24 Avqust 2025 10:01
2327
Mədəniyyət
A- A+
   Tariximizin min ilini geridə qoyan ibadətgah

   Tariximizin min ilini geridə qoyan ibadətgah


  Babalarımızın min illər əvvəl izlərini qoyub getdikləri tarixi abidələr mədəni və dini kimliyimizin şəxsiyyət vəsiqəsidir. Haqqında bəhs etdiyimiz Şamaxı Cümə məscidi - Azərbaycan Respublikasının ərazisində Cənubi Qafqazda Dərbənd Cümə məscidindən (734-cü ildə inşa edilib) sonra inşa edilmiş ən qədim məsciddir.

XIX əsrə kimi tarixi mənbələrdə Şamaxı Cümə məscidinin inşası haqqında  məlumatlar yox idi. Belə izah edilirdi ki, bu tarixi abidənin inşası qrafik və mətn sənədlərinin az olduğu erkən Orta əsrlərə gedib çıxır. Lakin Şamaxının və Dərbəndin tarixini öyrənən tədqiqatçılar araşdırmalarında bir qayda olaraq Cümə məscidinin adını da qeyd ediblər.

Araşdırmaçılar belə qənaətə gəliblər ki, Azərbaycan ərazisində ilk dəfə məscid 743-744-cü illərdə xəlifə Validin qardaşı VIII əsrdə Şirvan və Dağıstanı fəth edərək bu ərazilərdə islamı yaymış Əbu Müslümün hakimiyyəti dövründə inşa olunub. Ehtimal ki, məscidin strukturunun formalaşması Orta əsr Azərbaycanında (XII-XIII əsrlər) mədəniyyət və incəsənətin çiçəklənməsi dövründə tamamlanıb. Məşhur memar Şamil Fətullayev-Fiqarovun Şamaxı Cümə məscidi haqqında qeydlərində oxuyuruq: "Azərbaycan memarlıq tarixində Şamaxı Cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim qurğunun tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır".

1902-ci ildə baş verən zəlzələ Şamaxıda ciddi dağıntılara səbəb olur. Şəhərə xüsusi komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə Şalkuli Qacar daş kitabə üzərinə yazılmış yazıda Cümə məscidinin müsəlman tarixi ilə 123-cü ildə, Miladi təqvimlə 743-cü ildə inşa edilməsini ortaya çıxarmışdı.

Şamaxı Cümə məscidi tarixin ən amansız qətliamlarına şahidlik etmiş qədim abidədir. Səlcuqların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123-cü ildən başlayaraq, gürcülərin talançı basqınlarından müdafiə məqsədilə, yardım üçün səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət edirlər. O yazır ki, həmin vaxt onlar Şamaxı şəhərinə hücum edərək "məscidi dağıtmışlar, minarəni uçurmuşlar və şəhərdə quldurluq edirmişlər".

Cümə məscidi ilk dəfə XII əsrin sonunda rekonstruksiya olunub. Məscidin ikinci rekonstruksiyası XVII əsrdə Səfəvilərin dövrünə təsadüf edir. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi bu məscidi vilayətin ən böyük ibadət ocaqlarından biri adlandırır. 1859-cu il Şamaxı zəlzələsindən sonra şəhərin məhəllələrinin, o cümlədən memarlıq abidələrinin bərpasına Qasım bəy Hacıbababəyov rəhbərlik edir.

XX əsrdə Cümə məscidi Şamaxının planlaşdırılmasında və tikintisində tarixi abidə kimi Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olub. Bunu general-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktub da təsdiq edir.

1903-cü ilin oktyabrında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə komitə təşkil olunur. Komitə qarşısında əsrlər boyu Şirvanın mövcudluğunun və böyüklüyünün simvolu olan yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə dururdu.

Məscidin inşası üzrə komitə Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova Cümə məscidinin yeni binası üçün layihə hazırlamaq tapşırılır. O, həm də dağıdılmış binanın cizgilərini saxlamalı və qismən də olsa binanın qalan hissələrindən istifadə etməli idi. Zivər bəy inşaat işlərinə başlayır, kürsülük daşı qoyulur, mərkəzi mehrabın arxa divarı qismən tikilir. Lakin yan divarların inşası davam edərkən memar və komitə arasında narazılıq baş verir. İnşaat işləri dayandırılır və Əhmədbəyov tikintini tərk edir. Komitə məscidin layihələşdirilməsini davam etdirmək xahişi ilə İosif Ploşkoya müraciət edir. Ploşko Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq özünün memarlıq həllinin variantını təklif edir.

Müxtəlif Avropa və tarixi üslublardan istifadə edərək layihələr yaratmağa adət etmiş İ.Ploşko üçün bu, adi bina deyildi. Məscidin layihəsini tərtib etməzdən əvvəl o, bir daha Bakı və Şamaxının tikililəri ilə tanış olmağa, Şirvanşahlar Saray Kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirir. İ.Ploşko 1909-cu ildə məscidin inşası üzrə komitəyə ustalıqla hazırlanmış layihə təqdim edir. Layihədə dini tikili islamın memarlıq obrazlarında öz bədii təcəssümünü tapmışdı.

Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə "Daşnaksütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlayır və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi zədələnir. Bakıda yaşayan şamaxılıların general Tomsona verdikləri məlumata görə, şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır.

2009-cu ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı Cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, 2010-cu ildə məscid kompleksi ərazisində bərpa işlərinə start verilib. Bərpa işləri Azərbaycanın "A+A Kampaniyalar Qrupu" tərəfindən həyata keçirilib. Bərpa işləri görülərkən divar yazılarının bərpası üçün İrandan xüsusi mütəxəssislər dəvət olunub. Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsi əsas götürülərək 1918-ci ildə törədilmiş yanğından sonra məscidin qorunmuş bütün hissələri saxlanılaraq orqanik şəkildə kompleksə əlavə edilib. Bərpa işləri zamanı məscidin həyətində aşkarlanmış mədrəsə binası, hücrələrin və qəbir abidələrinin ilkin görünüşü saxlanılıb. Ümumilikdə restavrasiya prosesi zamanı Şirvan-Abşeron memarlıq məktəbinin inşaat ənənələrinin qorunmasına diqqət yetirilib.

Restavrasiya zamanı məscidin ortada yerləşən böyük və kənarlarda yerləşən kiçik gümbəzləri yenidən qurulmuş və nəfis naxışlarla bəzədilmişdir. Məscidin orta zalı milli interyer üslubunda bərpa edilmişdir və hazırda bu zalda 1500 nəfər eyni vaxtda namaz qıla bilir. Kompleks ərazisində iki hovuz və altı qalereya inşa edilmişdir. Yeni inşa edilmiş ikimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məscid kompleksi ərazisində 250 nəfər üçün nəzərdə tutulmuş 520 kvadratmetr ərazisi olan mərasim zalı və mətbəx də fəaliyyət göstərir. Kompleksə zəngin invertara malik kitabxana da daxildir.

17 may 2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı Cümə məscidi yenidən istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman dövlətlərinin ölkəmizdəki səfirləri və digər dinlərin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!