Yaz fəslində təbiətdə, eləcə də sosial həyatda xüsusi bir canlanma olur. Təbiət yaşıl libasa büründükcə, havalar istiləndikcə insanların istirahət etmək, gəzintidə olmaq, səyahətə çıxmaq istəyi çoxalır.
Bakıda, mavi Xəzərin sahillərindəki istirahət guşələri, sanatoriyalar, çimərliklər, Quba, Qusar, Qax, Balakən, Zaqatala, Lənkəran, Astara, Lerik, Göygöl, Hacıkənd, Daşkəsən, Gədəbəy kimi rayonlar, bu yerlərdə dağlı-dərəli meşəliklər, buz bulaqlar, axar çaylar, yüksək standartlar səviyyəsində yaradılmış istirahət mərkəzləri turizm həvəskarlarına xüsusi zövq verir. Bu sıraya beş il bundan əvvəl Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş Qarabağ bölgəsini də əlavə etsək, ölkəmizdə turizmin coğrafiyasının nə qədər böyük olduğu bir daha göz önündə canlanar. Cıdır düzünü gəzmək, İsa bulağından su içmək, Şuşanı görmək, Şərqi Zəngəzuru ziyarət etmək yerli turizm həvəskarları ilə yanaşı, xarici ölkə vətəndaşlarının da maraq dairəsindədir.
Son illər bu əraziləri ziyarət edənlərin sayı artıb. Bu il Novruz bayramı günlərində Şuşaya səfər edənlərin sayı ötənildəkindən qat-qat çox olub. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan soydaşlarımız Ağdam, Xocalı, Xankəndi, Şuşa marşrutu üzrə işğaldan azad olunan əraziləri ziyarət ediblər. "Yolumuz Qarabağa" portalından qeydiyyatdan keçərək bu ərazilərdə minlərlə insan gəzintidə olub. Onlar sözügedən ərazilərin tarixi, gəzməli-görməli yerləri ilə maraqlanıblar. Şuşa şəhərinin qonaqları buranın müxtəlif çeşidli milli mətbəxindən olan təamlardan da dadıblar.
Bu bölgənin şəhər və kəndlərinə fərdi avtomobillə gələnlərin sayında da çoxluq müşahidə olunub. Məlumata görə, indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, cari ilin yanvarından Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla "Zəfər Yolu" ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə gəzintilərini davam etdiriblər.
Görünən odur ki, yaxın illərdə Azərbaycan turizminin ürəyi bu bölgədə döyünəcək. Bunun üçün müəyyən addımlar da atılır. Təhlükəsizliyin təmin olunması, infrastrukturun yenidən qurulması, habelə turizm sektoru üzrə peşəkar kadr potensialının formalaşdırılması istiqamətində işlər aparılır. Bütün tikililər, "ağıllı kənd" layihələri, yeni evlərin inşası, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı gələcəkdə həmin ərazilərdə qaynar həyatdan, geniş turizm imkanlarının yaranacağından xəbər verir.
Şərqi Zəngəzur və Qarabağ böyük su hövzələri, meşələri, dağları, mənzərəli məkanları ilə zəngindir. Təbii və antropogen resurslarla zəngin olan bu ərazilərdə müxtəlif turizm fəaliyyətlərinin inkişafı üçün olduqca əlverişli şərait mövcuddur. Əvəzsiz təbiət mənzərələri, mineral sular, tarixi-mədəni abidələr, ləziz mətbəx, folklor və sairə amillər turistlərin bu yerləri təkrar görmək istəyini birə-beş artırır. Qarabağ ərazisində milli parkların yaradılması turizm marşrutlarının artırılmasına, bu sahəyə maraqlı olan səyahətçilərin sayının çoxalmasına səbəb olacaq. Azərbaycan Ekoturizm Assosiasiyasının fəalları ötən il bir neçə dəfə bölgədə olublar, doğma yurdda ekoturizm üçün müvafiq işlərin aparılmasına start veriblər.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın hədəf göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrindəndir. Onun əsasında Dövlət Turizm Agentliyində "İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı" təsdiq edilib. İşğaldan azad edilmiş ərazilər üzrə Qarabağ Regional Turizm İdarəsinin, habelə Prezidentin sərəncamı ilə ötən ilin iyun ayında "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması bu sahəyə diqqətin bariz nümunəsidir.
Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi isə turizmin inkişafında yeni qapıların açılması deməkdir. Artıq Şuşa, Xankəndi və Zəngilanda ən müasir hotellərin istifadəyə verilməsi, əlavə zəruri turizm infrastrukturlarının yaradılması istiqamətində işlərin davam etdirilməsi bu bölgənin ən münbit və əlverişli ekoturizm sənayesi mərkəzinə çevrilməsinə güclü zəmin yaratmaqdadır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamında deyildiyi kimi, "Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır". Deyə bilərik ki, ölkəmizdə rəsmi səfərdə olan dövlət başçıları, ictimai-siyasi xadimlər, qonaqlar, eləcə də Azərbaycana gələn turistlər bu hüquqi bazadan yaranan reallıqların, ölkəmizdə yaşayan azsaylı xalqlar da daxil olmaqla, dinindən, dilindən və irqindən asılı olmayaraq bütün insanların qanuni hüquq və azadlıqlarının şahidi olacaqlar.
İstisna deyil ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində ekoloji tədbirlərin təşviqi ilə bağlı xarici qonaqlarda əyani təsəvvür yaratmaq üçün Qarabağ və Şərqi Zəngəzura səfərlər təşkil olunacaq. Azad edilmiş ərazilərə səfər edən xarici qonaqlar bölgənin ekoturizm zənginliyini gördükdən sonra davamlı olaraq bu yerlərə gəlməyə çalışacaqlar.
Rəsmi mənbələrin, eləcə də kütləvi informasiya vasitələrinin açıqlamalarından məlum olduğu kimi, pandemiya dövründən başlayan 3-4 illik azalmadan sonra turizm sektorunda yenidən canlanma müşahidə edilir. Xüsusilə də ərəb ölkələri və körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Son illərdə Azərbaycana dünyanın 180 ölkəsindən turist səfərləri olub. Körfəz ölkələrindən, Avropa İttifaqından, habelə MDB regionundan gələnlərin sayında ötənilki dövrlə müqayisədə artım qeydə alınıb.
Yeri gəlmişkən, ərəb və körfəz ölkələrindən gələn turistlərin tələbatını nəzərə alaraq turizm obyektlərinə "halal hotel" sertifikatı verilib. "Halal hotel" konsepti islam qanunlarına uyğun xidmət göstərən hotellərə aid olur və ziyarətçilərə islam dininin tələblərinə uyğun qida, yaşayış və digər xidmətləri təmin edir.
Turizmdə diqqətçəkən digər məqamlardan biri də ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-fevral-mart aylarında uzaq Asiyadan, xüsusilə də Çindən, Hindistandan, Cənubi Koreyadan, Filippindən Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Ekspertlərin fikrincə, bu, yaz fəslinin sonunda, eləcə də yay aylarında turistlərin sayının dəfələrlə çox olacağına əminlik yaradır. Digər tərəfdən "Konstitusiya və Suverenlik İli" çərçivəsində turizm sektorunda əlavə dalğalanmaların baş verəcəyi və turist axınının sayının 3-4 dəfə çoxalacağı gözlənilir. Sözsüz ki, "Konstitusiya və Suverenlik İli" ölkəmizin tanınmasında, eləcə də onun turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açır və turizmin inkişafına yeni təkan verəcək. Odur ki, turizm agentlikləri günün tələblərinə uyğun olaraq xaricilərin hotellərə yerləşdirilməsi, istirahətlərinin təşkili, paytaxtımızla tanışlıq kimi məsələləri diqqətdə saxlamaq üçün öz infrastrukturlarını və xidmət fəaliyyətlərini hazır vəziyyətə gətiriblər.
"Konstitusiya və Suverenlik İli" Azərbaycana gələn turistlərin Bakı şəhəri ilə yanaşı, bölgəmizin də tarixi-mədəni abidələrini, görməli məkanlarını ziyarət etmələrinə stimul verəcək. Onu da qeyd edək ki, Azərbaycan hökuməti xarici turistlərin ölkəmizə problemsiz gəlişi üçün asan viza rejimi təmin etmişdir.
Təbii ki, respublikamızda insanların sağlamlığına hesablanmış yeni qurulan istirahət məkanları, dövlət tərəfindən edilən güzəştlər turizm sektorunda xərclərin azalmasına və qiymətlərin ucuzlaşmasına imkan yaradacaq.
Rəhman SALMANLI,
"Azərbaycan"