ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq konfrans tərəqqipərvər ictimaiyyətdə və dünya siyasətçilərində böyük maraq doğurmuşdur. Tədbir iştirakçıları, eləcə də bu konfransı yaxın və uzaq xarici ölkələrdən izləyənlər bir daha əmin oldular ki, Azərbaycan türk dünyası ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Azərbaycan bu gün dünyada cərəyan edən proseslərə əhəmiyyətli siyasi və iqtisadi münasibətlərə malik iştirakçı qismində cəlb edilməkdədir. Təkcə regionda deyil, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrikada gedən proseslərdə aktiv rol oynayır, mühüm beynəlxalq aktora çevrilir. Xüsusilə ərazi bütövlüyünü təmin etdikdən sonra günbəgün nüfuz dairəsini genişləndirir, təmsil etdiyi bölgənin siyasi və coğrafi hüdudlarını aşaraq transmilli tərəfdaşa çevrilir.
Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu məsələyə toxunub və bildirib ki, ölkəmiz xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurub. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib: "Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik".
Ölkəmizin dünya düzənində artan nüfuzunun göstəricilərindən biri də budur ki, Azərbaycan artıq ölkələr arasında problemlərin həllində vasitəçi dövlət rolunda çıxış edir. Son günlər dünya mediasının diqqəti Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə İsrail arasında Bakıda görüşə yönəlib. Azərbaycanın Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətlərlə bol bir bölgənin ağrılı problemlərinin həllində vasitəçi kimi qəbul edilməsi dövlətimizin daha bir nüfuz göstəricisidir. Bəllidir ki, Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənilir və bu baxımdan Türkiyə və İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir.
Dünya siyasətçilərinin diqqətini özünə cəlb edən son proseslər bir daha göstərdi ki, Azərbaycan İsraillə münasibətlərin təməlini zamanında qoruyaraq uğurla inkişaf etdirib. Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu prosesin irəli aparılmasında əsas lokomotiv rollardan birini oynayır. Ölkəmizin bu vasitəçiliyini ABŞ Prezidenti Donald Tramp da yüksək qiymətləndirib. O, Azərbaycan Prezidentinə təbrik məktubunda ölkəmizin İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirdiyini xüsusi vurğulayıb. Bəli, işğala son qoyan Azərbaycan bütün ölkələrdə də sülh və əmin-amanlığın bərqərar olmasına çalışır və bu istiqamətdə aktiv fəaliyyət göstərir.
Prezident İlham Əliyev beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti və bir sıra digər mühüm məsələlərlə bağlı rəsmi Bakının mövqeyini növbəti dəfə dünya ictimaiyyətinə çatdırdı. Bu açıqlamada diqqətçəkən başlıca məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə toxunmasıdır. Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda sülhün və sabitliyin yaranmasının qarşısını alır. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur.
Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çıxarmalı, regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır. Belə ki, Ermənistan nə qədər silahlanırsa silahlansın, Azərbaycanın "dəmir yumruğ"u qarşısında hər zaman acizdir. İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmiz bunu sübuta yetirdi. "Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. Prezident İlham Əliyevin bu fikirləri Ermənistana və onun havadarlarına növbəti ciddi mesajdır.
Azərbaycan lideri müxtəlif platformalarda Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri dəfələrlə açıqlayıb. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Dünyada qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birgə müraciət etməli, konstitusiyalarını dəyişməlidirlər. Bu halda ancaq sülh müqaviləsi imzalana bilər. İndi isə seçim Ermənistanındır.
Dövlət başçısının forumda toxunduğu vacib məqamlardan biri də Azərbaycanın türk dövlətlərinin birliyinin gücləndirilməsinə verdiyi töhfələrlə bağlıdır. Son illər türk dövlətlərinin birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan bu hədəfə çatmaq üçün önəmli təşəbbüslər irəli sürür və ölkəmizin bu tarixi prosesdə xüsusi rolu var. Azərbaycan türk dünyasının birləşməsinə hər zaman önəm verib. Ümummilli Lider Heydər Əliyev vaxtilə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayıb və Zirvə görüşlərində bu məsələni gündəmə gətirib. Hazırda bu ideya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu səbəbdəndir ki, cənab İlham Əliyev bu gün türk dünyasının liderlərindən biri kimi qəbul olunur. ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda Azərbaycanın türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman dəstək verdiyini söyləyən dövlət başçımız vurğuladı ki, üzv dövlətlər (TDT) arasında qarşılıqlı əlaqələrin inkişafı üçün çox yaxşı mühit var.
Görünən odur ki, ölkəmiz təkcə regionda deyil, dünyada baş verən proseslərdə aktiv rol oynayır və bu proses də günbəgün yüksəlir. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, dünya miqyasında nüfuzlu siyasətçi imicinin, liderlik xüsusiyyətinin nəticəsidir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Bunun sayəsində Azərbaycan bir çox beynəlxalq məsələnin tənzimlənməsində mühüm rol oynayır.
Rəhman SALMANLI,
"Azərbaycan"