"Azərbaycan" qəzetinin 2025-ci il 22 may tarixli sayında dərc edilmiş "Qoyun sürülərimizi yaylaqlara çıxara bilmirik" sərlövhəli oxucu məktubunda qaldırılmış məsələlərin həllinə kömək göstərilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış müraciətə baxılmışdır.
Bildiririk ki, Kəlbəcər rayonunun ərazisinin heyvandarlığın inkişafı üçün böyük potensialı nəzərə alınaraq yaylaq mövsümündə fermerlərə məxsus təsərrüfatların köçürülməsi işləri ardıcıl surətdə həyata keçirilir.
2025-ci ilin yaylaq mövsümündə Kəlbəcər və Laçın rayonlarına fermerlərə məxsus qoyunçuluq və arıçılıq təsərrüfatlarının, Xocalı, Xocavənd, Zəngilan, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarına isə arıçılıq təsərrüfatlarının köçürülməsi üçün müvafiq təsərrüfatların www.koc.eagro.az portalı vasitəsilə cari ilin 9 aprel tarixindən qeydiyyat mərhələsinə başlanılmışdır. Təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından və yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər www.koc.eagro.az portalı vasitəsilə qeydiyyatdan keçərək öz təsərrüfatları haqqında müvafiq məlumatları həmin portala daxil etməlidirlər.
Adıçəkilən portalda Ramil Bəşir oğlu Əmiralıyev, Bəşir Cabbar oğlu Əmiralıyev, Elşən Saday oğlu Məmmədov, Soltan Məhərrəm oğlu Məmmədov və Ağamməd Süleyman oğlu Məmmədov heyvandarlıq təsərrüfatlarının 2025-ci ildə Kəlbəcər rayonunun yay otlaqlarına köçürülməsi ilə bağlı qeydiyyatdan keçmiş və onlara yay otlaq sahəsi ayrılmışdır. Digər vətəndaşların qeyd olunan tarixlərdə təsərrüfatları həmin portal vasitəsilə qeydə alınmamışdır.
Müraciətə baxılmasının nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir.
İlhamə QƏDİMOVA,
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini