15 Yanvar 2022 16:59
679
SİYASƏT
A- A+

Xələf Xələfov: Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq

 

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəbul edilmiş birgə bəyanatlar və o bəyanatlarda əksini tapmış razılaşmaların yerinə yetirilməsinin alternativi yoxdur. Bu gün region sülh və sabitlik istiqamətində inkişaf etməlidir. Bu məqsədlərə xidmət edən yeganə üsul region ölkələri arasında münasibətlərin normallaşdırılması, düşmənçiliyin kənara atılması, ölkələr arasında etimadın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, kommunikasiyaların açılması və dövlətlər arasında əməkdaşlıq mühitinin formalaşmasından keçir. Ona görə də bu gün Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq, dəstəkləyirik. İnanırıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının şərtindən keçir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi ilə bağlı keçirilən fotosərgidə səsləndirib.

Bölgədə sülhün, sabitliyin yaranması üçün bu prosesə bütün region ölkələrinin dəstək verməli olduqlarını söyləyən nazir müavini deyib: “İlk növbədə bu, erməni xalqının, daha sonra regionun digər ölkələrinin və xalqlarının mənafeyinə, maraqlarına cavab verir. Ona görə də bu prosesləri davam etdirmək lazımdır və təbii ki, biz bu prosesi dəstəkləyirik. Bunun davamlı olması, etimadın daha da gücləndirilməsi üçün ölkələr arasında kommunikasiyalar açılmalıdır, əlaqələr bərpa olunmalıdır, normallaşdırılmalıdır. Birmənalı olaraq düşmənçilik əhval ruhiyyəsi, düşmənçiliyə yönəlmiş ideologiya basdırılmalıdır, gündəlik həyatdan çıxarılmalıdır, bundan imtina edilməlidir. Əgər Ermənistan bu gün düşmüş olduğu ağır sosial, iqtisadi, siyasi böhrandan çıxmaq istəyirsə, təbii ki, o, regionda apardığı, indiyə qədər sərgilədiyi münasibətləri və siyasəti dəyişməli, xoş niyyət nümayiş etdirməli, normallaşmağa getməli, düşmənçilikdən imtina etməli, ölkələrin bir-birinə qarşı etimadını qazanmalıdır. Bu etimadın bərpa olunması üçün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlıq məsələlərinə sadiqliyini göstərməlidir. Bütün bunlar baş verməsə bu prosesi irəli aparmaq əlbəttə çətindir.

Lakin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi və məqsədlənmiş dialoqun başlanmasını alqışlayırıq. Ümid edirik ki, bu dialoq nəticəsində, ümumiyyətlə, regionda münasibətlərin sağlamlaşması daha da güclənəcək və Azərbaycan-Ermənistan arasında normallaşma sürətlə gedəcək. Həmçinin, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sürətlənəcək və daha da uğurlu olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video