Azərbaycan Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra həyata keçirilən radikal islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin qurulmasını zərurətə çevirdi və maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış, mütərəqqi forması olan auditin (auditor xidmətinin) tətbiqi həyati tələbata döndü.
Məhz bundan sonra Azərbaycan Respublikasında beynəlxalq meyarlara uyğun müstəqil audit sisteminin bərqərar olması istiqamətində də mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi aktlar, o cümlədən 1994-cü il sentyabrın 16-da "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Neçə illər sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tamamilə haqlı olaraq ölkədə milli auditin təşəkkülü və inkişafı üçün hüquqi baza olan "Auditor xidməti haqqında" Qanunun qəbul edilməsini "Ümummilli Liderimiz Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasında və bazar infrastrukturları sistemində auditə verdiyi qiymətin parlaq təzahürü" kimi dəyərləndirərək, Azərbaycanda auditor xidmətinin iqtisadi siyasətin aparılmasında mühüm rol oynadığını qeyd etmişdir.
Həqiqətən də, "Auditor xidməti haqqında" qanunun qəbul olunması Ümummilli Liderimiz Heydər Əliyevin demokratik dünya dəyərlərinə sədaqətinin, bazar iqtisadi infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürü idi.
"Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının ötən dövr ərzində məqsədyönlü fəaliyyəti sayəsində milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərinin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, maliyyə hesabatlılığının təkmilləşdirilməsində, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli artmışdır. Bu istiqamətdə əldə edilən uğurları Prezident İlham Əliyev belə dəyərləndirmişdir: "Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır".
Ölkə Prezidentinin göstərişlərini rəhbər tutaraq, audit sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində Auditorlar Palatasının beynəlxalq əlaqələrinin coğrafiyası və əhatə dairəsi kifayət qədər genişlənmiş, beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Azərbaycan auditorlarının iştirakı intensiv xarakter almış və audit sahəsində xarici ölkələrin iş təcrübəsinin öyrənilməsi, müvafiq ədəbiyyatın və digər yardımçı materialların çap edilərək hazırlanması, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün möhkəm zəmin yaradılmışdır. Məhz bunun nəticəsidir ki, Auditorlar Palatası 40-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamış və bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFFA), Mühasiblərin və Auditorların "Avrasiya" Beynəlxalq Regional Federasiyası kimi nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tamhüquqlu üzv qəbul olunmuşdur. Bu sahədə görülən işlər son illərdə daha geniş vüsət almaqdadır.
Ötən illər ərzində Azərbaycan auditorları ölkə Prezidenti tərəfindən daim diqqət və dəstək görmüşlər.
Belə ki, Azərbaycan auditorları Prezident İlham Əliyevin "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun Ulu Öndər tərəfindən imzalanmasının 10 illiyi ilə əlaqədar keçirilən "Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri" beynəlxalq elmi-praktik konfransının iştirakçılarına 2004-cü il 14 sentyabr tarixində, Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə 2006-cı il 4 aprel tarixində, Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə 2016-cı il 4 aprel tarixində Auditorlar Palatasının təşkilatçılığı ilə keçirilən "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına 2017-ci il 22 sentyabr tarixində və "Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər və vəzifələr" mövzusunda elmi-praktik konfransın iştirakçılarına 2021-ci il 15 sentyabr tarixində ünvanladığı təbrik məktublarından irəli gələn proqram xarakterli vəzifələrin icrası Azərbaycan auditorlarına öz fəaliyyətlərini ölkəmizdə şəffaflığın təmin edilməsinə və daha da artırılmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına, maliyyə və vergi intizamının gücləndirilməsinə, yeni dövrün çağırışlarına və "yaşıl iqtisadiyyat"ın tələblərinə uyğun olaraq yenidən qurulmasına zəmin yaratmışdır.
Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi, iqtisadi və sosial sahədə rəqəmsallaşma və süni intellektin tətbiqi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Auditorlar Palatasının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr, 2016-cı il 4 aprel və 2021-ci il 15 aprel tarixli sərəncamları ilə ölkədə auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası əməkdaşlarının və üzvlərinin bir qrupu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul edilmiş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, dayanıqlı inkişafın bərqərar olunması, maliyyə hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən dövlət proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Ötən dövr ərzində Auditorlar Palatası 10-a yaxın dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin maliyyə nəzarəti siyasətinin əsasını təşkil edən auditin tənzimlənməsinin Azərbaycan modeli xarici peşəkar qurumlar tərəfindən tanınmış və tənzimlənmənin peşəkar orqana həvalə edilməsi yolu ilə müstəqilliyin təmin olunması beynəlxalq audit praktikası üçün böyük maraq kəsb etməkdədir.
Məsələn, bir neçə il əvvəl Belarus Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndə heyəti üç gün ərzində Azərbaycan Respublikasının Auditorlar Palatasında olmuşdur. Səfərin məqsədi Belarus Respublikasında Auditorlar Palatasının yaradılması üçün zəngin audit təcrübəsinə malik Azərbaycan Respublikasının təcrübəsini öyrənmək, bu sahədə görülən genişmiqyaslı işlər barədə məlumat əldə etmək və məsləhətləşmələr aparmaqdan ibarət olmuşdur. Qeyd etmək yerinə düşər ki, Belarus Auditorlar Palatasının funksiya və vəzifələrinin yerinə yetirilməsində zəruri olan 50-dək təlimat, tövsiyə, metodik göstəriş, qayda, sahəvi audit proqramı və digər sənədlər qonaqlara təqdim edilmişdir.
Auditor xidmətinin hüquqi bazasının təkmilləşdirilməsi də möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzində olan məsələlərdəndir. MDB ölkələri arasında birinci olaraq Azərbaycanda daxili auditor fəaliyyətinin həyata keçirilməsi qanunvericiliklə hüquqi təsbitini tapmışdır. "Daxili audit haqqında" Qanun Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə strategiyasının hüquqi təməlində özünəməxsus yer tutmaqla, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına da əvəzedilməz bir töhfədir.
İlkin layihəsi Auditorlar Palatası tərəfindən hazırlanmış başqa bir qanun - Azərbaycan Respublikasında auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyən, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirən "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" 2007-ci il 22 may tarixli qanun da bilavasitə dövlətimizin başçısının qanunvericilik təşəbbüsünün nəticəsi, auditorun əməyinə verdiyi yüksək qiymətin ifadəsidir.
"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu auditorların və təsərrüfat subyektlərinin hüquqi müdafiəsinin artırılması, həmçinin auditin aparılması ilə əlaqədar baş verə biləcək istənilən sığorta hadisəsi zamanı təsərrüfat subyektinə dəyən zərərin ödənilməsi üçün münbit şəraitin yaradılmasının təmin edilməsini nəzərdə tutur.
Ümumiyyətlə isə Azərbaycanda auditə dövlət qayğısının əsasında ölkə Prezidentinin auditə verdiyi önəm durur. Bu mənada dövlət başçısı İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq istərdim: "Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəffaflığın daha da artırılması və iqtisadi sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə "Biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir" göstərişini rəhbər tutaraq Auditorlar Palatası və onun üzvləri iqtisadi islahatların indiki mərhələsində hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində qabaqcıl korporativ idarəetmə metodlarının tətbiqi və yeni dövrün çağırışları nəzərə alınmaqla audit sistemini yenidən qurmaq məqsədilə müəssisələrdə fəaliyyət göstərən audit komitələrinin təsirliliyini artırmaq, daxili audit qurumlarının fəaliyyətini gücləndirmək üzrə mövcud problemlərin həllinə yönəlmiş kompleks tədbirlərin hazırlanmasında və həyata keçirilməsində birgə çalışırlar.
Auditorlar Palatasının ötən illərdə əldə etdiyi uğurları ilə bərabər qarşımızda icrası vacib hesab edilən perspektivləri də mövcuddur. Belə ki, qeyd etdiyimiz kimi, Palata tərəfindən hazırlanmış 2021-2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf konsepsiyası özündə auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditə ictimai etimadın yüksəldilməsi, qabaqcıl xarici təcrübənin daha geniş tətbiqi, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi, auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, auditor fəaliyyətində şəffaflığın artırılmasını, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf etdirilməsi, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxşılaşdırılması istiqamətlərini özündə cəmləşdirir.
Bu konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir.
Konsepsiyada ehtiva olunan əsas istiqamətlərin reallaşdırılması ölkənin qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri tənzimləyici aktların işlənib hazırlanması və nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə, informasiya təminatı üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə nəzərdə tutulur.
Heydər Əliyevin dövlətə qayıdışından sonra ölkədə hüquqi əsasların möhkəmləndirilməsi, idarəetmənin sabitləşdirilməsi və konstitusiya əsasında müasir dövlət quruculuğunun əsasları formalaşdırıldı. Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 28 dekabr tarixli sərəncamında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Bu mənada aparılan təhlillər Konstitusiya və audit arasında sıx əlaqənin mövcudluğuna dəlalət edir. Belə ki, maliyyə vəsaitlərinin düzgün və şəffaf idarə olunmasına, həmçinin özəl sektorun düzgün hesabatlılığına görə nəzarət konstitusiya ilə təsbit edilmiş bir hüquqdursa, audit bu hüququn həyata keçirilməsində mühüm bir vasitədir. Konstitusiya maliyyə qanunvericiliyinin, o cümlədən müstəqil auditin qanunvericilik bazasının formalaşmasına əsas yaradır.
Eyni zamanda Konstitusiya dövlət büdcəsinin xərclərinin şəffaf idarə olunmasını tələb etməklə bərabər, maliyyə vəsaitlərinin ifadəsinə nəzarət edən qurumların səlahiyyətlərini, habelə nəzarət qurumlarının müstəqilliyini və fəaliyyət çərçivəsini müəyyənləşdirir.
Konstitusiya dövlət gəlirlərinin və xərclərinin düzgünlüyünü təmin etmək üçün audit sistemini tələb etməklə bərabər, özəl sektorda maliyyə sisteminin dürüstlüyünü qorumaq üçün müstəqil auditin tətbiq olunmasını dəstəkləyir.
Müstəqil auditorlar dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarət edə bilməklə bərabər, dövlət hüququnun prinsiplərinə uyğun olaraq, müstəqil audit korrupsiyanın qarşısının alınmasına və dövlət orqanlarının hesabatlılığının artırılmasına kömək edir. Başqa sözlə, Konstitusiya dövlət orqanlarının fəaliyyətlərinə nəzarət edilməsi və müstəqil auditin həyata keçirilməsi üçün əsaslar təmin edir.
Lakin audit qanunla təsdiq edilən tələblərə uyğun fəaliyyət göstərməlidir. Nəzərə alsaq ki, konstitusiya maliyyə resurslarının düzgün idarə olunmasını və dövlətin maliyyə təhlükəsizliyinin qorunmasını təmin edir, onda auditin maliyyə sisteminin effektivliyini və təhlükəsizliyini yoxlamağa kömək etməklə bu sahədə mühüm rol oynadığı qənaətinə gələ bilərik.
Konstitusiyada təsbit olunmuş ictimai, siyasi nəzarət və iqtisadi cinayətə qarşı mübarizə sahəsində mühüm rol oynamaqla, audit, bu nəzarəti həyata keçirmək və iqtisadi cinayətkarlıqla mübarizə aparmaq üçün vacib bir vasitədir.
Müstəqil audit özəl sektorda müəssisələrin maliyyə hesabatlarının düzgünlüyünü və şəffaflığını təmin edərək həm daxili idarəetmə, həm də kənar maraqlı tərəflər üçün etibarlı məlumatların təqdim edilməsinə xidmət edir.
Konstitusiya və müstəqil audit arasında dinamik və dialektik əlaqənin mövcudluğuna bunlar da dəlalət edə bilər ki, müstəqil auditorlar, müəssisənin maliyyə hesabatlarının beynəlxalq standartlara və mövcud qanunvericiliyə uyğunluğunu yoxlayır, bu da səhmdarlar, investorlar və kreditorlar üçün etibarlı məlumat təmin edir.
Auditor rəyləri müəssisənin şəffaf fəaliyyət göstərdiyini nümayiş etdirərək ictimaiyyətin və bazar iştirakçılarının etimadını artırır.
Müstəqil audit, maliyyə və vergi intizamının gücləndirilməsinə, vəsaitlərin təyinatına uyğun istifadəsinə və korrupsiya hallarının aşkarlanmasına kömək edir.
Auditin Konstitusiyanın reallaşması və demokratiyanın gücləndirilməsindəki əsas faydaları da diqqət çəkir.
Audit dövlət vəsaitlərinin Konstitusiyanın təyin etdiyi ədalət, bərabərlik və səmərəlilik prinsipləri ilə uyğun olmasını təmin edir. Audit vətəndaşlara hökuməti dövlət vəsaitlərini effektiv şəkildə istifadə etdiyinə inam yaradır. Bu etimad demokratiyanın qorunması üçün vacibdir.
Unudulmamalıdır ki, icraedici orqanın nəzarət altında saxladığı dövlət proqramları və xərcləri üzərində nəzarət auditin nəticələrinə əsaslanır.
Vətəndaşların iştirakının gücləndirilməsi kimi vacib məsələdə audit vətəndaşlara resurslardan necə istifadə olunduğunu anlamağa kömək edir və onları hökumətin fəaliyyətini qiymətləndirməyə təşviq edir.
Auditorlar Palatasının arxada qalmış illərdə fəaliyyətinə fikrən nəzər saldıqda, ölkə auditorlarının və audit mütəxəssislərinin, bütövlükdə isə Auditorlar Palatası əməkdaşlarının və üzvlərinin "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin də öhdəsindən ləyaqətlə gələcəyinə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qətiyyətlə, ardıcıllıqla və uğurla davam etdirdiyi yeni Azərbaycan quruculuğu strategiyasının reallaşdırılmasına şəxsi töhfələrini verəcəklərinə əminik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi: "...Əminəm ki, Auditorlar Palatası bundan sonra da özünün səmərəli fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin inkişaf və tərəqqisinə, şəffaflığın təmin edilməsinə və daha da artırılmasına öz töhfəsini verəcəkdir".
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor
Afiqə BAYRAMOVA,
Azərbaycan Respublikası Auditorlar Palatasının Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəis müavini