İlk tədbir AMEA-nın Gəncə Bölməsində “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans olmuşdu.
Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyə və Özbəkistandakı səfirlikləri nəzdindəki mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiyanın Kalmıkiya Respublikasından alim və tədqiqatçılar iştirak etmişlər.
Tədbirin açılışında AMEA Rəyasət Heyətinin üzvü, akademiyanın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Yadigar Bədəlovun çıxışları dinlənilmişdir. Sonra AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə konfransın plenar iclası keçirilmişdir. Plenar iclasda Nizami Gəncəvinin yaradıcılığı, fəlsəfi irsi, dünya ədəbiyyatına təsiri, multikultural dəyərlər və müasir nizamişünaslığın tədqiqat istiqamətləri müzakirə olunmuşdur. Bununla yanaşı, Nizami Gəncəvi Muzeyində “Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs” mövzusunda beynəlxalq simpozium təşkil edilmişdir.
Şairin yubileyi ilə bağlı simpozium isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Nizami Gəncəvi Muzeyi ilə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, GDU-nun nəzdində Regional Kollecin və “Etno Miras” Araşdırma və Tədqiqat Mərkəzinin tərəfdaşlığı ilə keçirilmişdir. Müxtəlif ölkələri təmsil edən nizamişünas alimlər, professorlar, tədqiqatçılar və mədəniyyət xadimlərinin iştirak etdikləri simpoziumda Nizami Gəncəvinin ədəbi-fəlsəfi irsi, yaradıcılığında əksini tapan ümumbəşəri dəyərlər, dünya ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələr, eləcə də mədəniyyətlərarası dialoqun inkişafında Nizami Gəncəvi irsinin rolu ətrafında fikir mübadiləsi aparılmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”