Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, dünya gec-tez yeni pandemiya ilə üzləşəcək. Onun sözlərinə görə, bu, "nəzəri risk deyil, epidemioloji əminlikdir".
Gebreyesus bu məsələni pandemiyanın qarşısının alınmasına dair saziş hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasında qaldırıb. O xatırladıb ki, koronavirus pandemiyası zamanı dünyada rəsmi olaraq 7 milyon insan dünyasını dəyişib, baxmayaraq ki, ÜST qurbanların sayının 20 milyon təşkil etdiyi qənaətindədir.
Təşkilat rəhbəri pandemiyanın qlobal iqtisadiyyatda 10 trilyon dollardan çox vəsaiti məhv etdiyini də bildirib. Onun sözlərinə görə, növbəti pandemiya 20 il sonra və ya daha çox, bəlkə də sabah başlaya bilər. Ancaq bu, mütləq baş verəcək və hər bir halda buna hazır olmaq lazımdır.
Qeyd edilib ki, 2021-ci ilin dekabrından pandemiya ilə mübarizə üzrə saziş üzərində iş aparılır. ÜST rəhbəri dünya ölkələrini sənədin imzalanmasında iştirak etməyə çağırıb.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çin səlahiyyətliləri Uhanda pnevmoniyanın baş verdiyini açıqlayıb. 2020-ci ilin mart ayında ÜST-nin baş direktoru virusun sürətlə yayılması səbəbindən COVID-19-u pandemiya elan edib. Təşkilat 2023-cü ilin mayında pandemiyanın sona çatdığını bildirib. 2025-ci ilin fevralında insanlar üçün potensial yoluxucu ola biləcək yeni bir koronavirus aşkar edilib. Çinli mütəxəssislərin araşdırması Quançjou laboratoriyasında Çin Elmlər Akademiyasının Quançjou filialının, həmçinin Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimləri ilə birlikdə aparılıb. Araşdırma işinə Uhandakı laboratoriyada koronavirusu da tədqiq edən çinli virusoloq Şi Zhengli rəhbərlik edib.
Məlumata görə, Hon-Konqda hamar burunlu yarasalar cinsinə aid olan Yapon yarasasında Merbecovirus alt cinsinə (əvvəllər 2c qrup koronaviruslar kimi tanınırdı) aid yeni virus müəyyən edilib. Virus HKU5-CoV-2 adlandırılıb. Alimlər yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrinə sirayət edə biləcəyini aşkar ediblər. Komanda qeyd edir ki, HKU5-CoV-2 daha geniş yoluxma diapazonuna və növlərarası infeksiya üçün yüksək potensiala malik ola bilər.
Bununla belə, hələ narahat olmaq üçün ciddi əsas yoxdur. Alimlərin fikrincə, HKU5-CoV-2-nin insan populyasiyalarında görünmə riski şişirdilməməlidir. Molekulyar bioloq Sergey Xaritonov qeyd edir ki, elm adamları yarasada tapılan yeni koronavirusa yoluxma hallarından hələ ki, xəbərdar deyillər, vəziyyət əlavə monitorinq tələb edir.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Andrey Pozdnyakovun fikrincə, "kiminsə nadinc əlləri yenidən bu virusla oynamasa və onun patogenliyini və virulentliyini artırmasa", risklər yaranmayacaq.
Çinli mütəxəssislər aşkar edilmiş virusla bağlı daha ətraflı araşdırma aparmaq niyyətindədirlər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"