26 Aprel 2024 09:30
218
İQTİSADİYYAT
A- A+

Qubalılar yol sarıdan rahatlığa çıxırlar

 

Rahat, müasir yolun sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı üçün vacib şərt olduğu gün kimi aydındır. Qeyri-neft sektorunun əsas qollarından biri olan turizmin inkişafı üçün də rahat yolun əhəmiyyəti az deyil. Regionlarda yol infrastrukturunun diqqət mərkəzində olmasının bir səbəbi də bundan qaynaqlanır. 
Azərbaycanın qonaq-qara sarıdan korluq çəkməyən Quba rayonunda da son illər yol təmiri və tikintisi geniş vüsət alıb. Sovet dönəmində Qubanın ucqar dağlıq ərazilərində yollar uzun illər diqqətdən kənarda qalmışdı. Prezident İlham Əliyevin göstərişinə əsasən, Quba-Xınalıq yolunun tam təmir edilərək istifadəyə verilməsi ilə  rayonda yolların çəkilişinə start verildi. Hətta yolsuzluq üzündən boşalan bəzi kəndlərə çəkilən yollar oraya yenidən həyat gətirdi və bu gün həmin ərazilər ölkədə sevilən turizm marşrutlarındandır. 
Hazırda bu istiqamətdə işlər davam edir. Ötən ilin sonlarında 10 kəndi birləşdirən 23 kilometrlik Hacıhüseynli-Gənclər qəsəbəsi avtomobil yolu təmir edilib. Eyni zamanda bu yola birləşən digər ara yollar da təmir edilərək istifadəyə verilib. Uzun illər yararsız vəziyyətdə olan Quba-Xaçmaz avtomobil yolu isə yenidən qurulub, yolun üstündə yerləşən kənd və qəsəbələrə ayrılan yollara nişan və göstəricilər quraşdırılıb. 
Hazırda Amsar-İspik-Gültəpə-Möhüc-Tülər-Tüləkəran-Suxtakərə avtomobil yolunda təmir işləri aparılır. Uzun müddət təmir üzü görməyən yolun 6 kilometrlik hissəsində köhnə asfalt qatı frezlənib. Yağışlar nəticəsində yolun bəzi yerlərində yarğanlar əmələ gəlmiş, çalalar yaranmışdı. Kəndə gələn avtomobillər bu səbəbdən dəfələrlə yolda qalmışdı. Hazırda həmin bərbad yoldan əsər-əlamət qalmayıb. Yaşıllıqlara qərq olmuş bu kəndlərin camaatı əməlli-başlı rahatlığa çıxıb. 
Amma həmin istiqamətdə işlər davam edir. Yağış sularının ötürülməsi üçün 13 kilometr uzunluğunda xüsusi kanal qazılır. Bu, suların yola axmadan daşınması deməkdir. Tülər kəndində isə Ağ çay üzərində uzunluğu 18, eni 9 metr olan biraşırımlı körpünün tikintisində tamamlama işləri aparılır. Yolboyu müxtəlif diametrlərdə 24 suötürücü borunun montaj işləri də yekunlaşmaq üzrədir. 
Maraqlıdır ki, kənd sakinləri ilə çəkilməkdə olan yolda çalışan inşaatçılar arasında mehriban münasibət, dostluq yaranıb. Gültəpə kənd sakinləri Akif Bəşirov, Qəhrəman Adilov, Fəxrəddin Süleymanov, Rahim Teyubov və digərləri inşaatçılara evdə hazırlatdıqları isti yeməklər gətirir, onlarla birlikdə nahar edirlər. Kənd sakinləri tərəfindən inşaatçılara mürəbbəli samovar çayı verənlər də az deyil.   
7 kəndi birləşdirən bu yolun uzunluğu 30 kilometrə yaxındır. 20 minə yaxın  əhalinin yaşadığı bu kəndlərin hər birindən daha digər 4 kəndə gediş var. Bununla Qubanın qərbinə adları sadalanan kəndlərdən keçən yol açılır. Yaxın gələcəkdə bu ərazilərə turist axınının şahidi olacağımız şübhəsizdir. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video