"Le Figaro": "Fransa ordusu Rusiya ilə müharibə üçün yeni xəritələr hazırlayır"
Fransa Silahlı Qüvvələrinin hərbçiləri dəqiq topoqrafik tədqiqatlar aparmaq üçün Rumıniyaya gediblər. Hərbi topoqraflar Rusiya ilə toqquşma olacağı ehtimalını nəzərə alaraq Rumıniyanın Ukrayna və Moldova ilə sərhədinin xəritəsini çəkirlər. Bu barədə "Le Figaro" qəzeti yazır.
Qeyd olunur ki, fransızlar Karpat dağlarının ətəkləri ilə Dunay çayı arasındakı dəhliz olan Fokşani qapısının kartoqrafiyasına xüsusi diqqət yetiriblər. NATO hesab edir ki, bu yer Rusiya ordusu tərəfindən hücum üçün istifadə oluna bilər.
Polkovnik Jeromun ("Le Figaro" qeyd edir ki, təhlükəsizlik baxımından o, yalnız həmsöhbətinin adını çəkir - red.) izah etdiyi kimi, Fransanın NATO müttəfiqləri "ehtimal edilən döyüş meydanı" ilə bağlı yenilənmiş məlumatlara ehtiyac duyurlar. Onun sözlərinə görə, hərbçilər silah sistemlərinin harada yerləşdirilə biləcəyini anlamalı və texnikanın hərəkət marşrutlarını bilməlidirlər.
Fransız hərbi topoqraflarının rumınların dəstəyi ilə apardıqları iş nəticəsində ərazinin yeni üçölçülü xəritəsinin, hərbçilər üçün yararlı infrastruktur obyektlərinin kataloqunun və oriyentirlərin siyahısının hazırlandığı bildirilir.
Bundan əvvəl məlum olub ki, NATO ölkələrinin hərbi hava qüvvələri də Şimal dənizi üzərindəki təlimlər çərçivəsində "Rusiyanın alyans ərazisinə hücumu" ssenarisini həyata keçirib.
"Spiegel" jurnalının məqaləsində yazılır: "Almaniya Hərbi Hava Qüvvələri NATO tərəfdaşları ilə birlikdə Rusiyanın alyansın ərazisinə hücumu ssenarisini həyata keçirmək üçün təlimləri aprelin 11-də başa vurub".
Niderlandın Şimal dənizi sahilində keçirilmiş "Ramstein Flag" təlimləri çərçivəsində müdafiə döyüşündə müttəfiq quru qüvvələrinə dəstək vermək üçün məşqlər edilib. Qeyd olunur ki, bundan əvvəl gündəliyə NATO ərazilərinin hava hücumlarından qorunması və düşmənin hava hücumundan müdafiə mövqelərinin məhv edilməsi üzrə bölmələrin təlimləri də daxil edilib.
Jurnalın məlumatına görə, Almaniya təlimlərə 8 "Eurofighter" qırıcısı göndərib. Ümumilikdə, təlimdə Amerika F-35 təyyarələri də daxil olmaqla, 90-dan çox təyyarə, helikopter və dron iştirak edib.
NATO-nun Müttəfiq Hava Komandanlığının komandanı general Ceyms Hekker deyib ki, təlimlərin məqsədi öyrənilən bacarıqların heç vaxt istifadə edilməməsini təmin etməkdir, lakin alyans "həmişə fövqəladə hallarda onları tətbiq edə biləcəyinə" əmin olmalıdır.
"NATO martın 31-dən aprelin 11-dək Niderlandın şimalında genişmiqyaslı təlimlər keçirib", - deyə məlumatda bildirilir. "Ramstein Flag" əməliyyatında Niderlandla yanaşı, Almaniya, Danimarka və Böyük Britaniya da iştirak edib.
Leuvarden aviabazası NATO təlimlərinin qərargahına çevrilib. Almaniya, Danimarka və Böyük Britaniyanın hava limanları da "Ramstein Flag" əməliyyatına qoşulub.
Ümumilikdə NATO üzvü olan 15 ölkə təlimlərdə xüsusilə pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Alyansa ehtimal olunan hücumların ssenarisini məşq edib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"