Konsulluq rəsmilərinə ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib
Rəsmi Paris 12 Əlcəzair diplomatını və konsulluq rəsmisini ölkədən qovmaq və Əlcəzairdəki səfirini geri çağırmaq qərarını açıqlayıb. Bu barədə Yelisey sarayının bəyanatında deyilir. Əlcəzair nümayəndələrinə Fransanı tərk etmək üçün 48 saat vaxt verilib.
Parisin bu addımı Əlcəzairin Fransa səfirliyinin 12 əməkdaşının ölkədən çıxarılması ilə bağlı qərarına cavab idi. Fransa prezidenti Emmanuel Makronun ofisi Əlcəzairin hərəkətlərini "anlaşılmaz və əsassız" adlandırıb və dialoqun bərpasına çağırıb. Sənəddə qeyd olunduğu kimi, "ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsinə görə məsuliyyət Əlcəzair hakimiyyətinin üzərinə düşür".
Əlcəzair prezidenti Əbdülməcid Tebbun və Fransa prezidenti Emmanuel Makron arasında ölkələr arasında əlaqələri bərpa etmək məqsədi daşıyan telefon danışığından cəmi iki həftə sonra iki ölkə arasında münasibətlərin bu cür dönüş etməsi Fransanı "şok vəziyyətinə salıb".
Fransanın xarici işlər naziri Jan-Noel Baro Əlcəzairin "eskalasiya yolunu seçdiyini" bildirib. AFP agentliyi xəbər verir ki, ötən il Fransa Mərakeşin Polisario Cəbhəsi partizan hərəkatının Əlcəzairin dəstəyi ilə müstəqillik uğrunda mübarizə apardığı mübahisəli ərazi olan Qərbi Sahara üzərindəki suverenliyini tanıdıqdan sonra ölkələr arasında münasibətlər pisləşib. Bununla belə, son eskalasiya bu ilin aprelində, səfirliyin əməkdaşı da daxil olmaqla üç Əlcəzair vətəndaşının Fransada həbs edildiyi vaxt baş verib.
Aprelin 11-də Milli Antiterror Prokurorluğu (PNAT) üç əlcəzairlini, o cümlədən səfirliyin əməkdaşını, TikTok sosial media platformasında 1,1 milyondan çox izləyicisi olan məşhur əlcəzairli müxalifətçi Əmir Buxorsun qaçırılmasında iştirakda ittiham edib. Əlcəzair isə diplomatının saxlanmasına etiraz edib və Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin korlanmasına görə "tam məsuliyyəti" Fransa Daxili İşlər Nazirliyinin üzərinə qoyub.
Buxors 2024-cü ilin aprelində Paris ətrafında oğurlanıb, 27 saat saxlanılıb və sonra sərbəst buraxılıb. AFP-nin qeyd etdiyi kimi, Əlcəzair fırıldaqçılıq və terrorizmdə ittiham olunan müxalifətçinin həbsinə doqquz beynəlxalq order verib.
1830-cu ildən 1962-ci ilə qədər Əlcəzair Fransa əyaləti statusuna malik idi. Ölkənin müstəqilliyi uğrunda gedən müharibə zamanı (1954-1962), müxtəlif hesablamalara görə, 1 milyona yaxın əlcəzairli həlak olub. Son vaxtlar Əlcəzair hakimiyyəti fransız müstəmləkəçilərinə müqavimətdə canlarını fəda etmiş 5,63 milyon şəhiddən danışır.
Qeyd edək ki, beş il əvvəl prezident Tebbun 1945-ci ildə baş vermiş Əlcəzair üsyanını xatırlamaq üçün 8 Mayı Milli Anma Günü kimi təyin edib. Əlcəzairlilərin hesablamalarına görə, həmin üsyan zamanı 40 mindən çox vətəndaş həlak olub.
Rizvan CƏFƏROV,
"Azərbaycan"