ABŞ-də keçirilən Konqresə aralıq seçkiləri ölkənin siyasi xəritəsini kökündən dəyişdirən tarixi bir hadisəyə çevrildi. Bir neçə aydır davam edən seçki kampaniyası, rekord sayda erkən səsvermə və seçicilərin yüksək fəallığı ilə yekunlaşan bu səsvermə Ağ Evin və Konqresin gələcək taleyini yenidən müəyyənləşdirdi. Seçkilərin yekun nəticələrinə görə, Demokratlar Partiyası Konqresin hər iki palatasına, həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti tamamilə ələ keçirib.
İlk nəticələrə görə, Demokrat Partiyası Senatda 51 yer alaraq üstünlüyü Respublikaçılardan geri qaytarıb. Senatda çoxluğu təmin etmək üçün tələb olunan minimal hədd də məhz 51 mandatdır. Son bülletenlərin sayılması ilə Demokratlar mövqelərini daha da möhkəmləndirərək 54 yerə qədər irəliləməyə nail olublar. Hazırda yalnız Missisipi və Alyaska ştatlarında Senat yerləri uğrunda səslərin sayılması davam edir və yekun nəticələrin yaxın günlərdə bəlli olacağı gözlənilir. Respublikaçıların ən güclü olduğu Texas ştatında Demokrat namizəd Ceyms Talariko qalib gəlib və 1988-ci ildən bəri ilk dəfə bu ştatda Senat yerini öz partiyasına qazandırıb. Texasdakı bu tarixi səsvermə seçki kampaniyasının ən baha başa gələn mübarizələrindən birinə çevrilib.
Anadolu Agentliyinin məlumatına görə, Demokratlar Şimali Karolina, Cənubi Karolina, Ohayo, Kanzas və Ayova ştatları üzrə Senat seçimində Respublikaçılardan üstün olublar. Nümayəndələr Palatası üçün gedən mübarizədə isə ilk saatlarda Demokratlar 173, Respublikaçılar 106 yer qazanmışdı. Səslərin sayılması prosesi dəqiqləşdikcə Demokratlar 435 nəfərlik Nümayəndələr Palatasında çoxluq həddini (218 mandat) keçərək üstünlüyü ilə ələ alıblar. Demokratların Nümayəndələr Palatasındakı rəhbəri Həkim Ceffris, Aleksandriya Okasio-Kortez və Konqres üzvü Rəşidə Tlaib yenidən seçilməyi bacarıblar. Həkim Ceffrisin bu qələbədən sonra Nümayəndələr Palatasının ilk qaradərili spikeri olacağı gözlənilir. Qələbədən dərhal sonra bəyanatla çıxış edən Demokratlar əsasən əhalinin qarşılaşdığı yüksək qiymətlərlə mübarizə, İran müharibəsi və hakimiyyətin hesabatlılığı məsələlərinə diqqət yetirəcəklərini bildiriblər.
Corciya ştatında Demokrat Keyşa Lans Botts qubernator seçilərək (səslərin 54 faizdən çoxunu toplayaraq) həm ştatın, həm də ABŞ tarixinin ilk qaradərili qadın qubernatoru olub və ştatın idarəçiliyi 24 ildən sonra Demokratlara keçib. Texasda qubernator seçimini də Demokrat namizəd Cina Hinojosa qazanıb. O, uzun illər ştata rəhbərlik edən Respublikaçı Qreq Əbbotta qalib gələrək ştatda tarixi dəyişikliyə imza atıb.
Seçki məğlubiyyətindən sonra Respublikaçılar Partiyası daxilində ciddi fikir ayrılıqları və gərginlik baş qaldırıb. Vitse-prezident Cey. Di. Vens məğlubiyyətin əsas səbəbi kimi davam edən İran müharibəsini göstərib. ABŞ Prezidenti Donald Tramp isə nəticələri qəbul etməyə və Demokratlarla birlikdə işləməyə hazır olduğunu deyib. O, həmçinin Cey. Di. Vensin fikirlərinin “əsasən doğru olduğunu” etiraf edib, lakin eyni vəziyyət yaransaydı yenə oxşar addımı atacağını bildirib. D.Tramp sosial şəbəkədə yazdığı mesajda öz adının seçki bülletenində olmadığını, əgər olsaydı böyük fərqlə qalib gələcəklərini qeyd edib. O, Texasda uduzan Respublikaçı qubernator Qreq Əbbottu kəskin tənqid edib.
Seçkinin nəticələri qlobal iqtisadiyyata və maliyyə bazarlarına da dərhal təsir göstərib. Nəticələr açıqlandıqdan sonra qlobal neft qiymətləri son iki ayın ən aşağı səviyyəsinə düşüb. Bazarlar bu siyasi dəyişikliyin regiondakı müharibənin zəifləməsinə gətirib çıxaracağını proqnozlaşdırır.
Bu seçki nəticələri ABŞ-nin siyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyini və seçicilərin mövcud siyasi kursa münasibətini aydın şəkildə nümayiş etdirir. Konqresin hər iki palatasında və qubernatorluq səviyyəsində qazanılan bu üstünlük Demokratlara qanunvericilik proseslərinə daha fəal təsir etmək imkanı yaradacaq. Ağ Evlə Konqres arasında formalaşan yeni güc nisbəti ölkənin daxili və xarici siyasətində yeni mərhələsinin başlayacağından xəbər verir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”