18 Noyabr 2025 08:55
1172
Mədəniyyət
A- A+
Sənətkarın ən böyük mükafatı...

Sənətkarın ən böyük mükafatı...


Onu geniş tamaşaçı kütləsinə filmlərdə böyük aktyorluq bacarığı ilə yaratdığı rollar tanıtdı. Gündüz Abbasovu "Onun böyük ürəyi"ndə Rəcəb, "Bir qalanın sirri"ndə Elşən, "Bizim küçə"də Rasim və başqa rolları kinoaktyor kimi məşhurlaşdırdı.

Ədəbiyyatsevərlər isə onu istedadlı yazıçı və tərcüməçi kimi tanıdılar. Gündüz Abbasov həm də peşəkar jurnalist və rəssam idi... 


Ədəbiyyata, incəsənətə vurğunluqla keçən uşaqlıq illəri


O, 1930-cu il noyabrın 20-də Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Adını Cəfər Cabbarlının "Sevil" pyesindəki Balaşın oğlu Gündüzün şərəfinə qoyublar. Gündüz Abbasovun atası Şəmsəddin Abbasov tanınmış yazıçı və jurnalist, Azərbaycan Radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru  olub. Anası Mələk xanım görkəmli dramaturq, şair, teatr xadimi Cəfər Cabbarlının qardaşı qızı idi.

Gündüz Abbasov ədəbiyyat və incəsənətlə sıx bağlı olan ailədə böyüyüb. Uşaqlığı teatrda, kinoda aktyorlar arasında keçib. Ağlı kəsəndən onu əhatə edən mühitdə ədəbiyyata, incəsənətə olan sevgi kiçik yaşlarından Gündüzün də qəlbinə hakim kəsilib. O, gördüyü dünyanı, hisslərini həm fırça, həm də qələmlə ifadə etmək arzusuna düşüb. Odur ki, 1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika şöbəsini bitirib.

Ədəbiyyata erkən yaşlarından böyük maraq göstərən Gündüz Abbasov tələbəlik illərində ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.  1950-1960-cı illərdə onun "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çapdan çıxıb. Dövri mətbuatda yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dərc olunub.

O, bir müddət Azərbaycan Radiosunun Gənclər şöbəsinin müdiri işləyib. Sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru kimi fəaliyyət göstərib. "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

Gündüz Abbasov 1942-ci ildə "Sovet pəhləvanı" adlı qısametrajlı filmə çəkilib. Böyük kinoya isə 1958-ci ildə "Onun böyük ürəyi" filmi ilə gəlib. Kinodramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi həmin bədii filmdə prokuror Rəcəb obrazı iyirmi səkkiz yaşlı Gündüz Abbasova həvalə edilib. O zaman Gündüz evli, iki uşaq atası idi. Çəkilişlər zamanı altıaylıq olan qızı Şəhla da "Onun böyük ürəyi" filmində Rəcəbin bacısı Səmayənin qızı Lalənin körpəlik dövrünü canlandırıb. 


Kinoaktyor, yazıçı, tərcüməçi, rəssam...


Film ekranlara çıxdığı vaxtdan böyük tamaşaçı rəğbəti ilə qarşılanıb. "Onun böyük ürəyi" Rəcəb rolunun ifaçısını - Gündüz Abbasovu kinoaktyor kimi məşhurlaşdırıb.

1959-cu ildə kinorejissor Əlisəttar Atakişiyevin Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi "Bir qalanın sirri" film-nağılındakı Elşən rolu isə Gündüz Abbasovun kino yaradıcılığında xüsusi yer tutur. Məşhur aktyorlarla tərəf müqabili olan gənc aktyor öz oyunu ilə sübut edir ki, kino sənətində təsadüfi deyil. "Bir qalanın sirri"ndə Göygöz Kosaya qalib gələrək sevgilisi Mətanəti xilas edən, dağları yaran, oxuduğu kitabların köməyi ilə heyvanların dilini öyrənən, Həkim babanın qollarını açan yaraşıqlı qəhrəman Elşən rolu, necə deyərlər, sanki Gündüz Abbasovun boyuna biçilmişdi.

Onun kino yaradıcılığı kifayət qədər məhsuldar olub. Gündüz Abbasov 1958-1990-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dək filmdə bir-birindən maraqlı, dolğun və yaddaqalan rollar canlandırıb. "Bir qalanın sirri" film-nağılında Elşən, "Aygün" televiziya filmində Elyar, "Bizim küçə"də Rasim, "Leyli və Məcnun"da Zeyd, "Telefonçu qız"da Mehribanın atası, "Vulkana doğru"da Uzun, "Dədə Qorqud"da Bəybura, "Qərib cinlər diyarında" İblis, "Babək"də Pərvinin babası, "İşarəni dənizdən gözləyin"də şair, "Qəm pəncərəsi"ndə qoca kəndli, "Alman klinikasına şəxsi səfər"də milyonçu Lioznov, "Doğma sahillər"də Bəndalı kişi, "Yuxu"da Hidayət kişi və başqa rollarla adını istedadlı kinoaktyor kimi Azərbaycan kino tarixinə yazıb.

Gündüz Abbasov həm də "Mozalan" respublika satirik kinojurnalının bir çox kinosüjetində yaddaqalan rollar yaradıb.

Kino sənəti onu nə qədər məşhurlaşdırsa da, Gündüz Abbasov peşəkar şəkildə rəssamlıqla və yazıçılıqla məşğul olub. Kitablarındakı illüstrasiyaları da özü çəkib. Gündüz Abbasov həm də yaxşı tərcüməçi idi. O, Anatoli Aleksin, Aleksey Tolstoyun və Çandar Krişanın əsərlərini Azərbaycan dilinə çevirib. Eyni zamanda dublyaj üçün ssenariləri yüksək səviyyədə dilimizə tərcümə edib.

Gündüz Abbasov həm də peşəkar idmançı olub. O, respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlarda da iştirak edib.

Ömrünün son illərində xatirələrini qələmə alır, "Keçmişsiz" adlı roman üzərində çalışır. Ancaq ömrü bir çox işi kimi, xatirələrini və bu romanını da yazıb tamamlamağa yetmir...

Rejissor Fikrət Əliyevin çəkdiyi "Yuxu" filmində ifa etdiyi Hidayət kişi rolu epizodik olsa da, Gündüz Abbasovun oynadığı digər rollar kimi yaddaqalandır. Hidayət aktyorun kinoda son işidir. "Yuxu" filminin ekranlarda nümayiş olunmasını görmək Gündüz Abbasova qismət olmayıb. Film 1993-cü ildə çəkilməyə başlanıb, çəkilişi 1994-cü ildə başa çatıb. Ancaq filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatıb.

Kinoaktyor, yazıçı, tərcüməçi və rəssam Gündüz Abbasov 1995-ci il avqustun 21-də, altmış beş yaşında dünyasını dəyişib. 

İstedadı hər kəs tərəfindən etiraf edilsə də, nədənsə Gündüz Abbasovun heç bir fəxri adı, təltifi olmadı. Onun ən böyük və yeganə mükafatı tamaşaçı sevgisi,  oxucu rəğbəti oldu.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!