İvanovkada malakanlar, azərbaycanlılar və ləzgilər bir ailə kimi yaşayırlar
Onlar lap başlanğıcda inanclarına görə təqib-təzyiq, Rusiyadakı əzəli yurdlarından sürgün, sonra tez-tez köçmək-köçürülmək, normal həyat şəraitli məkan axtarışları məcburiyyəti ilə üzləşdiklərindən ötən əsrin 90-cı illərinin çətinliklərini də taleyin qisməti, ilahi yazı kimi qəbul etmişdilər.
"Qırmızı imperiya"nın süqutu və Azərbaycanın müstəqillik yoluna qədəm qoyması İsmayıllı rayonundakı İvanovka kəndinin, onun sakinlərinin və kolxozun tarixində gözlənilməz dönüş nöqtəsinə çevrildi. Çox narahat, mürəkkəb dövr idi. Belə bir vəziyyətdə yenidən deportasiya olunduqları ölkəyə qayıtmaq qərarına gəldilər. Yaşayış, əkin-biçin, heyvandarlıq üçün münasib yer axtarışına çıxdılar, şimaldakı qonşumuza elçilər göndərildi. Rostov vilayətində, Krasnodar diyarında, Stavropolda yer tapılmadı, Tambov, Voronej və Saratovda şərtlər münasib deyildi və nəhayət, Belqorod vilayəti barədə düşünməyə başladılar. Elə bu zaman hakimiyyətdəkilərin səriştəsizliyindən bezən xalq ayağa qalxaraq dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevdən kömək istədi, Ulu Öndəri Naxçıvandan Bakıya dəvət etdi. Deməli, Azərbaycan parçalanmayacaq, xaosa son qoyulacaq, insanların sosial rifahı düzələcəkdi. Təbii ki, malakanlar da 150 ildən çox sığındıqları mehriban, qonaqpərvər, tolerant mühitdən didərgin düşməyəcəkdilər. Beləcə, İvanovka adlı canlı sivilizasiya tarixən multikultural dəyərlərə böyük önəm verən Azərbaycanda qaldı.
Onların regiona gəlişi isə 1832-ci ilə təsadüf edir. Tarixi mənbələrdə qeyd olunur ki, malakanlar pravoslav kilsəsinə qarşı çıxdıqları üçün 26 kişi və 30 qadından ibarət dəstə halında Cənubi Qafqaza köçürülüblər. Ölkəmizdə malakanlar Bakı, Sumqayıt, Quba, Gədəbəy, Masallı, Şamaxı və İsmayıllıda yaşayırlar. Həmin rayonlardakı İvanovka, Saratovka, Slavyanka, Kalinovka malakan kəndləridir.
İsmayıllı malakanları əvvəl Qəbələ tərəfdəki "Topçu" kəndində "Ax-ox" çayı sahilində yaşayırlarmış. Amma Rusiyanın şaxtalı iqlimindən sonra rütubətli mühitə uyğunlaşa bilmədiklərindən 1847-ci ildə bir qədər yüksək, rütubətin olmadığı, qışın soyuq keçdiyi yerə köçməyi qərara alırlar və nəhayət, indi yaşadıqları məntəqə salınır.
İvanovka Acınohur silsiləsində, dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə Göyçay və Dəvəbatan çayları arasındakı vadidə yerləşir. İsmayıllı rayon mərkəzindən 14 kilometrlikdəki kəndin ərazisi 8 min hektardan çoxdur. Əhali özünün bütün adət-ənənələrini, folklorunu və məişətini qoruyub saxlayıb. Kəndin adına gəldikdə, bu, malakanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq etmiş Qriqori Nikiforoviç İvanovla bağlıdır. Qədimdə isə bu ərazi Həftəran adlanıb.
1936-cı ildə İvanovkada kolxoz yaradılıb. Kəndin yüksəliş dövrü 1953-cü ilin oktyabrında kolxoza sədr seçilən 27 yaşlı Nikolay Vasilyeviç Nikitindən başlayır. O, təsərrüfatı ən qabaqcıl mövqelərə çıxarıb varlı kolxoza çevirib. Nikolay Nikitin 1994-cü ildə dünyasını dəyişib, kolxoz isə bu günəcən yaşayır və onun adını daşıyır.
Ümummilli Lider sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə dəfələrlə həmin kəndə səfər etmiş, kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinlə görüşmüş, orada yaşayan malakanların arzularına, problemlərinə diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da malakanlara münasibət dəyişməmişdir. Hətta bütün Azərbaycanda kolxozlar ləğv olunsa da, kənd camaatının istəyini nəzərə alan Heydər Əliyev İvanovkada kolxozun saxlanılması ilə bağlı göstəriş vermişdir.
Prezident İlham Əliyev də İvanovka kəndində olmuş və malakanların problemləri ilə maraqlanmışdır. 2004-cü ilin yayında - İmperator I Aleksandrın xristian malakanlara etiqad azadlığı verilməsi haqqında fərmanının 200 illiyi bayram edilərkən Prezident İlham Əliyev respublikanın malakan kəndlərinin bir qrup ağsaqqalı ilə görüşmüşdür. Dövlətimizin başçısı ağır günlərdə respublikanı tərk etmədiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Onu da qeyd edək ki, erməni işğalçılarına qarşı döyüşən Vətən övladları arasında ivanovkalılar da olmuşlar. Çünki malakanlar XVIII əsrin birinci rübündə Azərbaycana gələndə necə isti münasibət, duz-çörək və qayğı ilə qarşılanmışdılarsa, həmin mehribanlıq, qonaqpərvərlik azalmamış, əksinə, artmışdır. Bu gün isə İvanovka əsl tolerant kənddir. İndi burada malakanlarla yanaşı, ləzgilər və azərbaycanlılar da bir ailə kimi yaşayırlar.
Qurban MƏMMƏDOV