Doqquz ildir ki, Azərbaycanın elm tarixinin böyük simalarından biri, bütün həyatı alimlik, müəllimlik və insanlıq nümunəsi olan görkəmli elm və ictimai-siyasi xadim akademik Cəlal Əliyev cismani olaraq aramızda yoxdur. Onun elmin təmizliyi prinsiplərinə sədaqət hissi ilə yaşanmış bütün ömrü, yüksək yaradıcılıq nailiyyətləri, xalqa sevgi ruhunda yoğrulmuş ictimai-siyasi fəaliyyəti, yaratdığı elmi məktəb mənən yaşamını davam etdirməklə, tək özünün və təmsil etdiyi nəslin deyil, həmçinin Azərbaycan xalqının tükənməz istedadının bariz sübutudur.
Azərbaycanda biologiya, aqrar və ekologiya elmlərinin yeni inkişaf dövrünə qədəm qoymasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, canlı təbiətin, biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi, ölkənin yaşıl örtüyünün genişləndirilməsi ilə bağlı strateji siyasətin formalaşdırılması və taktiki addımların hazırlanaraq həyata keçirilməsində akademik Cəlal Əliyevin adı ən yüksək səviyyədə çəkilməlidir. Cəlal Əliyev Azərbaycan idrakını, xalqımızın zəkasını bütün dünyada tanıtmaq kimi missiyanın da öhdəsindən şərəflə gəlmişdir.
Həm sovetlər dövründə, həm də müstəqillik dönəmində Azərbaycanın "yaşıl siyasət" platformasının, müvafiq elmi dünyagörüşünün formalaşdırılması, "yaşıl dünya" və "yaşıl iqtisadiyyat"ın, bununla da vətən təbiətinin, bioloji müxtəlifliyin etibarlı qorunmasının və səmərəli istifadəsinin elmi əsaslarının yaradılması, ölkədə "yaşıl inqilab"ın elmi bazasının işlənib-hazırlanması və həyata keçirilməsi bu böyük alimin adı ilə sıx bağlıdır.
Təsadüfi deyildir ki, uzun illər hər bir Azərbaycan ailəsinin süfrəsini akademik Cəlal Əliyevin zəhmətinin ətri bəzəmişdir. Çoxcəhətli elmi fəaliyyəti dövründə nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatları Yer üzərində canlı həyatın mövcudluğunun, üzvi aləmin əmələ gəlməsinin, təbiətin əsrarəngiz və əvəzolunmaz inkişafının əsası olan fotosintez prosesinin sirlərinin kompleks şəkildə öyrənilməsinə, bitkilərin varlığının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarının dərk edilməsinə həsr edilmiş akademik Cəlal Əliyevin bu idraki prosesin nəticələrindən biri kimi yaratdığı buğda sortları həmin ətrin - müqəddəs və halal çörəyimizin əsas mənbəyi olmuşdur.
Yüksək əməksevərlik, fitri istedad, güclü məntiq, dərin erudisiya, elmi müşahidə və misilsiz analiz qabiliyyəti ilə akademik Cəlal Əliyev fotosintez və fototənəffüs prosesləri ilə bağlı elə nailiyyətlərə imza atmışdır ki, bunlar dünya elminin tarixinə qızıl hərflərlə yazılmış, Azərbaycan elminə də, xalqına da baş-ucalığı gətirmişdir.
Akademik Cəlal Əliyev fotosintez və fototənəffüs proseslərinin çoxillik müqayisəli tədqiqi ilə aşkar etmişdir ki, fototənəffüs bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif üsullarla bu prosesi azaltmaq cəhdləri əsassız və mənasızdır. Böyük alim fototənəffüsün israfçılıq olması haqda əvvəllər çox geniş yayılmış fikirlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən müxtəlif buğda genotipləri üzərində çoxillik məqsədyönlü tədqiqat işlərinin nəticələrinə əsasən sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik prosesdir. Belə ki, bitkilərin yüksək məhsuldarlığı həm fotosintezin, həm də fototənəffüsün yüksək intensivliyi ilə səciyyələnir.
Məhz apardığı multidissiplinar tədqiqat istiqamətlərinin inteqrasiyası ilə "yaxşı" fotosintez haqqında yaratdığı yeni təsəvvürlər, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması problemlərinin həllini təklif edən ideyaları, eləcə də yuxarıda qeyd edilmiş nailiyyəti akademik Cəlal Əliyevə dünya şöhrəti qazandırmışdır.
Akademik Cəlal Əliyev gənclik illərindən başlayaraq intensiv sortların yaradılmasında və yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyan, bir sıra əlamətləri ilə bir-birindən kəskin fərqlənən on minlərlə nümunədən, o cümlədən yabanı buğda növləri, qədim xalq seleksiyası sortları, qiymətli genetik stok və seleksiya materiallarından ibarət irihəcmli zəngin milli buğda genefondu yaratmışdır. Elmi ekspedisiyalar vasitəsilə toplanılma, daxili və xarici elmi mübadilə, hibridləşmə və s. üsullardan istifadə edilməklə formalaşdırılmış bu qiymətli genefond Azərbaycanın Milli Genbankında, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, digər müvafiq elmi tədqiqat müəssisələrinin və universitetlərin kolleksiyalarında saxlanılıb artırılmaqla, akademikin özü və ardıcılları tərəfindən hərtərəfli öyrənilmiş, seleksiya və bitki tədqiqatlarında səmərəli istifadə olunmuşdur. Əkinçilik ET İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında yaradılmış canlı tarla buğda genbankını da bu sırada qeyd etmək lazımdır.
Akademik Cəlal Əliyevin uzaqgörənliyi sayəsində Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərət Qrupuna (CGİAR) daxil olan beynəlxalq elmi mərkəzlərlə yaradılmış güclü əlaqələr Azərbaycanın kənd təşərrüfatı sistemində elmi tədqiqatlara, seleksiya fəaliyyətlərinə böyük təkan vermişdir. COP29 iqlim konfransında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), CGİAR və digər beynəlxalq qurumların birgə keçirdikləri və bizim məruzəçi qismində dəvət edildiyimiz "Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya" mövzusunda tədbirdə digər məsələlərlə yanaşı, Azərbaycanda akademik Cəlal Əliyevin aqrar elmin inkişafı üçün gördüyü işlər, təşəbbüsləri ilə yaradılmış və gücləndirilmiş beynəlxalq elmi əməkdaşlığın faydalarından da geniş bəhs edilmişdir.
1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilən Cəlal Əliyevin 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışdığı dövrdə Azərbaycan elminin düzgün istiqamətləndirilməsi və inkişafında, dünya elminə inteqrasiyasının dərinləşdirilməsində, beynəlxalq elmi təşkilatlar və tanınmış xarici mərkəzlərlə əlaqələrin qurulması və gücləndirilməsində göstərdiyi xidmətlər tarixi əhəmiyyət daşıyır. O, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də ölkə üzrə müvafiq istiqamətlərin gələcək inkişafında mühüm rol oynamışdır. Cəlal müəllimin elmin təşkili və istiqamətləndirilməsində bir fəaliyyət sahəsi də Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə problem şurasının sədri kimi, eləcə də bir sıra elmi və müdafiə şuralarında gördüyü işlər olmuşdur. Cəlal müəllim gənc alim və mütəxəssislərdə istedad və biliklərlə yanaşı, vətənpərvərliyi və dürüstlüyü də yüksək qiymətləndirirdi.
Akademik Cəlal Əliyevin elmi-təşkilati fəaliyyətinin mühüm uğurlarından biri də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşəkkülü və inkişafı hesab oluna bilər. İnstitutun formalaşdırılma tarixi böyük alimin adı ilə bağlıdır. Cəlal müəllimin rəhbərliyi ilə 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradılmış, sonralar qrup laboratoriyaya çevrilmiş, daha sonra onun bazasında mühüm və aktual elmi istiqamətlərə uyğun çoxsaylı laboratoriyalar və onları birləşdirən Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi təşkil olunmuşdur. 2005-2010-cu illərdə Cəlal müəllimin təşəbbüsü ilə bu şöbədə daha 4 laboratoriya yaradılmış və şöbənin adı dəyişdirilərək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixdə keçirilmiş ümumi yığıncağında qeyd edilən şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş, institut 2016-cı il martın 1-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlamışdır.
Hazırda institutda ümumən 14, o cümlədən 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir. 2019-cu ildən institutun nəzdində molekulyar biologiya, biokimya, bitki fiziologiyası ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün Dissertasiya şurası fəaliyyət göstərir.
Akademik Cəlal Əliyevin qiymətli əmanəti və yadigarı olan institut ilbəil əldə edilən yüksək elmi tədqiqat nəticələri, dünya miqyasında Azərbaycanı təmsil etməyə qadir olan elmi kadr hazırlığı, həmçinin beynəlxalq əməkdaşlığın təşkili və aparılması ilə fərqlənməklə özünün yeni inkişaf dövrünü yaşamaqdadır. İnstitutun beynəlxalq əlaqələri kadr hazırlığı ilə yanaşı, birgə tədqiqatların aparılması, elmi layihələrin hazırlanması və icrasına yönəldilmişdir. 18 iyun 2024-cü il tarixdə Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universiteti ilə imzalanmış anlaşma memorandumu çərçivəsində Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üzrə elan edilmiş qrant müsabiqəsinə (BMBF) 2 layihə (Osnabruk Tətbiqi Elmlər Universiteti ilə birgə "Yumşaq buğdanın davamlılığını artırmaq üçün genetik müxtəlifliyin tədqiqi və istifadəsi" və Deutsche Sammlung von Mikroorqanismen und Zellkulturen Tədqiqat Mərkəzi (DSMZ) ilə birgə "Azərbaycanda mühüm mədəni bitkilərin sağlamlıq statusunun qiymətləndirilməsi") təqdim olunmuşdur.
Akademik Cəlal Əliyevin elmi dühasının böyüklüyü haqqında danışarkən onun Azərbaycanda biologiya elminin ən yeni istiqamətlərinin, o cümlədən biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və kompüter biologiyası, bioinformatikanın bünövrəsinin qoyulmasında, yaradılıb formalaşdırılmasındakı xidmətləri xüsusi qeyd edilməlidir. Bu istiqamətlər üzrə aktual problemlərin həllində, bütövlükdə biologiya və aqrar elmlərin inkişafında, həyatın mövcudluğunun əsası olan fotosintez prosesinin kompleks tədqiqində əldə etdiyi mühüm nailiyyətləri, fundamental və tətbiqi tədqiqatlarla yaratdığı zəngin elmi məktəb dünya elmi ictimaiyyəti tərəfindən hər zaman xatırlanmış və yüksək qiymətləndirilmişdir.
Cəlal müəllimin pedaqoji dühası müxtəlif ali təhsil müəssisələrinin məzunları arasından biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya və digər ixtisaslarda istedadlı və hazırlıqlı gəncləri seçərək rəhbərlik etdiyi şöbə və laboratoriyalara işə cəlb etməklə 300-ə yaxın alim kadrın yetişdirilməsində də özünü göstərmişdir. Akademik Cəlal Əliyevin bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədi hazırlanmışdır. Bu alimlərin böyük əksəriyyəti elm yolunda dəyərli uğurlar qazanaraq bu gün Azərbaycanda və dünyanın ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və s. kimi onlarca qabaqcıl ölkəsinin tanınmış elm və təhsil mərkəzlərində, nüfuzlu universitetlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir.
Dünya elmində akademik Cəlal Əliyev elmi məktəbini uğurla təmsil edən və Azərbaycana bağlılıqları ilə seçilən alimlərdən bir neçəsinin - Türkiyənin Akdeniz Universitetinin professoru, Türkiyə Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, MBBİ-nin Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, MBBİ-nin Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri, biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyevin, Böyük Britaniya Kembric Universitetinin Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, MBBİ-nin Hesablama struktur beynəlxalq biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdovun, uzun illər ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru olmuş, hazırda ABŞ-nin İndiana Universitetində proqram rəhbəri vəzifəsində çalışan professor Vidadi Yusibovun, Avstraliyanın (Melburn) RMİT Universitetinin professoru Aydın Muradovun, ABŞ Ümumi Genom İnstitutunun əməkdaşı doktor Asəf Salamovun adlarını fəxrlə çəkmək olar.
Akademik Cəlal Əliyevin ideya və nəzəriyyələri, Azərbaycan və dünya elminə gətirdiyi yeniliklər, mühüm elmi nailiyyətlərı, onların əks olunduğu 800-ə qədər elmi əsər, o cümlədən 25 fundamental monoqrafiya və kitab, 20 müəlliflik şəhadətnaməsi, yaratdığı qiymətli bitki sortları, əvəzsiz yadigarı olan AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, daim təkamüldə olan elmi məktəbi Azərbaycan xalqının milli sərvətləridir.
Akademik Cəlal Əliyev həyatda olmasa da, onun adı dünya elmi ictimaiyyəti tərəfindən daim xatırlanır və uca tutulur. Beynəlxalq Fotosintez Cəmiyyətinin (ISPR) akademik Cəlal Əliyevin adına mükafat ("The Jalal Aliyev Lecture Award") və medal təsis etməsi bunun əyani sübutu olmaqla Azərbaycan elm tarixi üçün çox önəmli bir hadisə, xalqımız üçün qürurverici bir faktdır. Bu mükafat artıq iki dəfə fotosintezin tədqiqi sahəsində görkəmli alimlərə verilmişdir.
Elmi məktəbinin daha da güclənməsi, yüksək uzaqgörənliklə başlanğıc verdiyi istiqamətlərdə elmi tədqiqat və seleksiya fəaliyyətlərinin davam etməsi ilə yanaşı, Azərbaycanın "yaşıl artım ölkəsi"nə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, Naxçıvan MR-in sıfır emissiya zonalarına çevrilməsi, ümumən həyatını həsr etdiyi "yaşıl dünya" strategiyasının təntənəsi istiqamətində qazanılan uğurlar da bu böyük insanın ruhunu sevindirir.
Əminliklə demək olar ki, uzun illər keçəcək, amma böyük alim, müəllim və şəxsiyyət Cəlal Əliyevin adı Azərbaycanın elm tarixindən və qədirbilən xalqımızın qəlbindən silinməyəcək.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru
Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb
“Alexa+” səsli köməkçisi təqdim edilib
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək
SOCAR Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib
Azərbaycan nefti bahalaşıb
İsmayıllıda yenidən zəlzələ qeydə alınıb
Qahirədə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar başlayıb
ABŞ Prezidenti: Ukraynada növbəti addım tez bir zamanda atəşkəs əldə etməkdir
Tramp: Ukrayna razılaşması ya tezliklə əldə ediləcək, ya da heç olmayacaq
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb
Türkiyə və Rusiya arasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Türkiyənin hakim partiyası PKK terrorçularının tərksilah olmaları ilə bağlı çağırışı şərh edib
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
Azərbaycanın COP29 Sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrasına başlanılıb
Qida əlavələrini qəbul edərkən ehtiyatlı olmalıyıq
"Kino mənim həyatımdır"
Susuz qalmışıq
Müraciətlərimiz cavabsız qalmadı
"Su xətlərinin yenilənməsi üçün cizgi hazırlanmışdır"
Göyçayda dərzi Nahidi tanımayan yoxdur
Küçəmiz bərbad gündədir
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!