13 Avqust 2026 08:40
676
Mədəniyyət
A- A+
Tükənməz maraq, sonsuz sevgi, bənzərsiz istedad 

Tükənməz maraq, sonsuz sevgi, bənzərsiz istedad 


Adı Azərbaycan teatr tarixinə həm aktyor, həm də rejissor kimi yazılan Xalq artisti İsmayıl Hidayətzadənin sənət yolu asan olmayıb. Çünki onun səhnə fəaliyyəti mürəkkəb bir dövrə təsadüf edib. 

Azərbaycan teatrının peşəkarlaşdığı, yeni axtarışların meydana çıxdığı, aktyor sənətinə münasibətin dəyişməyə başladığı vaxtlar idi. İsmayıl Hidayətzadə də bu prosesin ən fəal iştirakçılarından biri idi. O, teatra tükənməz marağı, sonsuz sevgisi, istedadı və zəhməti ilə böyük bir yol qət edib.


"Balaca Ərəblinski"


İsmayıl Hidayətzadə 1901-ci il avqustun 19-da Bakıda dənizçi ailəsində dünyaya gəlib. Atası Hüseyn kişi gəmi qəzasına düşərək sağlamlığı ilə həmişəlik vidalaşıb xarrat işləyəndə İsmayıl balaca idi. Gün-güzəranları ağır keçsə də, ailəsini çətinliklə dolandırsa da, Hüseyn kişi oğlunun təhsil almasına çalışıb. İsmayılı molla məktəbinə aparıb. Yoxsul ailənin övladı olduğundan onun həmin məktəbdə güzəştlə təhsil almasına icazə verilib. 

İsmayıl hələ kiçik yaşlarından məhərrəmlik mərasimlərini səbirsizliklə gözləyirdi. Qonşuluqda yaşayan tay-tuşları ilə birgə səhnəciklər qurardı. Meydan və küçə oyun tamaşaları, dərviş nağılları, şəbih mərasimləri balaca İsmayılın, əslində teatrla, səhnə ilə ilk tanışlığı idi.

Həmin dövrdə gənc teatr həvəskarları üçün Hüseyn Ərəblinski böyük sənət nümunəsi idi. Gənc aktyorların əksəriyyəti ona oxşamağa, onu təqlid etməyə çalışırdı. İsmayıl Hidayətzadə də Hüseyn Ərəblinskinin yaradıcılığından elə təsirlənir ki, oynadığı rolları görənlər ona "balaca Ərəblinski", - deyirdilər. İllər sonra İsmayıl Hidayətzadə öz xatirələrində yazmışdır: "Məktəbimizin müdiriyyəti tamaşalara rəhbərlik etmək üçün Ərəblinskini dəvət edirdi. O, truppanı öz istədiyi kimi tərtib edib, tamaşaları Tağıyev və Mayılov teatrlarında göstərmək üçün hazırlayırdı… Belə günlərin birində… mən Ərəblinski ilə, mənə çox böyük təsir bağışlayan bu adamla tanış olmuşam… Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında məşğul etməkdən boyun qaçırırdı. Çünki mən hələ çox kiçik idim. Nəhayət ki, yanğımı duyub, "Ağa Məhəmməd Şah Qacar" pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu… Məni səhnədə görən aktyorlardan biri Ərəblinskini təqlid etdiyimi dərhal başa düşərək, qaçıb onu çağırır və məni göstərərək deyir: "Budur balaca Ərəblinski". Ərəblinski xeyli durub mənə baxır. Onun mənə baxdığını başa düşdükdə çox tutuldum, özümü büsbütün itirdim… O isə yaxınlaşıb, onu təqlid etməməyimi tapşırdı; dedi ki, mən rus aktyorlarının oyunlarına baxmalıyam, başqa əsərlərə tamaşa etməliyəm və çalışmalıyam ki, öz oyunumda özgələri təqlid etməyim, özüməməxsus tərzdə oynayım. Bu hadisədən sonra məktəb yoldaşlarım mənə "balaca Ərəblinski" adını qoydular".

Ancaq sonralar o, təqlidçilikdən uzaqlaşıb sənətdə öz yolunu müəyyənləşdirmişdir...


Cib dəftərçəsinə yazılmış and


1917-ci ildə atası dünyasını dəyişib. Evin böyük oğlu olan İsmayıl təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb. Ticarət müəssisələrində pirkeşlik edib. Ancaq arzularından əl çəkməyib. 1917-ci ildən Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində fəaliyyət göstərib, həm aktyorluq edib, həm də tamaşalar hazırlayıb.

1919-cu ildə müəllimi Mirzə Rza Vaizzadənin "Səyavuş" əsərini səhnələşdirməsi İsmayılın yaradıcılıq yolunda mühüm addımlarından biri olub. Bundan sonra peşəkar teatr dəstələri ilə əlaqələri yaranıb.

İsmayıl Hidayətzadə 1920-ci ildən Dövlət teatrında çalışıb. 1921-ci ildə işləməklə bərabər, Voronovun teatr studiyasına daxil olub. Teatr studiyasında öyrəndikləri onu aktyor kimi daha da püxtələşdirib.

Rejissorluğa marağı bu illərdə daha da güclənib. 1926-cı ildə arabir tamaşalara quruluş verməsi onu həm də rejissor kimi tanıdıb. 1934-cü ildə "Siyavuş" əsərini səhnələşdirmək ona həvalə edilib. Tamaşa uğurlu alınıb. O, sonralar Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını tamaşaya qoyub, Rus Dram Teatrında "1905-ci ildə", "Vaqif" tamaşalarını səhnələşdirib.

İsmayıl Hidayətzadənin quruluşunda "Koroğlu" və "Arşın mal alan" tamaşaları 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində də uğurla nümayiş olunub. Vətənə qayıtdıqdan sonra İsmayıl Hidayətzadə Opera və Balet Teatrının rəhbəri təyin edilib. Həmin illər onun yaradıcılığında yeni sənət uğurları ilə yadda qalıb. Artıq sənətdə özünəməxsus üslubu, rola fərdi yanaşması olan aktyor idi. Onun səhnəyə hər çıxışı, oynadığı hər rol alqışlarla qarşılanırdı. 

Onun yaradıcılığında yazıçı-dramaturq Cəfər Cabbarlının əvəzsiz yeri olub. İsmayıl Hidayətzadə özü də tez-tez deyib ki, Cabbarlı məktəbinin yetirməsidir.

İstedad, zəhmət və məsuliyyət İsmayıl Hidayətzadənin bütün fəaliyyətinin əsasını təşkil edib. Ona həvalə olunan hər bir rolun üzərində yorulmadan çalışıb. Qəhrəmanlarını səhnədə canlandırmaq üçün xarakterlərini müəyyənləşdirib, hansı dövrdə yaşadığını, o vaxtın xüsusiyyətlərini öyrənib. Odur ki, oynadığı hər rolu - "Sevil"də Əbdüləli, "Almaz"da Şərif, "1905-ci ildə"də Mazandaranski, "Oqtay Eloğlu"nda Əmiraslan bəy Salamov, "Dönüş"də Xosməmməd, "Lyubov Yarovaya"da Şvandiya, "Günahsız müqəssirlər"də Şmaqa, "Hacı Qara"da Hacı Qara, "Topal Teymur"da Cücə, "Knyaz"da Şakro, "İki yetimə"də Pyer, "Tələbələrin kələyi"ndə Rəmzi, "Ölülər"də Şeyx Nəsrulla, "Yurdsuz insanlar"da Baron rolları ona uğur gətirib, tamaşaçı alqışları qazandırıb. İsmayıl Hidayətzadənin adı Azərbaycan incəsənəti tarixində həm də ilk milli baletimizin - "Qız qalası"nın librettosunun müəllifi kimi qalıb.

Ömrünün böyük hissəsini teatra həsr edən sənətkar kino sənətindən də kənarda qalmayıb, "Qız qalası əfsanəsi" (1923), "Altıncı hiss" (1935), "Almaz" (1936) filmlərində çəkilib.

Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə, İsmayıl Hidayətzadə Əməkdar artist (1933), Xalq Artisti (1938) fəxri adlarına layiq görülüb. "Qırmızı əmək bayrağı" (1938) və "Şərəf nişanı" (1946) ordenləri ilə təltif olunub.

 İsmayıl Hidayətzadə 1951-ci il noyabrın 11-də 50 yaşında vəfat edib. 


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!