Xankəndidə keçirilən unudulmaz Zəfər paradı dünya üçün tutarlı bir dərs olmaqla qatil, qaniçən düşmənlərimizə və onların havadarlarına əsl gözdağı oldu. Bununla da 200 il davam edən erməni təcavüzünə, erməni vəhşiliyinə son qoyuldu.
Antiterror tədbirləri zamanı fədakarlıqla döyüşüb şəhid olmuş igidlərimizdən 6 nəfəri Kürdəmir rayonunun yetirməsidir. Yazıda onlardan 3-ü haqqında söz açacağıq.
Əliyev Toğrul İlyas oğlu 17 aprel 1995-ci ildə rayonun Muğanlı kəndində anadan olub. Kənd məktəbində təhsil aldıqdan sonra Kürdəmirdəki texniki peşə məktəbində oxuyub. Hərbi xidmətini başa vuraraq Azərbaycan Ordusunun təlim mərkəzindəki müddətdən artıq xidmət kursuna qəbul olunub, burada hərbi biliklərə və döyüş taktikasına yiyələnib.
Toğrul hərbi xidmət sahəsində fəaliyyət göstərməyi özü üçün daimi peşə yolu seçmişdi. Ona görə də könüllü olaraq Komando briqadasına yazılmış və antiterror tədbirləri başlananda öndə gedən döyüşlərdə iştirak etmişdir.
Bunu döyüş yoldaşlarından eşitmişik: "Toğrul həmişə deyirdi ki, biz ancaq irəli getməliyik, geridə qalmağa heç birimizin haqqı yoxdur. Biz necə olur-olsun düşmənlərin ayağını torpaqlarımızdan birdəfəlik kəsməliyik ki, onlar bir də nə vaxtsa baş qaldıra bilməsinlər. Elə etməliyik ki, bizdən sonra övladlarımız əziyyət çəkməsinlər".
Döyüş yoldaşları deyir ki, Toğrul olduqca mərd, cəsur, xüsusilə də ölümlə qarşılaşanda soyuqqanlı idi: "Bədəncə nisbətən zəif olmasına baxmayaraq, çox dözümlü idi. İdmançılara xas olan xarakteri vardı. Qorxu nə olduğunu bilmirdi. O, axıra qədər döyüşdü, qələbəyə az qalmış şəhid oldu".
Toğrul Xocavənd, Xankəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. Özündən sonra vətən üçün 3 oğul - gələcəyin 3 əsgərini yadigar qoyub getdi.
Toğrul Qızılgül ananın gözünün ağı-qarası bircə övladı idi. Ana onun haqqında ürəkdolusu danışır, qəlbində yaşatdığı xatirələri yada salır, oğlunun uşaq yaşlarından zəhmətsevər olduğundan, narçılıq təsərrüfatında çalışdığından danışır. Deyir ki, oğlu ağlı kəsəndən, əli iş tutandan torpağa, əkin-biçinə, bağ-bağata həvəs göstərib, işgüzar olub.
Əhmədov Vüsal İlqar oğlu 24 yanvar 1993-cü ildə Qarasu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. Azərbaycan Ordusunun təlim-tədris mərkəzində müddətdən artıq xidmət kursunu bitirərək yenidən hərbi xidmətə başlayıb və 2022-ci ilin sentyabr döyüşlərində iştirak edib.
Həyatını hərbi xidmətə bağlayan Vüsal bu il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində də ən fəal döyüşçülərdən biri olub və Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Vüsalla eyni bölükdə xidmət etmiş kəşfiyyat qrupunun komandiri gizir Sakit Aslanov döyüş yoldaşı haqqında fəxrlə, ağızdolusu danışdı. Dedi ki, bir xeyli müddət Vüsalla bir yerdə xidmət etmişik, birlikdə döyüşmüşük. Vüsal ən çətin, ən təhlükəli kəşfiyyat və döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi fədakarlıq göstərirdi. O, çox ləyaqətli, dosta, yoldaşa sadiq, vətənpərvər bir insan idi. Nümunəvi hərbi xidmətinə görə 2 dəfə fəxri fərmanla təltif olunmuşdu.
Atası deyir ki, Vüsal çox ağıllı, zirək, qətiyyətli uşaq idi: "Zəhmətə uşaq yaşlarından alışmışdı. Elə o vaxtdan mənim yaxın köməkçim olmuşdu. Diqqətindən heç nə yayınmazdı. Həyət-bacada, bağ-bağatda bir iş görəndə həmişə yanımda olurdu. Uşaq da olsa, mənə ağıllı məsləhətlər verirdi".
Vüsalın yaşyarımlıq bir oğul övladı var. Atası dedi ki, uşağı tez-tez Vüsalın əkdiyi meyvə ağaclarının yanına aparıb orada gəzdirirəm: "Uşaq ləhcəsi ilə ona başa salıram ki, bu ağacları ata sənin üçün əkib. O da ağaclara əl vura-vura "ata-ata" deyib, dili dolaşa-dolaşa mənim sözlərimi təkrarlayır".
Vüsal şəhadətə qovuşsa da, əvəzində bu ailədə Eşqin adlı bir oğlan uşağı, gələcəyin bir mərd əsgəri böyüyür.
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə Məhərrəmli kəndində anadan olub. Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsindəki 64 nömrəli orta məktəbdə oxuyub. Sonra Kürdəmirdəki texniki peşə məktəbini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunun təlim-tədris mərkəzindəki müddətdən artıq hərbi xidmət kursunda oxuyub. Sonra Komando briqadasına yazılıb və ön cəbhəyə yollanıb. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində fədakarlıqla döyüşərək şəhid olub.
Atası deyir ki, Şahid çox sakit, mehriban, ata-ana qədri bilən, sözeşidən, ümumiyyətlə, yaxşı mənada qeyri-adi xasiyyətli bir gənc idi.
Söhbət etdiyimiz şəhid valideyinlərinin hamısı eyni sözü deyirdilər: "Düzdür, övladlarımızın itkisi bizim üçün çox ağırdır. Bu itki nə qədər ağır, nə qədər çətin olsa da, təsəlli tapırıq ki, övladlarımız vətən, xalqımızın əmin-amanlığı yolunda canlarını qurban verib şəhid olublar. Bizi səbirli, təmkinli, dözümlü olmağa vadar edən də budur".
Tofiq ABDULLAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü