Prezident İlham Əliyevin tarixi qələbəni qazandığı torpaqda yaratdığı Qarabağ Universiteti ən müasir model əsasında qurulur
Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Postkonflikt dövrünün yeni reallıqları kontekstində beynəlxalq arenada mövqeyini və nüfuzunu daha da gücləndirən respublikamızın ictimai-siyasi həyatı mühüm əhəmiyyətli dəyişikliklərlə və möhtəşəm nailiyyətlərlə müşayiət olunur.
Strateji və tarixi cəhətdən önəmli hesab edilən belə hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli müvafiq sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Qarabağ Universitetinin yaradılmasıdır.
Qarabağda ali təhsil ənənələrinin bərpası
Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində həm 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz işğaldan tam azad edilib.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda sürətlə və sistemli şəkildə davam edən irimiqyaslı quruculuq və bərpa işləri qısa müddət ərzində bölgənin simasını sürətlə dəyişir. Zəngin mədəniyyətə, ənənələrə, milli-mənəvi dəyərlərə malik olan xalqımızın öz doğma torpaqlarına Böyük qayıdış prosesi layiqli şəkildə həyata keçirilir. İqtisadi potensialı yüksək qiymətləndirilən əzəli torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası uğurla davam etdirilir və dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə işğaldan azad edilmiş bölgələrdə tarixi, dini və mədəni abidələrin bərpası, eləcə də sosial-mədəni həyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atılır.
Təbii ki, belə bir şərait bölgədə əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını, ali təhsil ənənələrinin bərpasını və inkişafını zəruri edir. Bu baxımdan, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yaradılan Qarabağ Universiteti çox yaxın vaxtda doğma yurdlarımızda təhsil mühitinin canlandırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Möhtərəm Prezidentimizin vurğuladığı kimi, "Sentyabr ayından artıq Xankəndiyə də köç başlayır. Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar". Beləliklə, ilk növbədə tələbələrimiz və müəllimlərimiz Qarabağ Universiteti ailəsinin üzvü olmaqla Xankəndi şəhərinə ilk köç etmənin qürurunu və sevincini yaşayacaqlar. Bu, eyni zamanda qarşımızda peşəkar mütəxəssis olmaq, layiqli vətəndaş kimi yetişmək, eləcə də Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında pay sahibi olmaq kimi çox böyük, şərəfli və məsuliyyətli vəzifələr qoyur.
Dövlətin hərtərəfli və birbaşa dəstəyi
Dövlətimizin diqqət və qayğısı sayəsində Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı istiqamətində işlər uğurla davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli müvafiq qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2024-cü il tarixli sərəncamı ilə ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 (on) milyon manat maliyyə vəsaiti ayrılıb. Qarabağ Universitetinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq əmlakın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansına qəbul edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli müvafiq sərəncamı imzalanıb.
Hazırda dövlətimizin birbaşa dəstəyi ilə universitetdə müasir tələblərə uyğun tədris, tədqiqat və sosial fəaliyyətlərin təşkili məqsədilə yeni məzmunlu təhsil proqramlarının hazırlanması, modern infrastrukturun təmin edilməsi, peşəkar akademik və inzibati heyətin formalaşdırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Bununla yanaşı, dövlətin dəstəyi ilə Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün ciddi üstünlüklər nəzərdə tutulur. Belə ki, bu universitetdə təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Həmçinin Qarabağ Universitetində daimi əsaslarla fəaliyyət göstərəcək əməkdaşlara işlədikləri müddətdə ödənişsiz mənzillər təqdim ediləcək. Tələbə və işçi heyətinin ekoloji cəhətdən təmiz, təhlükəsiz, yaradıcı, maraqlı və işgüzar mühitdə təhsil alması, fəaliyyət göstərməsi və yaşaması üçün bütün zəruri imkanlar yaradılacaq. Hazırda Elm və Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə Xankəndi şəhərində ən müasir standartlara cavab verən universitet kampusu yaradılır.
Bu il iyulun 5-də möhtərəm Prezidentin Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olması dövlətimizin bu istiqamətdə yüksək diqqət və qayğısının növbəti təzahürüdür. Dövlət başçımızın həm infrastruktur, həm də məzmunla bağlı həyata keçirilmiş tədbirlərlə yaxından maraqlanması, müvafiq tövsiyə və tapşırıqlarını verməsi bölgədə ali təhsil ənənələrinin qısa zaman kəsiyində bərpa edilməsinə həssas yanaşmanın ifadəsidir. Bu, eyni zamanda Xankəndidə məskunlaşmanın sürətlənməsində və sosial-iqtisadi fəallığın artmasında Qarabağ Universitetinin önəminə verilən yüksək dəyərdir.
Yeni akademik məzmun: başlıca hədəflər və gözləntilər
Qabaqcıl elm və təhsil mərkəzinə çevriləcək Qarabağ Universiteti növbəti mərhələdə ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayacaq yüksəkixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsini təmin etməlidir. Bu baxımdan, universitetimizdə kadr hazırlığı həyata keçiriləcək bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda hazırlanmışdır. Hazırda hər ixtisas üzrə akademik məzmun dizayn olunur və bu zaman dünyanın qabaqcıl universitetlərinin müvafiq modelləri əsas götürülür. Qarşımıza qoyulan əsas strateji hədəf doğma Qarabağımızın adını daşıyan bu ali təhsil müəssisəsinin ən müasir universitet modeli əsasında qurulmasına nail olmaqdır.
Məqsəd məzunlarımızın ixtisasları üzrə müasir dövrdə tələb olunan və yeni trendləri özündə ehtiva edən zəruri kompetensiyalara yiyələnməsini və hərtərəfli inkişafını təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirmək və buna imkan yaradacaq yüksəkkeyfiyyətli maddi-texniki, tədris bazası və kadr potensialını formalaşdırmaqdır.
Yeni məzmun dedikdə, ilk növbədə, tələbəyönümlü, səriştə əsaslı və multidisiplinar xarakterdə tətbiq ediləcək təhsil proqramları nəzərdə tutulur. Qarabağ Universiteti tələbə-əsaslı universitet konsepti əsasında qurulur. Başqa sözlə, Qarabağ Universitetində tədris prosesi və akademik mühit müasir Azərbaycan gəncinin arzu, istək və maraqlarına uyğun şəkildə formalaşdırılır.
Tələbələrimizin müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ baxışlı və innovativ düşüncəli olması əsas məqsədimizdir. Bununla yanaşı, tələbələrimizin texnoloji, xarici dil, tədqiqat, startap, sahibkarlıq, kommunikasiya və digər yumşaq bacarıqlarının yüksək səviyyədə olması xüsusi diqqət mərkəzində saxlanılır.
Eyni zamanda Qarabağ Universitetinin tələbələrinə onların hərtərəfli inkişafını dəstəkləyəcək maraqlı sosial həyat və məzmunlu tələbə mühiti təmin ediləcəkdir. Bir qədər də konkretləşdirsək, əsas məramımız müasir Azərbaycan gəncini xoşbəxt etmək üçün bütün imkanların mövcud olduğu universitet yaratmaqdır.
Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelində qurulur. Belə ki, universitetin müasir infrastrukturu, laboratoriya bazası və yüksək akademik potensialı Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafına real töhfələr verə biləcək elmi-tədqiqat nəticələrinin əldə olunmasına imkan yaradacaqdır. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə evsahibliyi etməsinə, professor-müəllim və tələbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə təmsil olunmasına xüsusi önəm veriləcəkdir.
Daha geniş kontekstdə strateji baxış ondan ibarətdir ki, Qarabağ Universiteti doğma Qarabağımızın bərpası, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanması, həmin bölgədə sosial-iqtisadi və mədəni landşaftın inkişafı istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən kompleks və sistemli fəaliyyətlərə mühüm töhfə verəcəkdir.
Möhtərəm Prezidentin yüksək diqqət və qayğısı sayəsində müasir tələblər səviyyəsində qurulan Qarabağ Universiteti ortamüddətli perspektivdə regional ekosistemin drayveri olmaq, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana çevrilmək və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarı qismində çıxış etmək imkanı qazanacaqdır.
Kadr hazırlığı istiqamətləri
Ölkənin və regionun ehtiyacları, eləcə də beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm.
2024-2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə min nəfərdən çox tələbə qəbulu həyata keçiriləcək.
Pedaqoji fakültədə "Riyaziyyat müəllimliyi", "İbtidai sinif müəllimliyi", "Xarici dil müəllimliyi (ingilis dili)", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasları üzrə tədris həyata keçiriləcək.
İncəsənət fakültəsi "Musiqi müəllimliyi", "Dekorativ-tətbiqi sənət", "Dizayn", "İnstrumental ifaçılıq" və "Vokal sənəti" ixtisaslarını əhatə edəcək.
Humanitar və sosial elmlər fakültəsində "Beynəlxalq münasibətlər", "Hüquqşünaslıq", "Tarix" və "Psixologiya" ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək.
İqtisadiyyat fakültəsində "Beynəlxalq ticarət və logistika", "İqtisadiyyat", "Maliyyə", "Menecment", "Mühasibat", "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları tədris olunacaq.
Mühəndislik fakültəsində "Elektrik və elektronika mühəndisliyi", "İnşaat mühəndisliyi", "Kompüter mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", "Mexatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulmuşdur.
Turizm fakültəsində isə "Turizm işinin təşkili ixtisası" üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığına başlanılacaq.
Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qruplarının yaradılması da nəzərdə tutulub. Yerli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələr seçim prosesində uğurlu nəticələr göstərməklə, 2024-2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində "Riyaziyyat müəllimliyi", "İbtidai sinif müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Xarici dil müəllimliyi (ingilis dili), "Maliyyə", "Mühasibat", "Beynəlxalq münasibətlər" və "Hüquqşünaslıq" ixtisasları üzrə təşkil olunacaq SABAH qruplarında təhsillərini davam etdirə biləcəklər.
Əmək bazarının dinamik dəyişən tələblərinə uyğun olaraq növbəti illərdə ali təhsil proqramlarının davamlı təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi və tədris infrastrukturunun daha da gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacaq. Bütün bunlar isə yeni fakültələrin yaradılmasını, ixtisas siyahısının yenilənməsini, yeni ixtisasların əlavə edilməsini də istisna etmir.
Akademik və inzibati heyətin formalaşdırılması
Müasir dövrün tələblərinə uyğun olaraq və beynəlxalq təcrübəyə əsaslanmaqla Qarabağ Universitetinin strukturu hazırlanıb və müvafiq əmrlə təsdiqlənib. Eyni zamanda Qarabağ Universitetinin ştat cədvəli təsdiq edilib. Hazırda ilk tədris ilinə başlamaq üçün vacib olan inzibati, akademik və texniki heyətin formalaşdırılması həyata keçirilir. Əsas məqsəd Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinə imkan verəcək yüksəkixtisaslı peşəkar kadrların seçilməsidir.
Qarabağ Universitetində müvafiq vəzifələrin tutulması üzrə vakansiya elanları ardıcıl olaraq Elm və Təhsil Nazirliyinin rəsmi saytında və universitetin sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılır. Hər bir elanda müvafiq vəzifə üzrə irəli sürülən tələblər konkret göstərilir. Vakansiya müraciətləri dəyərləndirilir, müvafiq qaydada müsahibələr təşkil edilir və sonra vəzifə təyinatları aparılır.
İlkin mərhələdə fakültə dekanı, mərkəz direktoru, kafedra müdiri, şöbə müdiri, tyutor, baş mütəxəssis, böyük mütəxəssis, mütəxəssis və digər inzibati vəzifələrə təyinatlar həyata keçirilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin Qarabağ Universitetində akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə də Elm və Təhsil Nazirliyi birbaşa təşkilati və texniki dəstək göstərir. Müvafiq dövlət proqramı ilə nüfuzlu xarici ali təhsil müəssisələrinin doktorantura səviyyəsində təhsil alan gənclərimiz də diqqət mərkəzində saxlanılır.
Şübhəsiz ki, Qarabağ Universitetində işləməyə marağın belə yüksək olmasında ən böyük stimul mənəvi stimuldur, yəni uzun illər həsrətində olduğumuz doğma torpaqlarımızda yaşamaq, fəaliyyət göstərmək, elm və təhsil ekosisteminin qurulmasına töhfə vermək arzusudur. Bununla yanaşı, maddi təminatla bağlı dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir, professor-müəllim və inzibati heyət üzvlərinə rəqabətli əməkhaqqı verilməsi nəzərdə tutulub.
Qarabağ Universitetinin tanıtımı
Hazırda Qarabağ Universitetinin tanıtımı istiqamətində kompleks fəaliyyətlər həyata keçirilir. Universitetin loqosu, korporativ stili və rəsmi vebsaytının hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Qarabağ Universitetinin sosial media hesabları yaradılıb və bu ali təhsil müəssisəsində baş verən yeniliklər və tədbirlərlə bağlı müntəzəm məlumatlar yerləşdirilir. Həmçinin tanıtım videoçarxları hazırlanaraq bir sıra televiziya kanallarında, sosial media hesablarında və təbliğat görüşlərində nümayiş etdirilib. Bununla yanaşı, universitet əməkdaşları müxtəlif televiziya verilişlərində iştirak edərək və bir çox informasiya agentliklərinə müsahibələr verərək, Qarabağ Universiteti ilə bağlı məlumatları daha geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırır.
Tələbə qəbulu imtahanlarının həyata keçirildiyi, ixtisas seçimlərinin yaxınlaşdığı ərəfədə abituriyentlər arasında təbliğat və təşviqat işlərinin həyata keçirilməsi başlıca fəaliyyət istiqamətlərindən birini təşkil edir.
Bakı, Qarabağ, Abşeron-Xızı, Mərkəzi Aran, Quba-Xaçmaz, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Şirvan-Salyan, Mil-Muğan, Dağlıq Şirvan və Şəki-Zaqatala regional təhsil idarələri üzrə ümumtəhsil müəssisələrindən məzun olan və buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlər və onların valideynlərinin iştirakı ilə 30-dan artıq təbliğat görüşü keçirilib.
Qarabağ Universitetində təşkil ediləcək SABAH qruplarının təbliği məqsədilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin müvafiq ixtisaslar üzrə birinci kurs tələbələri ilə görüşlər baş tutub.
Rektorun, dekanların və digər struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən təbliğat görüşlərində Qarabağ Universitetində təhsil almağın üstünlüklərindən bəhs edilib, abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb. Elm və Təhsil Nazirliyinin, eləcə də regional təhsil idarələrinin dəstəyi ilə keçirilən görüşlər ictimaiyyətdə böyük marağa səbəb olub. Görüşlərin nəticəyönümlüyü yüksək bal toplayanlar arasında Qarabağ Universitetini seçməkdə qərarlı olan abituriyentlərin sayının artan dinamikasında da öz əksini tapıb. Təbliğat görüşləri ixtisas seçimi həyata keçirilənədək davam etdiriləcəkdir.
Beləliklə, dövlətimizin birbaşa və hərtərəfli dəstəyi ilə Qarabağ Universitetində quruculuq və ilk tədris ilinə hazırlıq işləri əvvəlcədən müəyyən edilmiş fəaliyyət planı üzrə ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Qarabağ Universiteti olaraq, böyük qürur və məsuliyyətlə dərk edirik ki, biz tarixi zəfəri yaşamış gənclər üçün həmin tarixi zəfərin qazanıldığı torpaqlarda universitet qururuq!
Biz postkonflikt dövründə məhz postkonflikt məkanında universitet qururuq!
Biz tələbə gənclərlə eyni dildə danışmağı bacaran akademik-inzibati heyəti olacaq universitet qururuq!
Biz milli-mənəvi dəyərlərə sahib olmaqla bərabər dünyəvi baxışa və qlobal təfəkkürə sahib vətəndaşlar yetişdirəcək universitet qururuq!
Bütün bunlar faktiki olaraq Qarabağ universiteti quruculuğunun təməl prinsipləri və əsas dəyərləridir.
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru