Sənət adamları heç vaxt unudulmur. Əbədi olaraq yazıb-yaratdıqları əsərlərdə, çəkildikləri filmlərdə, oynadıqları obrazlarda yaşayır, tanınır və sevilirlər. Onlar hər zaman xatırlanırlar. Bütün nəsillərin müasirlərinə çevrilirlər, insanları güldürürlər, düşündürür və maarifləndirirlər. Buna görə də əbədi olaraq yaddaşlara köçüb qalırlar. Bu nöqteyi-nəzərdən yanaşanda sənət adamlarını dünyanın ən xoşbəxt insanları hesab etmək olar. Azərbaycan rejissorluq məktəbinin görkəmli nümayəndələrindən biri olan rejissor və aktyor Əşrəf Hacı oğlu Quliyev də taleyinə belə xoşbəxtlik yazılan insanlardandır. Ötən əsrin ortalarından başlayaraq, sovet rejiminin hökm sürdüyü bir dövrdə Azərbaycan teatr sənətinin çiçəklənməsində, inkişafında onun da əvəzsiz xidmətləri və əməyi olmuşdur.
Bu böyük sənət adamının keçdiyi ömür yolunu vərəqlədik. Öyrəndik ki, Əşrəf Quliyev 1924-cü il iyulun 29-da Bakı şəhərində anadan olub. Aktyor olmaq arzusu ilə 1937-ci ildə, ölkədə repressiya dalğasının hökm sürdüyü bir zamanda Bakı Teatr Texnikumuna qəbul olunub. 1938-ci ildə Aktyorluq fakültəsini uğurla başa vurub. Təhsilini bitirəndən sonra həmin dövrdə fəaliyyət göstərən İncəsənət İşləri İdarəsinin sərəncamı ilə onu C.Cabbarlı adına İrəvan Dövlət Teatrında işləməyə göndəriblər. Həmin dövrdə onun ürəyi arzularla dolu idi. Amma təəssüflər olsun ki, Əşrəf Quliyev bu teatrda 1941-ci ilə qədər işləyə bilib. Milyonlardan biri kimi amansız müharibə onun da arzularının həyata keçməsinin qarşısına sədd çəkib.
1941-ci ildə Hitler Almaniyasının keçmiş SSRİ üzərinə hücum etməsi nəticəsində dünyanı silkələyən, milyonların ömrünə faciəli şəkildə son qoyan müharibə başlamışdı. Həmin günlərdə başqaları kimi Əşrəf Quliyev də əsgər çağırılmış və sovet ordusunun sıralarında cəbhəyə göndərilmişdi. Onun döyüş yolu Ukraynadan başlamış, Belarusiyadan, Polşadan və başqa cəbhələrdən keçərək Berlinə qədər uzanmışdır. Berlin uğrunda gedən son döyüşlərdə isə ön sıralarda vuruşmuşdur. Əşrəf Quliyev cəsur bir əsgər kimi üzərinə düşən döyüş tapşırığını yerinə yetirmiş, böyük qəhrəmanlıq və hünər göstərmişdir. Onun döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıq layiqincə qiymətləndirilmişdir. Əməliyyatlardakı igidliyinə görə Əşrəf Hacı oğlu Quliyev "Qırmızı ulduz" ordeni ilə, "Döyüş xidmətlərinə görə" və başqa medallarla təltif edilmişdir.
Əşrəf Quliyev 1946-cı ildə ordu sıralarından tərxis olunmuş, doğmalarının yanına qalib əsgər kimi qayıtmışdır. O, 1941-ci ildə yarımçıq qalmış sənət yolunu davam etdirmək üçün C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Əşrəf Quliyev 1947-ci ilə qədər bu teatrda çalışmışdır. Bu müddət ərzində səhnədə müxtəlif rollar canlandırmış, bir-birindən maraqlı obrazlar yaratmışdır.
Təhsilini artırmaq məqsədilə Əşrəf Quliyev 1947-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsinə qəbul olmuşdur.
Təhsilini uğurla başa vurduqdan sonra o, 1953-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Teatrında) rejissor kimi işləməyə başlamışdır. İllərdən bəri ürəyində gəzdirdiyi arzuları bu mədəniyyət ocağında gerçəkləşdirmişdir.
Həmin illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Adil İskəndərov idi. Əşrəf Quliyev tamaşalara quruluş verərkən teatrın bir çox tanınmış aktyoru ilə yaxından ünsiyyət qurmuş və fəxri titula malik bu sənətkarlarla sərbəst işləmişdir. Tamaşaların dekorativ və musiqi tərtibatlarında fəal iştirak etmişdir. Onun dəyərli yaradıcılıq təklifləri rəssamlar tərəfindən rəğbətlə qarşılanmış və tamaşaların nümayişi zamanı istifadə olunmuşdur.
Görkəmli aktyor Adil İskəndərov onun yaradıcılığına həmişə yüksək dəyər vermişdir. Bildirmişdir ki, gənc rejissor Əşrəf Quliyev kollektivlə işləyərkən özünü bacarıqlı yaradıcılıq fəndləri olan yaxşı tamaşa təşkilatçısı, səliqəli və diqqətli insan, bütün varlığını yaradıcılığa həsr etmiş sənət adamı kimi göstərmişdir. Təbiidir ki, teatr rəhbərinin sənət yollarında yenicə addım atan gənc rejissor haqqında dediyi bu dəyərli sözlər onun gələcəkdə qazanacağı böyük uğurlardan xəbər verirdi. İllər sonra Əşrəf Quliyev gördüyü böyük yaradıcılıq işləri ilə haqqında deyilən sözlərə layiq olduğunu göstərmişdi.
Əşrəf Quliyev M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında çalışdığı 30 il ərzində böyük tarixi keçmişi olan bu sənət ocağının səhnəsində müxtəlif illərdə M.F.Axundzadənin "Hacı Qara", Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli", S.Rəhmanın "Toy", "Əliqulu evlənir", C.Başqutun "Köç", M.İbrahimovun "Yaxşı adam", C.Cabbarlının "Oqtay Eloğlu", A.Safronovun "Gecənin sirri", A.Ostrovskinin "Müdriklər", B.Vahabzadənin "İkinci səs", "Yollara iz düşür", İ.Əfəndiyevin "Mənim günahım", V.Şekspirin "Heç nədən hay-küy" və başqa müəlliflərin onlarca dram əsərlərini tamaşaya hazırlamışdır. Bu əsərlər həm sənət adamları, həm də tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılanmışdır.
Görkəmli rejissor Əşrəf Quliyevin əsərlərin tamaşaya qoyulması prosesinə fərqli, özünəməxsus yanaşması var imiş. O, ilk addım olaraq əsərin personajlarına uyğun aktyorları seçər və onlarla olduqca səmərəli iş aparar, dəyərli məsləhətlər verərmiş.
Əşrəf müəllim daim yeniliklər axtarışında idi. Bu axtarışlar isə həmişə ona böyük uğurlar gətirirdi. Onun səhnələşdirdiyi tamaşalar incə rejissor tapıntıları ilə zəngin olurdu. Əşrəf Quliyevin iştirakı ilə rəssamların tamaşalara verdikləri bədii tərtibat, poetik mənzərələr, bəstəkar musiqiləri əsərlərin lirizmini daha da artırır, təsir gücünü əhəmiyyətli dərəcədə yüksəldirdi. Görkəmli rejissor hazırlayacağı tamaşların eskizlərini də özü çəkirdi. Onların maraqlı alınması, sevə-sevə baxılması üçün bir gün, bir an olsun belə yaradıcılıq axtarışlarından qalmırdı. 1960-cı illərdə onun quruluş verdiyi "Hind gözəli" əsərinə tamaşaçılar çox böyük maraq göstərmişdilər. Buna görə də həmin tamaşa sezon ərzində 95 dəfə nümayiş etdirilmişdir. Bütün bunlar isə rejissor istedadının uğuru və zəfəri kimi qiymətləndirilməlidir.
Əşrəf Quliyevin yaradıcılıq fəaliyyəti sərhəd tanımırdı. O həm istedadlı rejissor, həm bacarıqlı səhnələşdirmə mütəxəssisi, həm də bir çox rus və xarici dramaturqun pyeslərinin tərcüməçisi idi. Ə.Quliyev həm də peşəkar pedaqoq kimi fəaliyyət göstərmişdir. O, 1958-ci ildən başlayaraq bir vaxtlar tələbəsi olduğu M.A.Əliyev adına İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) aktyor sənətindən dərs demişdir. Uzun illər ərzində qazandığı təcrübəsini, səriştəsini böyük həvəslə gələcəyin aktyor və rejissorlarına aşılamışdır. İstedadlı rejissor 1981-ci ildən 1985-ci ilə qədər bu ali təhsil ocağında Rejissorluq kafedrasının müdiri, professor vəzifələrində çalışmışdır.
Dövlətimiz zamanında onun fəaliyyətinə yüksək qiymət vermişdir. 1974-cü il iyunun 1-də "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Rejissor Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn edilmişdir. Vətən və xalq üçün çalışan, işıqlı işlər görən insanlar heç vaxt unudulmurlar. Onlar ölümlərindən sonra da həmişə xatırlanır və yad edilirlər. Tanınmış rejissor Əşrəf Quliyev belə unudulmaz insanlardandır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"