18 Iyul 2024 09:30
419
Mədəniyyət
A- A+

Alimin çətin ömür yolu...

 

O, doğma vətəni Azərbaycanın hüdudlarından kənarda yaşayıb çalışdı. Çətin dövrdə qısa ömür sürsə də, zəngin yaradıcılıq yolu keçdi...

Türkoloq-alim Əkbər Babayev 1924-cü il iyulun 10-da Gəncənin Zərrabi məhəlləsində ziyalı ailəsində dünyaya gəldi. Atası Ağarza Axund Molla Ələkbər oğlu Babayev məktəbdə müəllim işləyirdi.

Əkbərgil ailədə dörd uşaq idi. Valideynləri onların təlim-tərbiyəsinə, təhsilinə qayğı və tələbkarlıqla yanaşırdı. Əkbər Babayev artıq beş yaşında yazıb-oxumağı bacarırdı. Onun təhsilə böyük maraq göstərməsində evlərinə tez-tez qonaq gələn Əhməd Cavadın, Səməd Vurğunun da təsiri vardı.

Ə.Babayev orta məktəbi on beş yaşında bitirdi. Ancaq o vaxtın qanunlarına görə, yaşı az olduğu üçün ali məktəbə sənəd verməsi mümkün deyildi. Atası onun yaşını sənədlərdə bir il böyük yazdırmalı oldu.

İmtahanlardan uğurla keçib tələbə adını qazandı. Ali məktəbə qəbul olundu. Hüquq fakültəsində oxumağa başladı. Ancaq çox keçmədi ki, ədəbiyyat və incəsənətə olan hədsiz marağı səbəbindən hüquq fakültəsindən uzaqlaşdı. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldu.

İkinci Dünya müharibəsinin alovları ölkələri bürüyürdü. 1941-ci ildə Azərbaycanın tərkibində olduğu Sovet İttifaqı da faşist Almaniyasına qarşı döyüşməli oldu. Əkbər Babayev vəziyyətlə əlaqədar hərbi-tərcüməçilik ixtisasına yiyələndi. Kursu bitirdikdən sonra cəbhəyə göndərildi. O, 1942-ci ilin əvvəllərində Xarkov ətrafında gedən döyüşlərdə yaralandı. Hospitalda müalicə olundu, sonra Bakıya döndü. Yarımçıq qalmış təhsilini davam etdirməklə bərabər Azərbaycan Radio Verilişləri Komitəsində çalışmağa başladı. Özünəməxsus üslubla, fərqli dəst-xətlə qələmə aldığı publisistik yazıları dinləyicilərin diqqətini cəlb etdi, ona rəğbət qazandırdı.

1946-cı ildə Moskvaya getdi. Əkbər Babayev Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk şöbəsi" nəzdindəki aspiranturada təhsil aldığı illərdə də əmək fəaliyyətindən uzaqlaşmadı. O vaxtlar da həm təhsil aldı, həm də Moskva Radio Verilişləri Komitəsində işlədi və bir çox türk yazıçılarının əsərlərini rus dilinə tərcümə etdi.

1947-ci ildə aldığı xəbər onu yalnız kədərləndirmədi, eyni zamanda təşvişə saldı. Atası həbs edilmişdi. Stalinin hakimiyyəti illərində "pantürkist" kimi ittiham edilənlərin aqibəti faciəli olurdu. Ağarza Babayev iyirmi beş il müddətinə azadlıqdan məhrum edildi.

Stalinin ölümü çoxlarının qurtuluşu oldu. Ağarza Babayev 1953-cü ildə Stalinin vəfatından sonra bəraət ala bildi. O vaxta qədər ailə üzvləri çox çətin, qorxu dolu illər yaşadılar...

Atasının tutulması Əkbər Babayevin təhsilinə maneələr yaratdı. Belə qüssəli, ümidinin tükənməkdə olduğu günlərdə şair Nazim Hikmətlə tanışlığı Əkbər Babayevin üzünə bağlanmış qapıları açdı, yolunu işıqlandırdı. Məşhur türk şairi onun aspiranturaya bərpa olunmasına böyük kömək göstərdi. Əkbər Babayevin akademik V.Qordlevskinin rəhbərliyi altında yazdığı Nazim Hikmətin həyat və yaradıcılığına həsr olunmuş dissertasiyasının müdafiəsinə imkan yaradıldı. O, sonralar da bu sahədə tədqiqatlarını davam etdirdi. Əkbər Babayevin ömrünün son illərində Moskvanın müxtəlif nəşriyyatlarında çap edilən səkkiz kitabı sırasında da Nazim Hikmətin yaradıcılıq yoluna həsr olunmuş monoqrafiya xüsusi yer tutur. Tədqiqatçıların Nazim Hikmət haqqında dəqiq və çox dəyərli tədqiqat əsəri hesab etdikləri bu monoqrafiya Türkiyə, Polşa, Rumıniya, Yuqoslaviya və İraqda da nəşr olundu. Əkbər Babayev Nazim Hikmətin 8 cildlik əsərləri toplusunun Bolqarıstan nəşrinə bilavasitə rəhbərlik etdi.

O, ömrünün sonunadək keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda çalışdı. Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsində, Moskva nəşriyyatlarında çap olunub geniş yayılmasında xeyli işlər gördü. "Azərbaycan poeziyası antologiyası"nı Moskvada rus dilində Xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə çap etdirdi.

O, Türkiyəyə getməyi çox arzulayırdı. 1970-ci illərdə Türkiyə Yazarlar Sendikasının başqanı Əziz Nesin və Fazil Hüsnü Dağlarcadan həmin ölkəyə getmək üçün dəvət aldı. Ancaq Əkbər Babayevə Türkiyəyə getməyə icazə verilmədi.

Görkəmli türkoloq alim Əkbər Babayev ağır xəstəlikdən sonra 1979-cu il sentyabrın 12-də Moskva şəhərində vəfat etdi.

 

Z.FƏRƏCOVA,

"Azərbaycan"

 

 

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video