Noyabrın 28-də Qazaxıstan paytaxtında Alaş Ordanın görkəmli xadimləri Ahmet Baytursınulı və Maqjan Jumabayulının irsinə həsr olunmuş “Alaş idealından türk birliyinə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Akademiyasının dəstəyi ilə Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən hazırlanmış Ahmet Baytursınulı və Maqjan Jumabayulının əsərlərinin çoxcildli akademik toplusu təqdim edilib.
Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev Ahmet Baytursınulı və Maqjan Jumabayılının irsinin Türk dünyası üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib: “Ahmet Baytursınulı qazax dilçiliyinin banisi və əlifba islahatçısı kimi türk elminin inkişafına əvəzsiz töhfələr verib. Onun ortaq türk terminologiyası və ədəbi dili yaratmaq ideyaları bu gün də aktuallığını qoruyub saxlayır. Maqjan Jumabayulı da öz yaradıcılığı ilə Türk dünyasının birliyini elan edərək milli şüurun vəhdətinə və oyanmasına təkan verib. Onun “Uzaq qardaşa” kimi şeirləri qardaş xalqların həmrəyliyinin bariz nümunəsidir.
Ş.Mustafayev qeyd edib ki, Alaş liderlərinin can atdığı Türkistan idealı müstəqil türk dövlətlərinin inteqrasiyası dövründə də öz əhəmiyyətini saxlamaqda davam edir. O, bu ilin sentyabrında vahid türk əlifbasının qəbul edildiyini, yaradıcılıq ideyasının məhz A.Baytursınulıdan və digər görkəmli alimlərdən qaynaqlandığını xatırladıb.
Akademiyanın prezidenti təşkilatın Türk dünyasının görkəmli şəxsiyyətlərinin irsinin qorunub saxlanılması və təbliği istiqamətində həyata keçirdiyi əsas layihələrdən də danışıb. Akademiya “XIX əsr və XX əsrin əvvəllərində türk maarifçilik hərəkatı” layihəsi çərçivəsində millətin tərəqqisinə və birliyinə xidmət etmiş mütəfəkkirlərin tərcümeyi-halı və ideyalarını toplayır. Gələn il Çokan Valixanovun anadan olmasının 190 illiyi münasibətilə onun seçilmiş əsərlərinin türk oxucuları üçün nəşri nəzərdə tutulur.
Ş.Mustafayev akademiyanın Türk dünyasının görkəmli mütəfəkkirlərinin əsərlərinin nəşri ilə ortaq milli kimliyin formalaşmasına verdiyi töhfəni vurğulayıb. O, ümumi dəyərlərə hörmət ruhunda gənc nəslin maarifləndirilməsinə yönəlmiş “Türk dünyasının görkəmli şəxsiyyətləri” layihəsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə, həmçinin Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu baş direktorunun müavini Elmira Omarova, dövlət və ictimai xadim Adil Ahmetov, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırali, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Serik Neqimov və dövlət xadimi Sautbek Abdrahmanov çıxış ediblər.