Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bəlli həqiqətlərə yeni işıq saldı. Belə ki, bu tədbir bir daha təsdiq etdi ki, Azərbaycanın həyata keçirdiyi mütərəqqi enerji siyasəti respublikamızı qlobal səviyyədə söz sahibi edən əsas amillərdən biridir.
Qeyd edək ki, Azərbaycan dünyada aydın və dəqiq hədəfləri olan, öz məqsədlərinə inamla çatan dövlət, eləcə də istənilən əməkdaşlıq sferasında etibarlı tərəfdaş kimi tanınır. Bunu Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi enerji siyasətinin uğurları da təsdiq edir. Hələ illər öncə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının vaxtında başa çatdırılması və bununla da Xəzərdən hasil edilən karbohidrogen resursların tarixdə ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılması Azərbaycanın enerji siyasətinin təntənəsinə çevrildi.
Bu neft və qaz kəmərlərinin işə düşməsinin nəticəsində Azərbaycana olan beynəlxalq inam və etimad daha da gücləndi, respublikamız enerji təhlükəsizliyi məsələlərində qlobal mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Ona görə illər öncə Cənub Qaz Dəhlizinin inşa edilməsi ideyası yarananda Avropa İttifaqı bu layihənin həyata keçirilməsini dəstəkləyərək, Azərbaycanla yaxından əməkdaşlıq etdi.
Cənub Qaz Dəhlizi isə məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü, siyasi iradəsi nəticəsində ideyadan reallığa çevrilən olduqca mühüm və böyük enerji infrastrukturudur. Bu layihəyə maraq göstərən bütün dövlətlərin, habelə maliyyə institutlarının rəhbərləri hər şeydən öncə Prezident İlham Əliyevin qətiyyətinə və iradəsinə güvəndilər. Azərbaycan Prezidenti isə onları vahid bir komanda şəklində birləşdirdi. 2015-ci ilin fevral ayından başlayaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısının keçirilməsi də bunu təsdiq edir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında qeyd etdiyi kimi Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayıb. İldən ilə bu iclaslarda iştirakçıların sayı artıb və daha çox dövlət özünün enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin imkanlarına maraq göstərib.
Cənub Qaz Dəhlizi artıq bir neçə ildir istismara verilib. Bu gün Azərbaycanın hasil etdiyi təbii qaz 3500 kilometr uzunluğu olan bu kəmər vasitəsilə birbaşa Avropaya çatdırılır. Hazırda ümumilikdə 12 ölkə Azərbaycandan təbii qaz alır. Onlardan 8-i Avropa İttifaqına üzv olan dövlətdir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında toxunduğu məsələlərdən biri Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi ilə bağlı oldu. Beləliklə, Avropa ölkələrinin qazpaylama şəbəkəsinin genişləndirilməsinin və yeni interkonnektorların yaradılmasının nəticəsində yaxın gələcəkdə Azərbaycandan qaz alan Avropa dövlətlərinin sayı daha da artacaq. Azərbaycanın faktiki ehtiyatları və hasilat imkanları isə Avropaya daha böyük həcmdə qaz nəql etməyə imkan verir.
Azərbaycan bu gün dünyada artıq yalnız neft və qaz resursları ilə tanınmır. Yəni respublikamızı qlobal enerji təhlükəsizliyi dialoqunda lider mövqelərə yüksəldən indi sadəcə neft-qaz amili deyil. Böyük fəxarət hissi ilə qeyd etməliyik ki, Azərbaycan indi «yaşıl enerji»yə keçid, bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində də lider dövlətlərdən biri olaraq tanınır. Son illərdə respublikamızda «yaşıl enerji» istehsalı ilə bağlı müxtəlif layihələrin icrasına başlanılıb. O cümlədən «yaşıl enerji» zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox su elektrik stansiyası yaradılıb. Bütün bunları Avropa dövlətləri də görür və bilirlər ki, yaxın gələcəkdə Azərbaycan dünyaya həm də «yaşıl enerji» ixrac edəcək. 2022-ci il dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da Azərbaycanın «yaşıl enerji» ixracı ilə bağlı gələcək perspektivlərinə olan inamın göstəricisidir. Ona görə də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarında artıq 3 ildir ki, həm də «yaşıl enerji» məsələləri müzakirə mövzusu olur.
Bütövlükdə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha təsdiq etdi ki, Avropa yalnız indi deyil, gələcəkdə də özünün etibarlı enerji ilə təminatında məhz Azərbaycana etibar edir.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı