Ustad Ələsgərin abidəsinin ucaldılması Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ənənənin davamıdır
Respublikamızın ədəbi-mədəni həyatında bu günlərdə əsl bayram ovqatı yaşandı. Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdilər.
Tədbir iştirakçılarını və geniş ictimaiyyəti qürurlandıran həm də o idi ki, gündən-günə gözəlləşən Bakı həm də dünyada ən çox görkəmli dövlət xadimlərinin, elm adamları, məşhur ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələrinin, habelə xeyriyyəçi və sənətkarlarının heykəlləri olan bir şəhərə çevrilməkdədir. Təkcə son illərdə paytaxta dörd böyük bəstəkarımızın - Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, üç böyük müğənnimiz - Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin heykəlləri ucaldılıb. Bu heykəllərin əksəriyyəti tariximizin ən şərəfli, ən qürurlu günlərini yaşadığımız günlərdə yaradılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu dünya azərbaycanlılarının 30 illik həsrətinə son qoyub, Qarabağın tacı Şuşa başda olmaqla, Qarabağ torpaqları erməni işğalından azad olunub. Nəhayət, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatında 200 ilin problemi həll olunub.
Xatırladaq ki, ölkəmizdə dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, xatirələrinin əbədiləşdirilməsi, büst və heykəllərinin ucaldılması, yaşadığı binada barelyeflərinin yaradılması ənənəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən gerçəkləşdirilmişdir. Aşıq sənətinin əlçatmaz zirvəsinə yüksəlmiş ustad Ələsgərin Bakıda abidəsinin ucaldılması bu müqəddəs ənənənin davamıdır. Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Aşıq Ələsgər şəxsiyyəti, Aşıq Ələsgər irsi, yaradıcılığı həmişə Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdur. Belə ki, ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi Ulu Öndərin sayəsində mümkün olmuşdur. Aşıq Ələsgər irsinin tədqiqi, təbliği də Ulu Öndərin adı ilə bağlıdır.
Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki sərəncam imzalamışdır. Bir sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. İkinci sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Həmin sərəncama əsasən, şəhərimizin ən gözəl məkanlarından birində - Rəşid Behbudovla Bakıxanov küçələrinin kəsişməsində olan parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: "Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir".
Daha sonra mərasimdə vurğulanmışdır ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında. Bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.
Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Aşıq Ələsgər yaradıcılığı Azərbaycan xalqının ürəyində elə bir böyük iz buraxmışdır ki, 200 il keçəndən sonra da o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yaşayır. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır.
Azərbaycan Prezidenti çıxışında ötən əsrin əvvəllərinə ekskurs edərək xatırlatmışdır: "Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.
Təxminən 4 metr hündürlüyündə olan heykələ baxdıqca Aşıq Ələsgərin həyat və yaradıcılığını göz önünə gətiririk. Bu gün sənətkar yalnız el şənliklərində saz ifa edən aşıqlardan olmayıb, o, böyük ustaddır, filosofdur, söz xiridarıdır. O, torpağından didərgin düşən bir sənətkardır, yurduna qayıtmaq üçün hayqırırdı. Qürurludur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edilib. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib. Abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edilib.
Mütəxəssislər və ictimaiyyət nümayəndələri tərəfindən məmnuniyyətlə qarşılanan heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış edərək böyük ustadın yaradıcılığından söhbət açmış, son illər respublikamızda şair, yazıçı, alim, mədəniyyət və incəsənət ustalarına, bir sözlə, görkəmli şəxsiyyətlərə dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Rəhman SALMANLI,
"Azərbaycan"