəm verilməsinə, dayanıqlı inkişafın əsas
prioritet kimi qəbul edilməsinə və bu sahədəki fəaliyyətin genişləndirilməsinə xüsusi
önəm verilir. Ekologiya və ətraf mühiti mühafizə sahəsində fərmanların verilməsi,
strateji əhəmiyyətli fəaliyyət "İlham Əliyevin uğurlu ekoloji siyasəti” adı altında
ikicildlik toplum da öz əksini tapmışdır.
Müasir ekoloji
anlayışların elmi və praktiki məzmunu yeni metodoloji yanaşma tələb edir. Ətraf
mühiti mühafizə kafedrasının əməkdaşları bu sahədə də fəallıq göstərirlər. Onların
sırasında "Ekoloji tutum” konsepsiyasının Azərbaycan şəraitinə uyğunlaşdırılması;
torpaqların təsərrüfat təyinatında ətraf mühitin nəzərə alınması; əkin sahələrindən
ildə iki-üç dəfə məhsul götürülməsi və s. kimi mütərəqqi ideyalar ekoloji tələblərə
uyğun qiymətləndirilir. Ətraf mühiti mühafizə
kafedrasının əməkdaşları son dövrə qədər bu sahə üzrə tədqiqat planına müvafiq olaraq
15 mövzu, 10-a yaxın təsərrüfat müqaviləli elmi-tədqiqat işləri, kompleks proqramlar
və qrantlar yerinə yetirmişlər.
Prezident
İlham Əliyevin 2010-cu ilin "Ekologiya ili” adlandırdığı ildə BDU-da Ekologiya və
torpaqşünaslıq fakültəsi təşkil edilmişdir. Ekologiya və torpaqşünaslıq fakültəsinin
yaradılması ilə ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə kafedrası
Coğrafi ekologiya kafedrası adlandırılaraq Ekoloji kimya, Bioekologiya, Torpaqşünaslıq,
Yer quruluşu və torpaq kadastrı kafedraları ilə birlikdə fəaliyyət göstərir. Bu
kafedralar ekologiyanın böyük hissəsini əhatə etməklə həmin sahədə kadr hazırlığının
mühüm istiqaməti kimi formalaşdırılmışdır. Ekologiya elminin sistemli inkişaf etdirilməsi
və bu sahədə kadr hazırlığının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Ekologiya
və torpaqşünaslıq fakültəsində və digər fakültələrdə qlobal və kosmik ekologiya,
təkamül ekologiyası, struktur ekologiya, nanoekologiya, tətbiqi ekologiya və s.
sahələrə xüsusi önəm verilməkdədir.
Coğrafi ekologiya
təbiəti, sosial şəraiti, təsərrüfat sahələrini əhatə etdiyinə görə onun bir çox
sahələrinin metodoloji aspektlərinin təkmilləşdirilməsində və yeniləşdirilməsində
yeni istiqamətlər formalaşmaqdadır.
Müasir dövrdə
ekoloji kadrlardan səmərəli istifadə nəticəsində idarəetmənin səmərəli təşkilinə,
təsərrüfat sahələrinin modelləşdirilməsinə və proqnozlaşdırılmasına əlverişli şərait
yaradılmış, kafedraların fəaliyyətində xarici ölkələrlə əlaqələr xüsusi yer tutmuşdur.
Fakültəmizin Rusiya, Almaniya, Türkiyə, ABŞ və İranla elmi əlaqələri yaradılmışdır.
Biz qürur
hissi keçiririk ki, ekologiyada böyük xidmətləri olan akademiklərdən H.Əliyev, B.Budaqov,
V.Hacıyev, R.Əliyeva, professorlardan Ə.Əyyubov, Ş.Xəlilov, Q.Mustafayev, N.Mikayılov,
T.İsmayılov və başqaları ilə birlikdə fəaliyyət göstərmiş və yaxşı əməkdaşlığımız
olmuşdur.
Şövqi GÖYÇAYSKİ,
BDU-nun professoru