01 Noyabr 2025 09:05
729
İQTİSADİYYAT
A- A+
Ot kökü üstündə bitər

Ot kökü üstündə bitər


Nəsildən nəslə keçən əmək ənənəsi


Salyan-Neftçala  magistral şose yolundan sağa dönüb Xıllı kanalının kənarı ilə cənuba doğru irəliləyirik. "Niva" bir neçə gün əvvəl yağan yağışın əmələ gətirdiyi kiçik gölməçələri keçib gedir. Mənə elə gəlir ki, 25-30 kilometr yol qət etmişik. Fikirləşirəm ki, pambıq sahələri niyə gözə dəymir? 

Ətrafda balıqyetişdirmə dambaları, heyvan yataqları görünür. Sükan arxasında oturan yol yoldaşım - pambıqçı fermer Mürsəl Qəfərovdan asfaltdan onun sahəsinə qədər neçə kilometr olduğunu soruşuram. Deyir ki, 8 kilometr yoldur. "Onda bəs niyə ora çata bilmirik?" - soruşanda fermer: "Yol narahatdır deyə yavaş gedirik, ona görə belə uzun görünür", - deyə o cavab verir. 

Elə bu vaxt yaşıl rəngli "Conder" nəzərə çarpır. 5-6 dəqiqədən sonra sahəyə çatırıq. "Tarla gəmisi" sahənin o başından bizə tərəf yaxınlaşır. Fermer M.Qəfərov "Bunker dolub, indi boşaltmağa gələcək", - deyə bildirir. "Axı işığı yanıb-sönmür", - deyirəm. "Kombaynçı lafet qoşulmuş traktorçuya işarə edəndə işığı yandırıb-söndürür. İndi buna ehtiyac yoxdur. Qoşa lafet, gördüyünüz kimi, sahənin kənarında dayanıb onu gözləyir. İndi kombaynçı pambıqyığanı ora sürüb bunkeri boşaldacaq", - deyir və əlavə edir: "Bunu belə edirik ki, işdə fasilə yaranmasın. Lafetlər dolan kimi nəqliyyat traktoru qoşa boş lafeti gətirəcək, yedəyindən açıb qoyacaq, dolan lafetləri isə Qaramanlı kəndindəki tədarük məntəqəsinə aparacaq". 

Fermerlə ağappaq örpəyə bürünmüş sahəyə giririk. O, kolları bir-bir nəzərdən keçirir. "Açılmamış qoza qalmayıb", - deyərək ağ çiçəyə bənzəyən açılmış qozadan bir ləçək çəkib çiyidlərini sayır, doqquza çatanda çöhrəsindəki təbəssüm bir az da çoxalır.  "Deməli, zəhmətimiz hədər getməyib" - deyir.

Mən də onun sevincinə qoşuluram: "Sahənin görünüşü, maşallah, dediyinizi təsdiqləyir". Və sonra soruşuram: "Neçə ildir pambıqçılıqla məşğulsunuz?" Yenə gülümsəyir, ani olaraq fikrə gedib deyir: "Lap çoxdan, uşaqlıqdan desəm, səhv etmərəm. Bir də onu deyə bilərəm ki, özüm və ailəmizdəki digər uşaqlar pambığın çörəyi ilə böyümüşük. Bunu ona görə deyirəm ki, atam Səfər kişi sovetlər zamanında Boyat kəndindəki "1 May" kolxozunda uzun müddət pambıqçılıq briqadiri işləyib. Orden-medallarla təltif olunub. SSRİ Xalq Təsərrüfatı Sərgisinin "Qızıl medal"ını alıb və "Moskviç" minik maşını ilə mükafatlandırılıb. O vaxtlar Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olan İbrahim Qurbanov atamın yaxşı işini, hər il yüksək göstəricilər əldə etdiyini görərək deyib ki, Səfər, gələn il də belə pambıq yetişdirsən, səni Sosialist Əməyi Qəhrəmanı adı almağa təqdim edəcəyik. Lakin ömür vəfa etmir. Atam möhkəm xəstələnir və vəfat edir".

Kombayn bizim dayandığımız yerə gəlib çatır və o biri ləkin kənarında dayanan lafetlərin yanına yol alır. Məsafə çox da uzaq deyil. Biz də pambıqyığan maşının arxasınca gedirik. Kombayn qoşa lafetin yanında dayanan kimi Nüsrət Məmmədov, Novruz Zeynalov və Əkbər Mövlayev cəld lafetlərə qalxırlar. "Conder"in sürücü-mexaniki Bəxtiyar Əliyev idarə etdiyi maşını asta-asta lafetin kənarına verib bunkeri qaldırır. Pambıq yerə dağılmasın deyə o bu işi çox ustalıqla həyata keçirir. Pambıq hissə-hissə lafetlərə axır. Lafetlərədə isə pambığı adlarını çəkdiyimiz işçilər yayaraq ayaqlayırlar. Bunker boşalır. Sürücü-mexanizator B.Əliyev yenidən kombaynı sahəyə sürür. 

Bu vaxt fermer M.Qəfərovun oğlu Səfər də digər qoşa lafeti gətirən traktorla iş üstünə yetişir. Atası ondan işçilərin günorta yeməyini gətirib-gətirmədiyini soruşur. Oğlu "Ata, heç narahat olma, hər şey qaydasındadır" - deyir. Tez bir zamanda traktor boş lafetlərdən açılıb dolu lafetlərə qoşularaq yola salınır. Oğlanın belə operativliyi diqqətimi cəlb edir. Odur ki, fermerdən neçə oğlu olduğunu soruşuram. "Tək bir oğlum var". Sonra əlavə edir: "Dörd qızım da var". Məlum olur ki, qızlarını köçürüb, yeddi nəvə babasıdır. "Bəs neçə oğul nəvən var?" - deyirəm. Gülür: "Zalımın balası gərək evlənə ki, usağı ola da. Artıq 29 yaşı var. Ali təhsilli ekoloqdur. İstəyirdim, dövlət qulluğunda işləsin. Deyir, onda 1000 manat maaş alacağam. Sənə kömək edib öz təsərrüfatımızda çalışsam, ondan qat-qat çox qazanaram. Baxıb görürəm, düz deyir. Təsərrüfatda çalışmağın nəyi pisdir ki? Bir də ki evlənmək məsələsi var. Anası, bacıları, mən özüm çox deyirik. Hələlik bir nəticəsi yoxdur. Yaxından, uzaqdan münasibini tapa bilmirik. İndi qızları da tanımaq olmur. Bir tanışım var. Bir neçə ay əvvəl oğlu üçün bir nəfərin qapısına elçiliyə gediblər. Qız evi oturmağa 3-4 stul tapa bilməyib. Süfrəyə gətirdikləri stəkan-nəlbəkinin hərəsi bir cür olub. Səhəri gün xəbər gəlib ki, qız deyir, oğlanın Bakıda evi olsa, ona gedərəm. Bax zəmanə belə xarab olub. Soruşmaq lazımdır ki, Bakı sənin hansı dərdinə dərmandır?!" 

Söhbəti yenidən təsərrüfat məsələlərinə, pambıqçılığa yönəldirik. Məlum olur ki, Mürsəl Qəfərov bu il 44 hektarda pambıq əkib-becərib. Bunun üçün hələ yanvar ayında "Prime Cotton" MMC-nin Neftçala rayonunun Aşağı Qaramanlı kəndindəki filialı ilə müqavilə bağlayıb. Deyir ki, sağ olsunlar, filialın rəhbərliyi, mütəxəssisləri həmişə onların yanında olub, lazım olan göstəriş və tövsiyələrini veriblər. 6 dəfə cərgələrarası kompleks becərmə aparıb. Kür çayında bu il suyun səviyyəsi yaxşı olduğundan sahələri 2 dəfə suvarıb. 

Əkində qardaş Türkiyədən gətirilən lifsiz "Bəyaz altun" toxum növündən istifadə edib. Səpin zamanı çiyidlə birlikdə torpağın hər hektarına150 kiloqram ammofos gübrəsi verib. Bitkilərin yaxşı inkişaf etməsi, məhsuldar olması üçün hər hektara birinci kultivasiya ilə 200 kiloqram azot, sonrakı becərmə dövründə 200 kiloqram karbamid gübrəsi verib. Bunlardan əlavə, 3 dəfə kökdənkənar yemləmə aparıb. Sovka ilə mübarizə tədbirlərini həyata keçirib.

Pambıqçılıqla məşğul olanlar yaxşı bilirlər ki, becərmə zamanı ən vacib şərtlərdən biri də cərgələr arasında bitən müxtəlif növ alaq otlarının təmizlənməsidir. Lakin bu işin texnika və dərmanlarla tam şəkildə aradan qaldırılması hələ ki mümkün deyil. Buna görə işçi qüvvəsinə ehtiyac bu gün də qalmaqdadır. Becərmə dövründə işçi tapmaq da müşkül məsələlərdən biridir. Fermer Mürsəl Qəfərov bu işin də həlli yolunu tapıb. Bankədən qız-gəlinlərdən ibarət briqada yaradıb. Onların hər birinə gündəlik əməkhaqqı verməklə bərabər, səhər evlərindən sahəyə, işin sonunda sahədən evlərinə xüsusi nəqliyyatla gedib-gəlmələrini təmin edib. 

Bacarıqlı fermer öz işini günün, zamanın tələbləri səviyyəsində qurub. Təsərrüfatı üçün şum, becərmə traktorları, mala və s. texnikalar alıb. Bu da ona bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə görməsinə imkan verməklə yanaşı, məhsulun maya dəyərini də aşağı salıb. 

İndiyədək 44 hektar sahənin 25 hektarının məhsulunu toplayıb. Hamısını da maşınla. Məhsuldarlıq ürəkaçandır - hələlik hər hektardan 50 sentner pambıq götürüb. Sonda bu rəqəmin 54-55 sentner olacağı gözlənilir. 

Onu da qeyd edək ki, Mürsəl Qəfərov ali təhsilli kənd təsərrüfatı işçisidir. 1989-cu ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsini bitirib. Bir müddət kəndlərindəki kolxozda ixtisası üzrə işləyib. Kolxozlar ləğv edilib, torpaqlar paylandıqdan sonra fermer təsərrüfatı yaradıb. Pay torpağını və icarəyə götürdüyü torpaqları əkib-becərməyə başlayıb. Öz ixtisasını da yaddan çıxarmayıb. Təsərrüfatının bir qolu kimi heyvandarlığın inkişafına səy göstərib. Əməyi qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə 2-ci dərəcəli "Əmək ordeni" ilə təltif olunub. 

Belə bir deyim var: "Ataların yolu oğulların yoludur". Bu gün bu missiyanı, bu ailə ənənəsini Nefçala rayonunun Boyat kəndində yaşayan Mürsəl və Səfər Qəfərovlar  davam etdirirlər. Bu, əməklə yoğrulan bolluq, firavanlıq yoludur. 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib  

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!